Aviasiya təhlükəsizliyi mühəndisliyi ixtisası

Aviasiya təhlükəsizliyi mühəndisliyi ixtisası

Aviasiya təhlükəsizliyi mühəndisliyi ixtisası

İxtisasın təsviri

050603 – Aviasiya təhlükəsizliyi mühəndisliyi ixtisası Azərbaycan Respublikasının beynəlxalq və yerli hava limanlarında, aviaşirkətlərdə, aerodromlarda, heliportlarda aviasiya təhlükəsizliyi sisteminin təşkili və idarə olunması üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.

Bu ixtisas çərçivəsində bakalavr hazırlığı üç istiqamətdə – aviasiya təhlükəsizliyi, profaylinq , qəza-xilasetmə və axtarış işlərinin təşkili üzrə aparılır.

050603 – Aviasiya təhlükəsizliyi mühəndisliyi ixtisasının təhsil proqramı aviasiya təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA), Avropa Mülki Aviasiya Konfransının (ECAC) beynəlxalq standartlarına və tövsiyə etdikləri təcrübəyə uyğun olaraq hazırlanmışdır.

050603 – Aviasiya təhlükəsizliyi mühəndisliyi ixtisasının tələbələri mənimsədikləri biliklər və yiyələndikləri praktiki vərdişlər nəticəsində bu sahədə risklərin idarə olunması, aviasiya təhlükəsizliyi üzrə preventiv tədbirlərin işlənib hazırlanması, təşkili və tətbiqi, qanunsuz müdaxilə aktları və digər fövqəladə halların idarə olunması sahəsində yüksək ixtisaslı mütəxəssislər kimi formalaşırlar.

İxtisasın tarixi

   Milli Aviasiya Akademiyasının Aviasiya təhlükəsizliyi kafedrasının tərkibində 2000-ci ildə “Aviasiya təhlükəsizliyinin təşkili mühəndisliyi”, 2001-ci ildə isə “Qəza-xilasetmə və axtarış işlərinin təşkili mühəndisliyi” ixtisasları yaradılmışdır. 2009-2010-cu tədris ilindən hər iki ixtisas “Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi” ixtisası adı altında birləşdirilmişdir. 2020-2021-ci tədris ilindən isə 050603 – Aviasiya təhlükəsizliyi mühəndisliyi ixtisasına tələbə qəbulu aparılır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  Aviasiya təhlükəsizliyi sisteminin idarə olunması, o cümlədən preventiv mühəndis həllərin və tədbirlərin işlənməsi, qanunsuz müdaxilə aktları ilə əlaqədar böhran şəraitinin, aviasiya hadisələri ilə əlaqədar fövqəladə halların idarə olunması istiqamətində müvafiq peşə fəaliyyətləri ilə məşğul ola bilərlər.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Milli Aviasiya Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar ?

050603 – Aviasiya təhlükəsizliyi mühəndisliyi ixtisasının Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində yerli və beynəlxalq aeroportlarda, mülki aerodromlarda (heliportlarda) və aviaşirkətlərdə, həmçinin təhlükəsizlik və fövqəladə halların idarə olunması ilə məşğul olan digər dövlət orqanlarında, müəssisələrində, təşkilatlarında və özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışmaq imkanına malik olacaqlar.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Aviasiya təhlükəsizliyi istiqaməti üzrə təhsil alan tələbələr ali riyaziyyatın, fizikanın və kimyanın fundamental biliklərindən əlavə, aviasiya təhlükəsizliyi sahəsində proseslərin riyazi modelləşdirilməsi, risklərin idarə olunması, aeroportlarda və aviaşirkətlərdə aviasiya təhlükəsizliyi sisteminin təşkili, hava gəmilərinin konstruksiyası, şəxslərə, onların əl yükünə və baqajına, aviayüklərə, aviapoçtlara, bort ehtiyatlarına və qidalarına, hava gəmilərinə, aeroport ərazisinə daxil olan avtomobillərə aviasiya təhlükəsizliyi üzrə baxış texnologiyaları, qanunsuz müdaxilə aktları ilə əlaqədar böhran şəraitinin idarə olunması və digər fənlər üzrə müasir biliklərə və praktiki vərdişlərə yiyələnəcəklər.
  • ➝ Profaylinq istiqaməti üzrə təhsil alan tələbələr ali riyaziyyat, fizika, kimya, proseslərin riyazi modelləşdirilməsi, aviasiya təhlükəsizliyinin əsasları, axtarış və xilasetmə işlərinin əsasları, risklərin idarə olunması, yanğın təhlükəsizliyi, hava gəmilərinin konstruksiyası və bu kimi fənlərlə yanaşı mülki aviasiyada insan amili, ümumi psixologiya, psixodiaqnostika, fizioqnomika, davranış və ünsiyyət psixologiyası, kriminal psixologiya, vizual və xüsusi texniki vasitələrdən istifadə etməklə potensial təhlükəli şəxslərin aşkarlanması, qanunsuz müdaxilə aktları zamanı girov götürənlərlə danışıqların aparılması üzrə müasir biliklərə və praktiki vərdişlərə yiyələnəcəklər.
  • ➝ Qəza-xilasetmə və axtarış işlərinin təşkili istiqaməti üzrə təhsil alan tələbələr ali riyaziyyatın, fizikanın və kimyanın fundamental biliklərindən əlavə, proseslərin riyazi modelləşdirilməsi, hava gəmilərinin konstruksiyası, risklərin idarə olunması, aeroportlarda (heliportlarda) və onların yaxın ətrafında baş verən aviasiya hadisələri zamanı xilasetmə və yanğınsöndürmə işlərinin aparılması, hava gəmilərində və aeroportun infrastruktur obyektlərində baş verən qanunsuz müdaxilə aktları ilə əlaqədar böhran şəritinin idarə olunması, su hövzələrində, dağlıq və digər çətin ərazilərdə baş verən aviasiya hadisələri zamanı axtarış və xilasetmə işlərinin planlaşdırılması, təşkili, idarə olunması və digər fənlər üzrə müasir biliklərə və praktiki vərdişlərə yiyələnəcəklər.

İxtisasın gələcəyi

  Beynəlxalq Mülki Aviasiya Təşkilatının 2017-ci ildə nəşr edilmiş rəsmi məlumatına görə dünya üzrə hər il 3,3 milyard sərnişin və 50 milyon ton yük daşınır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının proqnozlarına görə 2030-cu ildə dünya üzrə illik sərnişin daşımanın həcmi 6 milyarda, yük daşımanın həcmi isə 125 milyon tona çatacaqdır. Mülki aviasiyanın belə sürətli inkişaf aviasiya təhlükəsizliyi mütəxəssislərinə olan ehtiyacı da artırır.

Əmək haqqı

   Bu sahə üzrə orta ayləq əmək haqqı 500 AZN-dən başlayır. Bilik və bacarıqlara əsasən vəzifə artdıqca məvaciblərdə yüksəlir.