Biotexnologiya ixtisası

Biotexnologiya ixtisası

Biotexnologiya ixtisası

İxtisasın təsviri

  Biotexnologiya yunan sözü olub “bios” – həyat, “teken” – sənət, “loqos” – söz, öyrənmə mənasındadır. Biotexnologiya biologiya və texnika sahələrinin kəsişməsində yerləşən elm sahəsidir. Eyni zamanda insanı əhatə edən təbii sərvətlərin onun tələblərinə uyğun dəyişdirilməsinə yönəldilmiş təcrübələr toplusudur. O, çox vaxt bioloji agentlərin (canlı orqanizmlər, toxuma və hüceyrələr) köməyilə insan üçün faydalı məhsullar alınmasının kompleks metod və üsullarını əks etdirir. Biotexnologiya fermentasiya prosesinin mikroorqanizmlərin fəaliyyəti ilə izah edildiyi 19-cu əsrdə xüsusi bir elmə çevrildi. Biotexnoloq – Biotexnologiya alimləri, gen mühəndisliyi və texnoloji problemləri həll etmək üçün orqanizmlərdən istifadə üsulları ilə məşğuldurlar. Onların maraq dairələrinə süni seçim, klonlama, bioloji aktiv maddələrin və dərmanların yaradılması, çirkab suların təmizlənməsi və istixana effektinin azalması daxildir.

İxtisasın tarixi

 “Biotexnologiya” terminini ilk dəfə 1917-ci ildə macar mühəndisi Karl Ereki istifadə etmişdir. O, donuzların şəkər çuğunduru yemindən istifadə edilməklə bəslənmə prosesini təsvir etmək üçün bu termindən istifadə etmişdir. Erikə görə biotexnologiya “canlı orqanizmlərin köməyilə xam materiallardan bu və ya digər məhsulların istehsalı üzrə aparılan bütün işlərdir”. Lakin alimlər arasında “biotexnogiya” anlayışı ilə bağlı hələ də vahid və dəqiq mövqe yoxdur. Bu onunla izah edilir ki, müasir “biotexnologiya” ayrıca elm olmayıb, bioloji, dəqiq və s. elm sahələrini əhatə edən və çoxsaylı elmləri birləşdirən bütöv bilik sahəsidir. Tarixi nöqteyi-nəzərdən biotexnologiyanın meydana gəlməsi mayalardan ilk dəfə pivə, bakteriyalardan isə qatıq istehsalında istifadə edilməsindən hesablanır. Hazırda müasir dünya qlobal biotexnoloji fırtına yaşamaqdadır. 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

Bu iş tibb, əczaçılıq və gen mühəndisliyini əhatə edir. İş öhdəlikləri isə aşağıdakı kimidir:

  • ➝ Tibbi avadanlıqlarla iş;
  • ➝ Tibbi avadanlıqların texniki servisi;
  • ➝ Tibbi avadanlıqların satışı ve marketinqi;
  • ➝ Diaqnostika (klinika ve xəstəxanalarda bir çox tibbi avadanlıqlar üzrə);
  • ➝ Məhsul keyfiyyətinə nəzarət etmək və qiymətləndirmə nəticələrininin qeydiyyatını aparmaq;
  • ➝ Bioloji aktiv maddələrin istehsalı; 
  • ➝ Lazımlı reagentlər, məhlullar, yarı məhsulları hazırlamaq;
  • ➝ Mikroorqanizmlərdən, fermentlərdən, bitki və heyvanların hüceyrə quruluşuna əsasən  xammal emal etmək;
  • ➝ Genetik və ya hüceyrə mühəndisliyi sahəsində metodoloji inkişaflar və kəşflər etmək;
  • ➝ Qida maddələrini biotexnoloji yolla almaq;
  • ➝ Çirkab sularının, çirklənmiş ərazilərin bioloji təmizlənməsinə və sənaye və ya məişət tullantılarının yox edilməsinə nəzarət etmək;
  • ➝ Mikrob hüceyrələrinin metabolizminin tənzimlənməsində əks-əlaqə prinsipinin tətbiq olunması zamanı fermentativ reaksiyanın sürətinin necə dəyişməsini müəyyən etmək;
  • ➝ Biotexnoloji yolla genin alınması sxemini təsvir etmək;
  • ➝ Biotexnoloji yolla diabet xəstəliyində tətbiq olunan insulini almaq; 
  • ➝ Təhsil müəssisələrində biotexnoloji fənnlərin tədrisi ilə məşğul olmaq.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Kosmetik və ya farmakoloji şirkətlərdə;
  • ➝ Özəl və dövlət tədqiqat laboratoriyalarında;
  • ➝ Təhsil müəssisələrində;
  • ➝ Qida sahəsində;
  • ➝ Ekologiya sahəsində;
  • ➝ Əczaçılıq sahəsində;
  • ➝ Ətriyyat sahəsində;
  • ➝ Baytarlıq sahəsində;
  • ➝ Emal sənayesində.

         Şirkət olaraq:

  • ➝ Arash Group;
  • ➝ Vitta;
  • ➝ Mesa Group;
  • ➝ Azestetik Group.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Texniki qabiliyyət (fizika, riyaziyyat, kimya, biologiya elmləri üzrə yüksək səviyyədə biliklər);
  • ➝ Analiz ve nəticəyə yönəlmiş sürətli qərar vermə qabiliyyəti (əsasən, cərrahi və bir çox müdaxilələrdə tibbi avadanlıqda yaranmış problemin həlli üçün);
  • ➝ Satış və marketinq qabiliyyəti;
  • ➝ Tibbi biliklərin üstünlüyü;
  • ➝ Çeviklik; 
  • ➝ Səbirli olmaq;  
  • ➝ Müşahidə etmək bacarığı; 
  • ➝ Dəqiqlik; 
  • ➝ Araşdırma qabiliyyəti; 
  • ➝ Konsentrasiya bacarığı;   
  • ➝ Qida maddələrinin biotexnoloji yolla alınması prinsiplərini bilmək;
  • ➝ Dərman preparatlarının və sənaye məhsullarının mənşəyini və mənbəyini müəyyən etməyi bacarmaq;
  • ➝ Mikrob hüceyrələrinin metabolizminin tənzimlənməsini bilmək;
  • ➝ Biopreparatların alınması yollarını  bilmək;
  • ➝ İmmobilizə olunmuş fermentlərinin alınma qaydalarını bilmək;
  • ➝ Tibbi və bioloji elmlərin inkişafına xidmət edən sahələri bilmək;
  • ➝ Biotexnoloji yolla mikrob produsentlərinnin alınma qaydalarını bacarmaq;
  • ➝ Mikrob hüceyrələrinin metabolizminin tənzimlənməsində əks-əlaqə prinsipinin tətbiq olunması zamanı fermentativ reaksiyanın sürətinin necə dəyişməsini müəyyən etməyi bacarmaq; 
  • ➝ Biotexnoloji yolla genin alınması sxemini təsvir etməyi bacarmaq;  
  • ➝ Biotexnoloji yolla diabet xəstəliyində tətbiq olunan insulinin alınmasını müəyyən etməyi bacarmaq;
  • ➝ Hüceyrə və gen mühəndisliyi üsullarının biotexnologiyada istifadəsinin perspektiv nəticələrininin təsvirini bacarmaq.

İxtisasın gələcəyi

 Son məlumatlara görə dünyada əhali artımına (ildə təqribən 80 milyon nəfər) baxmayaraq, ərzaq məhsulları istehsalının azalması müşahidə olunmaqdadır. Bu və ya digər səbəblərdən dünya əhalisinin 2 mlrd nəfərə yaxını qida çatışmazlığından əziyyət çəkir. Ona görə də belə bir fikir mövcuddur ki, əhalinin indiki yüksək artım tendensiyası yalnız geni dəyişdirilmiş orqanizmlər dünyanı aclıq təhlükəsindən xilas edə bilər. Belə ki, gen dəyişmənin köməkliyi ilə məhsuldarlığı və qidanın keyfiyyətini artırmaq mümkündür. Bu proseslərin reallaşması üçün  biotexnologiya ixtisasına ehtiyac vardır. 

Əmək haqqı 

 Bu ixtisas üzrə ölkəmizdə əmək haqqı təxminən 500-1000 AZN aralığındadır. Bu məbləğ namizədin bilik və bacarıqları, vəzifəsi, çalışdığı sahə və müəssisədən asılı olaraq dəyişir.