Öncəliklə, onu qeyd etmək gərəkdir ki, “Balıqçılıq” ixtisas deyil, bu əhalinin və emal sənayesinin su bioresurslarına olan (dəniz məhsulları da daxil olmaqla) ehtiyacını ödəyən xalq təsərrüfatı sahəsidir. Bura həm balıqovlama, həm də balıqartırma və balıqyetişdirmə daxildir. Balıqartırma və balıqyetişdirmə təsərrüfatlarını ümumilikdə akvakultura təsərrüfatı adlandırırlar. Balıqovlama və akvakultura sahələri bir-birindən fərqlənir. Çox güman ki, son zamanlarda daha çox ehtiyac duyulan ixtisas kimi akvakultura sahəsində çalışan mütəxəssislərin ixtisasları sizin üçün daha maraqlı olar. Hazırda balıqçılıq müasir avadanlıq və qabaqcıl texnologiyalardan istifadə edərək balıq ovuna yönəlmiş sənayedir. Bu sənaye uzun müddətdir ki, mövcuddur, lakin o qədər də məşhur deyil, çünki istifadəsi yalnız su obyektlərinin olduğu yerlərdə mümkün olmuşdur. Bugün balıqçı peşəsi heyvan istehsalının digər sahələri kimi dəyişməyib.Biologiya ilə maraqlananlar üçün uyğun peşədır.
Akvakultura sahəsində çalışan bir sıra mütəxəssislər vardır ki, onların ixtisası aşağıdakı vəzifələrdən ibarətdir:
Ölkəmizin coğrafi yerləşməsini nəzərə alaraq “balıqçı” peşəsinin tarixi çox qədimlərə dayanır. Amma qədimlərdə balıq yetişdirmə deyil, daha çox balıq ovu ilə məşğul olurdular. Balıqartırma işinin əsası Sovet dönənimdə (1954-ci ildə) qoyulub. Məqsəd Xəzər qızılbalığının və Kür nərəsinin süni artırılması idi. O zamanlar tələb olunan ixtisaslar üzrə mütəxəssislər sovet ittifaqına daxil olan ölkələrdəki ali təhsil ocaqlarında təhsil alırdılar.
Akvakultura təsərrüfatında İxtioloq və Balıqşünas balıqartırma və balıqyetişdirmə prosesinin hər bir mərhələsini təşkil edir və nəzarətdə saxlayır.
İxtiopatoloq –akvakultura təsərrüfatında yetişdirilən balıq növlərinin xəstəliklərini bilməli, onlara qarşı profilaktika və müalicə işlərini təşkil etməli, xəstəlik baş verdikdə sağlamlaşdırıcı tədbirləri həyata keçirməli və qərarlar qəbul etməlidir. Eyni zamanda ixtiopatoloq xəstəliklərin vaxtında aşkarlanması üçün müntəzəm olaraq yoxlamalar təşkil etməli və nümunələr götürərək laboratoriyada müayinə etməlidir.
Akvakultura və qapalı su çevrəsi üzrə mütəxəssis bu sistemin bütün mərhələlərini dərindən bilməli və yarana biləcək nasazlıqların dərhal aradan qaldırılması məqsədi ilə qabaqlayıcı tədbirlər görməlidir.
Su balıqların yaşadığı mühitdir və suyun keyfiyyəti akvakultura təsərrüfatında yetişdirilən balıqların sağlamlığına və istehsal ediləcək məhsulun keyfiyyətinə və kəmiyyətinə birbaşa təsir edir. Hidro-kimyaçı – suyun keyfiyyət göstəricilərinə daim nəzarət edir, laboratoriyada müayinələr aparır, su təmizləyici qurğuların saz vəziyyətdə olmasını nəzarətdə saxlayır, lazım gəldikdə suyun keyfiyyətini normallaşdırmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
Təəssüf ki, Azərbaycanda ali təhsil ocaqlarından yalnız Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) “balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mütəxəssis hazırlayır. ADAU-da bu ixtisas yeni yaradılıb və müasir tələblərə uyğunlaşmağa müəyyən zaman lazımdır və eyni zamanda müəllim heyətinin də bu ixtisas üzrə bilik səviyyələrini inkişaf etdirərək bugünün tələblərinə uyğunlaşdırmaq vacib məsələlərdən biridir.
Azərbaycanda hazırda akvakultura sahəsində çalışan mütəxəssislər, əsasən, Türkiyə və Rusiyada təhsil almış mütəxəssislərdir.
Hazırda yeni yaradılan və fəaliyyət göstərən bütün akvakultura təsərrüfatlarında yuxarıda adları göstərilən ixtisaslar üzrə çox böyük tələbat var. Bu sahədə çalışan peşəkarlar xarici ölkələrdən (Rusiya, Türkiyə, Hollandiya və s.) dəvət olunur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO-nun) rəsmi hesabatları və verdiyi proqnozlara görə akvakultura sahəsi yaxın 15-20 ildə ən sürətlə inkişaf edən sahə olacaq.
Təsərrüfatın böyüklüyündən, tutduğu vəzifədən və ixtisasın növündən asılı olaraq 500 AZN-8000 AZN arası dəyişə bilər.