1-ci qrup üzrə ən az axtarılan ixtisaslar

1-ci qrup üzrə ən az axtarılan ixtisaslar

1-ci qrup üzrə ən az axtarılan ixtisaslar

                                                                                                                            Aqromühəndislik ixtisası

  Aqromühəndislik də digər mühəndislik sahələri kimi avadanlıq və texnologiyalarla bağlı sahədir. Aqromühəndislər elmi-tədqiqat, istehsalat və texnoloji, eləcə də təşkilati və idarəetmə sahəsində işləyə bilər. Bu mühəndislər kənd təsərrüfatının və istehsalın səmərəliliyinə təsir edən texniki problemləri həll edirlər. Onlar kənd təsərrüfatı, meşə təsərrüfatı, akvakultura və bioyanacaq kimi müxtəlif sahələrdə ixtisaslaşa bilirlər. Bioloji elmlər və texnologiya sahələrindəki biliklərini enerji təchizatı, kənd təsərrüfatı texnikası, suvarma, çirklənmə problemləri, bina strukturları qida sənayesi, torpaq və suyun qorunması və daha çoxunu yaxşılaşdırmaq üçün birləşdirirlər.

  Əkinçi mühəndis kənd təsərrüfatı problemlərini həll etmək üçün kənd təsərrüfatı quruluşlarını, maşınlarını, avadanlıqlarını və proseslərini dizayn etmək üçün mühəndislik texnologiya biliklərinin tətbiq edilməsinə cavabdehdir. Çox vaxt qeri-standart şəraitlərdə problemi yerindəcə həll etməli olurlar. İş proseslərini avtomatlaşdırmaq üçün yeni texnologiyalar tətbiq edən, xüsusi avadanlıq quraşdıran, tənzimləyən və saxlayan, habelə işçilərə istifadə etməyi öyrədən aqromühəndislərdir. Sahə fizika, biologiya, əmək və əkinçilik və mühəndisliklə maraqlananlar üçün uyğundur.

                                                                                                                       Bu ixtisas sahibi nə işlə məşğuldur?

  • Maşın istehsalına nəzarət;

  • Geniş tədqiqat və inkişaf işlərinin aparılması;

  • Torpaq və suyun qorunması üsullarının işlənib hazırlanması;

  • Kənd təsərrüfatı məhsullarının emalı və qorunması işinin yaxşılaşdırılması;

  • İnkişafın hər mərhələsi üçün funksional tələblərin müəyyənləşdirilməsi;

  • Maya dəyərinin öyrənilməsi;

  • Etibarlılıq və təhlükəsizlik;

  • Dizayn səmərəliliyinin və zəruri hallarda dəyişikliklərin qiymətləndirilməsi;

  • Lazım olduqda performans yeniləməsini planlaşdırmaq;

  • Dizayn edilmiş sistemlərin daha uzun müddət etibarlı işləməsini təmin etmək;

  • Məhsula əlavə dəyər verən məhsulların inkişafı                                                                                                                                                                                                           

                                                                                                          Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 202,6 (202,6)

                  Q 186,5 ( 186,5)

                                                                                                                Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisası

    Öncəliklə, onu qeyd etmək gərəkdir ki, “Balıqçılıq” ixtisas deyil, bu əhalinin və emal sənayesinin su bioresurslarına olan (dəniz məhsulları da daxil olmaqla) ehtiyacını ödəyən xalq təsərrüfatı sahəsidir. Bura həm balıqovlama, həm də balıqartırma və balıqyetişdirmə daxildir. Balıqartırma və balıqyetişdirmə təsərrüfatlarını ümumilikdə akvakultura təsərrüfatı adlandırırlar. Balıqovlama və akvakultura sahələri bir-birindən fərqlənir. Çox güman ki, son zamanlarda daha çox ehtiyac duyulan ixtisas kimi akvakultura sahəsində çalışan mütəxəssislərin sizin üçün daha maraqlı olar. Hazırda balıqçılıq müasir avadanlıq və qabaqcıl texnologiyalardan istifadə edərək balıq ovuna yönəlmiş sənayedir. Bu sənaye uzun müddətdir ki, mövcuddur. Lakin o qədər də məşhur deyil, çünki istifadəsi yalnız su obyektlərinin olduğu yerlərdə mümkün olmuşdur. Bugün balıqçı peşəsi heyvan istehsalının digər sahələri kimi dəyişməyib. Biologiya ilə maraqlananlar üçün uyğun peşədir.

  Akvakultura sahəsində çalışan bir sıra mütəxəssislər vardır ki, onların ixtisası aşağıdakı vəzifələrdən ibarətdir:

  • İxtioloq;

  • Balıqşünas;

  • İxtiopatoloq;

  • Akvakultura üzrə mütəxəssis;

  • Qapalı su çevrəsi üzrə mütəxəssis;

  • Hidro-kimyaçı və s. ibarətdir.

                                                                                                                    Bu ixtisas sahibi nə işlə məşğuldur?

  Akvakultura təsərrüfatında İxtioloq və Balıqşünas balıqartırma və balıqyetişdirmə prosesinin hər bir mərhələsini təşkil edir və nəzarətdə saxlayır.

Balıqartırma işinin təşkili dedikdə bura:

  • Kürünün alınması və mayalandırılması;

  • Körpələrin alınması (inkubasiya prosesi);

  • Balıqların yemləndirilməsi;

  • Damazlıq işinin təşkili;

  • Suyun keyfiyyətinə nəzarət;

  • Təmir-bərpaedici balıqların seşilməsi və bonitirovka (seleksiya işi);

  • Su bioresurslarının sağlamlığına təsir edən amilləri vaxtında aşkarlamaq və aradan qaldırılması üzrə tədbirlər görmək daxildir.

  • Balıqyetişdirmə prosesinə isə yuxarıda sadalananlardan başqa əmtəəlik balıqların yetişdirilməsi və yetişdirilən balıq növünün saxlanma şəraiti və yemləndirilməsini optimallaşdırmaqdan ibarətdir.

  • Balıqçılıq alətləri və digər balıqçılıq və tədqiqat qurğularının dizaynı və istehsalı;

  • Balıqçılıq müəssisələrində yarımfabrikatlar və hazır balıq məhsullarına istehsal nəzarətini həyata keçikrmək;

  • Balıqçılıq gəmilərindəki xammalın keyfiyyətinə nəzarət;

  • Sənaye balıqçılıq alətlərini təchiz etmək və onları müəyyən bir balıqçılıq sxeminə uyğunlaşdırmaq;

  • Müxtəlif növ balıq ovu vasitələrinin istifadəsi zamanı ekoloji nəticələrə nəzarət etmək.

 

   İxtiopatoloq- akvakultura təsərrüfatında yetişdirilən balıq növlərinin xəstəliklərini bilməli, onlara qarşı profilaktika və müalicə işlərini təşkil etməli, xəstəlik baş verdikdə sağlamlaşdırıcı tədbirləri həyata keçirməli və qərarlar qəbul etməlidir. Eyni zamanda ixtiopatoloq xəstəliklərin vaxtında aşkarlanması üçün müntəzəm olaraq yoxlamalar təşkil etməli və nümunələr götürərək laboratoriyada müayinə etməlidir.

  Akvakultura və qapalı su çevrəsi üzrə mütəxəssis bu sistemin bütün mərhələlərini dərindən bilməli və yarana biləcək nasazlıqların dərhal aradan qaldırılması məqsədi ilə qabaqlayıcı tədbirlər görməlidir. 

  Su balıqların yaşadığı mühitdir və suyun keyfiyyəti akvakultura təsərrüfatında yetişdirilən balıqların sağlamlığına və istehsal ediləcək məhsulun keyfiyyətinə və kəmiyyətinə birbaşa təsir edir. Hidro-kimyaçı suyun keyfiyyət göstəricilərinə daim nəzarət edir, laboratoriyada müayinələr aparır, su təmizləyici qurğuların saz vəziyyətdə olmasını nəzarətdə saxlayır, lazım gəldikdə suyun keyfiyyətini normallaşdırmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

                                                                                                                    Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 182,6 (182,6)

 

                                                                                                                                    Meşəçilik ixtisası

  Meşə planetdə və cəmiyyətin həyatında mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edir. Meşəçilik ixtisası üzrə tədris proqramı özündə meşəçilik nəzəriyyəsini, meşə quruluşunu, bitkilərin çoxalmasının və genetikasının tədqiq olunmasını əks etdirir. Proqram çərçivəsində tələbələr təbiət hadisələrinin meşə həyatında rolu, kimya sahəsində əldə edilmiş nailiyyətlərin meşəçilikdə istifadəsi, meşə yetişdirmədə və meşələrin mühafizəsində pestisidlərdən istifadə qaydaları, ali bitkilərin anatomiyası, morfologiyası və sistematikası, meşəçilikdə və meşəsalmada iqlim potensialının nəzərə alınması, meşə təsərrüfatının təşkili və idarə olunması haqqında ətraflı biliklər əldə edirlər. Tələbələrə eyni zamanda planlama işləri, çöl materiallarının hesablanması və planın tərtibi yolları, ağac və kol bitkilərində baş verən fizioloji və biokimyəvi proseslərin mahiyyəti, meşə heyvanlarının biologiyası, ekologiyası və təsərrüfat əhəmiyyəti, meşə bitkilərinin xəstəlik törədiciləri və zərərvericiləri,onlara qarşı kompleks mübarizə tədbirlərinin həyata keçirilməsi, meşə əmələgətirən ağac cinslərinin meşəçilik xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti öyrədilir. Biologiya və coğrafiya ilə maraqlananlar üçün uyğun sahədir.

                                                                                                               Bu ixtisas sahibi nə işlə məşğulur?

  • İxtisas sahibinin nə işlə məşğul olması onun hər hansı bir Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) hansı vəzifədə çalışmasından asılıdır.

  • Meşə quruluşu obyekti ərazisində meşə fondu torpaqlarının hüdudlarının kateqoriyalar üzrə tərkibinin və təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi;

  • Geodeziya-topoqrafik işlərin aparılması (meşə çəkilməsi və ya planlama işləri) və plan kartoqrafik materialların tərtib olunması;

  • Meşələrin yayılmasının növ tərkibini, yaş quruluşunu, oduncaq ehtiyatını müəyyən etməklə meşələrin intervarlaşdırılması;

  • Meşələrin bərpa və aralıq istifadə üçün qırılmasını, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən sahələrinin aşkara çıxarılması habelə bu tədbirlərin aparılması qaydaları və üsullarının müəyyən edilməsi;

  • Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi və bir qoruyucu kateqoriyadan digərinə keçirilməsi meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə torpaqlarına keçirilməsi;

  • Hesablanmış meşəqırma fondunun aralıq istifadəsi üçün qırma həcminin müəyyən edilməsi;

  • Meşəbərpa,meşəsalma,meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər meşəçilik-təsərrüfat tədbirlərinin həcminin müəyyən edilməsi;

  • Meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə məhsulu tədarükü miqdarının, meşə fondundan rekreasiya, turizm və loqistika məqsədləri üçün istifadəsinin müəyyən edilməsi;

  • Meşə-bioloji, meşə-patoloji müayinələrin aparılması;

  • Meşə quruluşu layihələrinin həyata keçirilməsinə nəzarət;

  • Ən əsası, meşə sahələrinin ekoloji tarazlığı qorumaq və kəsilmədən bir ölkənin iqtisadi dəyərinə ən yaxşı töhfəni təmin edən bir şəkildə fəaliyyət göstərməsini təmin etmək;

  • Brakonyerlərə qarşı mübarizə;

  • Meşə yanğınları və meşə istifadəsi pozuntuları ilə əlaqədar məhkəmədə təmsil olunma;

  • Meşədən istifadə ilə bağlı qanun pozuntularına dair aktların tərtib edilməsi;

  • Ağac emalının təşkili, tullantıların idarə olunması;

  • Meşə toxumu işinin təmin edilməsi.

  •                                                                                                                                              Bu ixtisasa harada sahiblənmək olar?

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 186,0 (186,0)

  • Lənkəran Dövlət Universiteti

Keçid balı: Ə 176,4 (176,4)

                   Q 174,7 (174,7)

  • Qərbi Kaspi Universiteti ( əvvəlki Qərb Universiteti)

Keçid balı: Ə 188,8 (258,3)

                   Q 182,6 (-)

 

                                                                                                                       Şərabçılıq ixtisası 

    Bu ixtisas ilə təhsil alan tələbələr üzüm və bəzi digər meyvələrdən müxtəlif çeşiddə şərabların hazırlanması texnologiyalarını öyrənir. Şərabçılıq texnologiyasında ümumi qaydalar və hər bir növü üçün xüsusi texnoloji qaydalar var. Şərabçılığa ilkin şərabçılıq (qıcqırmış şərab materiallarının hazırlanması) və ikinci şərabçılığa (qıcqırmış şərab materiallarından kupaj üsulu və texnoloji premlar ilə xüsusi şərabların hazırlanması) da daxildir. Şərabın yaradılması üçün kimyəvi proseslər əsasdır. Şərabçı-texnoloq, hər şeydən əvvəl üzvi kimya üzrə mütəxəssisdir. Bununla yanaşı, o, ampeloqrafiya (üzüm sortları elmi) sahəsində biliklərə sahib olmalıdır, istehsal prosesinin təşkilini yaxşı bilməlidir. Peşə kimya, biologiya və dünya sənət mədəniyyətinə maraq göstərənlər üçün uyğundur.

                                                                                                            Bu ixtisas sahibi nə işlə məşğuldur?

  • Şərabçı üzümün düzgün yetişmə vaxtını müəyyənləşdirir;

  • Üzümün qıcqırdılması;

  • Şərab materialının saxlanıması- yetişdirilməsi;

  • Kupaj olunması;

  • Qablaşdırılması işləri;

  • İstehsalatda işçilərin işini təşkil etmək;

  • Xammalın (üzümün) təravətinə və keyfiyyətinə nəzarət etmək;

  • Materialların saxlanma və fermentasiya temperatur rejimini yoxlamaq;

  • Müəssisədə sanitariya normalarına əməl olunmasına nəzarət etmək;

  • Şərab hazırlamaq üçün yeni metodlar hazırlamaq;

  • Şərab içkiləri üçün yeni reseptlər axtarışı.

  •                                                                                                                                    Bu ixtisasa harada sahiblənmək olar?

  • Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 182,1 (-)

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 186,4 (186,4)

 

                                                                                                              Torpaqşünaslıq və aqrokimya ixtisası

  Torpaqşünaslıq və aqrokimya ixtisası bir-birinə yaxın olan 2 ixtisasın birləşməsidir. ll kursdan sonra tələbələr öz istəklərinə uyğun olaraq bölünürlər. Onların hər birinin qısa təsvirinə nəzər salaq:

  • Torpaqşünaslıq - Torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya (cəmlənməsi) edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir. Torpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (torpaq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim.

  • Aqrokimya - Aqrokimya kənd təsərrüfatı bitkilərinin qidalanması prosesində bitki, torpaq və gübrə arasındakı qarşılıqlı əlaqələri öyrənən elmdir.Aqrokimya fənninin görkəmli nümayəndəsi olan Dmitri Nikolayeviç Pryanişnikovun təyininə görə həmin fənnin başlıca vəzifəsi əkinçilikdə maddələrin dövriyyəsini öyrənmək, torpaq və bitkidə əmələ gələn kimyəvi proseslərə təsir tədbirlərini aşkar etməkdən ibarətdir ki, bunlar vasitəsi ilə bitkilərin məhsulunu yüksəltmək və ya onun tərkibini dəyişmək olar. Maddələrin bu dövriyyəsinə insanların müdaxiləsində əsas vasitə gübrələr hesab olunur. Biologiya ilə maraqlananlar üçün uyğun sahədir.

  •  

                                                                                                            Bu ixtisas sahibi nə işlə məşğuldur?

Torpaqşünaslıq:

  • Torpağın parametrlərinin dəyişdirilməsi;

  • Torpaqda gedən proseslərə bələd olmaq;

  • Torpağın münbitliyinin formalaşması;

  • Torpağın məhsuldarlığının artırılması;

  • Torpağın inkişafına təsir edən mənfi amilləri təyin etmək və aradan qaldırılması yollarını müəyyən etmək;

  • Torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyini analiz etmək.

 

Aqrokimya:

  • Kənd Təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi;

  • Məhsulun keyfiyyətinin artırılması;

  • Torpaqda və bitkilərdə gedən səmərəli dəyişkənliyi tədqiq etmək və ona uyğun həll yolunun tapılması;

  • Bitkilərin qidalanma qanunauyğunluqlarının müəyyən edilməsi;

  • Torpaq münbitliyinin kimyasının analizi;

  • Əkinçilikdə qida maddələrinin dövriyyəsi;

  • Gübrələrin səmərəli tətbiq edilməsi;

  • Bitkilərin ziyanverici və xəstəliklərdən kimyəvi üsullarla mühafizə edilməsi.

  •  

                                                                                                           Bu ixtisasa harada sahiblənmək olar?

  • Bakı Dövlət Universiteti

Keçid balı: Ə 271,7 (271,8)

                   Q 222,4 (-)

  • Naxçıvan Dövlət Universiteti

Keçid balı: Ə 200,0 (200,0)

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Keçid balı: Ə 210,7 (210,7)

                   Q 195,5 (195,5)

  • Lənkəran Dövlət Universiteti

Keçid balı: Ə 200,8 (200,8)

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri; tədris ingilis dilində)

Keçid balı: Ə 189,8 (189,8)

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.