
İxtisasın təsviri
Turizm işinin təşkili ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. Turizm işinin təşkili ixtisasının əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uyğun nəzəri və praktiki biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhlil etmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. Bundan əlavə, bu ixtisas sahibləri hazır məhsulun reklamı ilə məşğul olur, turizm agentlikləri ilə turizm məhsullarının satışına dair müqavilələr bağlayır. Bu ixtisas üzrə məzun olmuş şəxslər tur operatorlar, tur menecerlər, turizm tədqiqatçıları adlanırlar. Hal hazırda istirahət və əyləncə sənayesində ən çox axtarılan peşələrdən biridir.
Peşənin tarixi
Azərbaycanda Turizm sahəsi üzrə ali səviyyədə kadr hazırlayan ilk fakültə BDU universitetinin Cografiya fakültəsi olmuşdur. Bu sahə üzrə ixtisaslaşan Azərbaycan Turizm və Menecment Universitetinin əsası isə 2006-cı ildə qoyulmuşdur.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
- Xarici və daxili, fərdi və qrup turlarının təşkili;
- Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması;
- Səyahət sığortasının yazılması;
- Mövsümə uyğun turların analiz edilib hazırlanması;
- Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi;
- Gündəlik və aylıq satış hesabatlarının hazırlanıb, rəhbərliyə təqdim edilməsi;
- Aviabiletlerlə bağlı əməliyyatlar( yazılması, dəyişdirilməsi);
- Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflərin hazırlanması;
- Mehmanxanada işçilərinin, menecerlərin rəhberliyi altında səmərəli fəaliyyətini təmin etmək;
- Müştərilərə göstərilən xidmətlərin keyfiyyətinə nəzarət;
Harada bu ixtisasa sahiblənmək olar (universitet ya kursların adları)
Turizm işinin təşkili ixtisası Nazirlər Kabinetinin 2019-cu il 15 sentyabr tarixli yeni təsdiq olunmuş ixtisas təsnifatına əsasən yeni yaradılmışdır. Bu səbəbdən ixtisasın tədris olunacağı ali və peşə ixtisası müəssisələrinin siyahısı barədə məlumat hələlik açıqlanmayıb.
Bu ixtisas üzrə harada çalışmaq olar
Turizm işinin təşkili ixtisasını bitirənlər:
- Ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində;
- Turizm şirkətlərində, beynəlxalq turizm təşkilatlarında;
- Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və s.kimi uyğun təyinatlı dövlət qurumlarında çalışa bilərlər.
Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?
Turizm işinin təşkili sahəsində çalışanlar:
- Minimum bir xarici dildə (əsasən ingilis və ya rus ) səlis ünsiyyət qurmağı bacarmalıdır;
- Gülərüz və nəzakətli olmaq;
- Təşkilatçılıq bacarıqlarının olması;
- Yüksək ünsiyyət bacarıqları;
- Stressli davamlı, dini və mədəni baxımdan tolerant olmaq;
- Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
- Ölkənin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmaq;
- Sahə üzrə istifadə olunan bronlaşdırma proqramlarını ( Bu sahədə ən geniş istifadə edilən proqram Amadeus proqramıdır. Bu proqramın sertifikatını almaq bu baxımdan üstünlük hesab edilir) istifadə etməyi bacarmaq.
- Çox sayda məlumatla işləmək bacarığı;
- Detallara diqqət yetirməyi bacarmaq;
Bu sahənin gələcəyi
Hal – hazırda turizm bir çox ölkələrin büdcələrinin gəlirlərinin əsas hissəsini təşkil edir. Azərbaycanda turizm neft sektorundan sonra ikinci əsas prioritet sahələrdən hesab olunur. Mütəxəssislərin hesablamalarına görə, 2023 – cü ilə qədər ölkədə turizm işçilərinə olan tələbat 75.000 nəfərdən çox olacaq.
Bu ixtisas üzrə maaşlar
İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı şirkətdən asılı olaraq dəyişir.
300-1000 AZN