Amerikada təhsil uzaq deyil!
Bu yazıda nələri öyrənəcəksiniz?
- ABŞ universitetlərinə müraciətə hazırlıq nə deməkdir?
- ABŞ-da qəbul olunan beynəlxalq dil sertifikatları hansılardır?
- ABŞ-da kollec və universitetlərdə hansı imtahanlar tələb olunur?
- ABŞ-dan qəbul və təqaüd almaq üçün daha çox nələrə diqqət etməliyik?
- ABŞ-da bakalavrdan sonra birbaşa doktorantura (PhD) oxumaq düz söhbətdir?
ABŞ universitetlərinə müraciətə hazırlıq nə deməkdir?
Amerika Birləşmiş Ştatları (ABŞ) məsafə olaraq bizdən uzaq olsa da, təhsil almaq üçün bir çox inkişaf etmiş ölkələrə nisbətən daha əlçatandır. ABŞ-da təhsil ala biləcəyiniz çox sayda prestijli və dünya səviyyəsində rəqabətli universitetlər mövcuddur. Buna görədir ki, bir çox gəncin fürsəti olsa, Amerika universitetlərində təhsil almaq şansını əldən verməz. Ancaq əgər düzgün və erkən planlaşdırılmasa, ABŞ-da bir universitetə qəbul olmaq çox çətin ola bilər. Bir universitetə müraciət etmək sadəcə müəyyən sənədləri doldurmaq və onları göndərməkdən ibarət olmadığını bilmək çox vacibdir. Kollec və ya universitet müraciətinə hazırlıq əvvəlki təhsil səviyyələrində yaxşı oxumaq və təsirli bir akademik və sosial profil yaratmaq deməkdir. Bundan başqa hazırlıq deyəndə müraciət etdiyiniz təhsil səviyyəsinə uyğun imtahanları vermək nəzərdə tutulur.
ABŞ universitetlərinə müraciətə hazırlıq nə deməkdir?
İlk növbədə beynəlxalq bir tələbə kimi universitetlərin ingilis dili tələbini qarşılamaq üçün beynəlxalq sertifikat almaq şərtdir. Beynəlxalq sertifikat əldə etmək üçün “TOEFL” imtahanı verməyiniz tövsiyə olunur. Səbəb odur ki, “TOEFL” imtahanı ABŞ-ın özünün təqdim etdiyi imtahandır və xüsusilə “speaking” üçün daha etibarlı sayılır. Beynəlxalq sertifikat almaq üçün bir digər verə biləcəyiniz imtahan “IELTS” imtahanıdır. ABŞ-da çox nadir universitet var ki, “IELTS” nəticəsini qəbul etməsin. Bu günə qədər olan tələbə təcrübələrini nəzərə alsaq, bəzən “IELTS” ilə qəbul olsan da, təhsilə başlayarkən “Speaking” üçün universitet özünün təşkil etdiyi imtahanda iştirak etməyi tələb edir (“TOEFL” ilə qəbul aldıqda bu hal yaşanmır). Bu halla bəzən magistratura və doktorantura səviyyəsində qarşılaşmaq mümkündür. Beynəlxalq tələbələr üçün bir digər alternativ isə “Duolingo” imtahanıdır. Bu imtahan daha çox pandemiya vaxtı məşhurlaşmağa və alternativ olaraq istifadə olunmağa başlandı. İmtahanlar haqqında məlumat almaq üçün verilmiş linklərə keçid edə bilərsiniz.
TOEFL: https://www.ets.org/toefl
IELTS: https://www.ielts.org/
Duolingo: https://englishtest.duolingo.com/
ABŞ-da kollec və universitetlərdə hansı imtahanlar tələb olunur?
Bakalavr səviyyəsi üzrə təhsil almaq istəyən namizədlərdən çox zaman ümumi “SAT” imtahanı tələb olunur. Kolleclərə qəbul üçün “SAT” imtahanına alternativ olaraq “ACT” imtahanı da mövcuddur. Bundan başqa riyaziyyat, fizika, tarix və s. ixtisaslar üzrə “SAT” tələb oluna bilər. Magistratura və doktorantura səviyyələri (graduate degrees) üzrə adətən GRE imtahanı tələb olunur. Spesifik sahələr – biznes məktəbləri üçün “GMAT”, hüquq üçün “LSAT”, tibb üçün “MCAT”, stomatologiya üçün “DAT”, əczaçılıq üçün “PCAT” və s. kimi imtahan nəticələri tələb oluna bilər. İmtahanlar haqqında məlumat almaq üçün verilmiş linklərə keçid edə bilərsiniz.
SAT: https://collegereadiness.collegeboard.org/sat ACT: https://www.act.org/content/act/en.html GRE: https://www.ets.org/gre
GMAT: https://www.mba.com/exams/gmat LSAT: https://www.lsac.org/lsat
MCAT: https://students-residents.aamc.org/about-mcat-exam/about-mcat-exam
DAT: https://www.ada.org/en/education-careers/dental-admission-test
PCAT: https://www.pearsonassessments.com/graduate-admissions/pcat/about.html?tab=about-the-pcat
ABŞ-dan qəbul və təqaüd almaq üçün daha çox nələrə diqqət etməliyik?
Bakalavr tələbələri üçün yaxşı attestat qiymətləri və yuxarıda qeyd olunan imtahanlardan əlavə olimpiada nəticələri, sosial aktivlik tələbənin qəbulunu şərtləndirir və təqaüd şansını artırır. Digər səviyyələrlə müqayisədə bakalavr səviyyəsi üçün təqaüd şansları demək olar ki məhdud olur, hər proqram üzrə 1-2 və ya fakültə üzrə limitli sayda təqaüd təklif olunur. Bundan başqa təhsil haqqında 20%, 50%, 75% və s. kimi güzəştlər əldə etmək mümkün olur. Magistratura və doktorantura səviyyələri (graduate degrees) üzrə müraciət edənlər isə yüksək ortalama, yuxarıda qeyd olunan müvafiq imtahanlar, olimpiada nəticələri, sosial aktivliklə yanaşı ixtisası ilə bağlı uğurlu və ya beynəlxalq arenaya çıxan proyektlər üstünlük sayılır. Tədqiqat bacarığınızın və ya çap olunmuş məqalə(lər)nizin olması da qəbulunuzu daha rahat almağınıza və təqaüd şansınızı artırmağa kömək edə bilər. Bütün səviyyələr üzrə güclü motivasiya məktubu və yaxşı tövsiyə məktubları qəbul və təqaüd almağınız üçün olmazsa, olmazdır. Unutmayın ki, ABŞ-da xüsusi bacarığa malik olduqda ona uyğun təqaüd və ya yaxşı CV ilə universitet kampusunda iş tapmaq kimi bir sıra fürsətlər mövcud olur.
ABŞ-da bakalavrdan sonra birbaşa doktorantura (PhD) oxumaq düz söhbətdir? Bir çoxunun xəbərdar olmadığı bir məqam var ki, ABŞ-da bakalavrı bitirdikdən sonra birbaşa doktorantura təhsili almaq mümkündür. Digər önəmli bir məqam odur ki, ABŞ-da demək olar ki, əksər doktorantura proqramları pulsuzdur. Doktorantura proqramlarının pulsuz olması sizin üçün çox gözəl şans yaradır ki, bakalavr və magistrlər kimi yüksək təhsil haqqını düşünmədən yalnız digər xərcləri (qalma, yaşam və s.) qarşılamaq üçün maliyyə dəstəyi tapmağa fokuslanasınız. Bunun üçün müraciət zamanı “graduate assistantship”ə müraciət edə bilərsiniz. Bu cür “graduate assistantship”lər “administrative”, “teaching”, “research” və s. üzrə ola bilər. Sadə dildə ifadə etsək, siz universitet üçün həftəlik 10 və ya 20 saat işləyib, əvəzinə digər xərclərinizi qarşılaya biləcəyiniz “maliyyə mənbəyi” tapırsınız. Bu “graduate assistantship”lər magistr tələbələri üçün də keçərlidir, sadəcə onlar həm təhsil haqqı ödəməli (və ya “assistantship” ilə yanaşı təhsil haqqı üçün təqaüd qazanmalı), həm də digər xərclərini qarşılamalıdır.
Ümumiyyətlə, tələbləri qarşılamaqla yanaşı özünüzü müsbət mənada digərlərindən fərqləndirə bilsəniz, bütün səviyyələr üzrə ABŞ-da ödənişsiz təhsil ala və təqaüd imkanı qazana bilərsiniz.
Təhsiliniz keyfiyyətli, təqaüdünüz bol olsun!
Ehtiman Nurəlizadə
"The Khudafereen" şirkəti
https://www.linkedin.com/in/enuralizade/
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.