Tərcümə

Bugün mən sizə tərcümə ixtisası haqqında danışmaq istəyirəm. Tərcümə fikrin bir dildən digər dilə eyni məzmunda tərcümə edilməsidir. Düzdür, çox yayılmış bir ixtisas olmasa da, bir o qədər gəlirli və savadlı kadra çox ehtiyac duyulan bir sahədir. Növlərindən asılı olaraq tərcümə cəldlik, dəqiqlik və natiqlik tələb edir. Tərcümənin 2 növü var: yazılı və şifahi tərcümə. Şifahi tərcümənin özü də 2 yerə bölünür: ardıcıl və sinxron. Şifahi tərcümə fikrin şifahi şəkildə tərcümə edilməsidir. Ardıcıl tərcümə isə 1 abzasın və yaxud nitqin bölünən hissələrinin tərcüməsidir. Sinxron tərcümə isə natiqlə tərcüməçinin eyni zamanda işləməsidir. Yəni natiq danışdığı müddətdə tərcüməçi də dayanmadan onun dediklərini tərcümə edir. Sinxron tərcümə şifahi tərcümənin ən çətin növüdür. Yazılı tərcümə isə məzmunun yazılı şəkildə tərcümə edilməsidir.

Bu sahədə uğurlu olmaq üçün ilk növbədə tərcüməçi özünü siyasət, iqtisadiyyat, hüquq sahələrində inkişaf etdirməli və dövrün ən aktual mövzuları ilə tanış olmalıdır. Tərcümə etdiyi dilin və yaxud dillərin strukturuna, formalarına, necə işlənməsinə bələd olmalıdır. Eyni zamanda müxtəlif beynəlxalq tədbirlərə qatılaraq təcrübəsini daha da artıra bilər.

Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün, daha peşəkar tərcüməçi olmaq üçün ,ilk növbədə, öz üzərində çalışmalıdır. Öz üzərində çalışmaq dedikdə, yəni hər hansısa göndərilmiş mətni tərcümə etməzdən əvvəl, özü həvəskar olaraq istənilən sahədə mətnləri, nitqləri, əsərləri tərcümə edə bilər. Həmin tərcümədə öz səhvlərini taparaq və başa düşərək zaman keçdikcə bir daha onları etməməyə səy göstərəcək.

Xaricdə təhsilə gəldikdə isə təbii ki, çox yayılmış sahə olmadığına görə, bir o qədər təhsil genişliyi də yoxdur. Yəni istənilən universitetdə bu sahə üzrə oxumaq olmaz. Yalnız müəyyən qədər universitetlər var ki, bu ixtisası tədris edirlər. Demək olar ki, bunlar da ən yaxşı tədris edən universitetlər olur. Yaxşı təqaüdlə və yaxşı seçimlə çox ixtisaslaşmış və savadlı kadr olmaq olar.

Karyera planlamasına bayaq dediyim kimi həvəskar tərcümələr edərək başlamaq lazımdır. Müxtəlif şirkətlərdə təcrübəçi- tərcüməçi kimi proqramlara qatılmaq olar. Daha sonra öz istiqamətini seçərək istər yalnız, istərsə də hər hansısa şirkətin tərcüməçisi olaraq işləmək olar.

İlk işi tapmaq üçün ilk növbədə gərək insan öz təcrübəsini ətrafındakılara göstərə bilsin və  iş təklifləri də zamanla təcrübəyə əsasən gəlməyə başlayacaq. Və ən əsası tərcümə elə bir sahədir ki, gərək çox dəqiq olsun. Hər hansısa bir məlumatın səhv tərcümə olunması böyük problemlərə səbəb ola bilər. Tərcüməçi kimi çalışmaq istəyən şəxs gərək işində çox dəqiq və məsuliyyətli olsun.

Sizə tərcümə sənəti haqqında nələrisə izah edə bildimsə, nə xoş mənə.

Əliyeva Məlahət

Azərbaycan Dillər Universiteti ,İspan dili tərcümə ixtisası, II kurs tələbəsi

Şərh bildir