Balıq tutmağı öyrənmək!
Salam, dəyərli dostum! Bu yazı məqalədən və məsləhətdən daha çox bir növ dərdləşmə mahiyətində olacaq. Mənə süni gəldiyi üçün siz yox, sən deyə müraciət edəcəm. Mümkün qədər tövsiyə verməkdən, düsturlar, qaydalar qoymaqdan uzaq durmağa, səmimi olmağa çalışacam və indiyə qədər yaşadıqlarımdan səninlə bölüşməyi uyğun hesab etdiklərimi söhbət edirmişcəsinə qeyd edəcəm.
Bu bəlkə də yazdığım ilk məqalədir. Adətən qısa və ya bir neçə cümlədən ibarət statuslar yazıram. Video blogerliklə məşğul olduğum üçün daha çox və əsasən danışmaqla məşğulam. Danışaraq özümü və fikrimi daha yaxşı ifadə etdiyimi düşünürəm. Sadəcə buradakı format məndən yazmağı tələb edir. Mən ümumiyyətlə sənə nəyisə öyrədəcək səviyyədə və potensialdakı insan deyiləm. Yazıdakı nümunələrim bunları eləmək faydalı və ya ziyanlıdır formatında olacaq. Bax elə bu cümləni yazarkən sonrakı cümlənin nə olacağını da bilmirəm. Yəni xüsusi bir plan cızıb sənə nəyisə diqtə eləmək fikrim yoxdur. Ona görə bu yazılanları qətiyyən bir qayda ya da formul kimi qəbul etmə. Tənqid et, sual ver, razılaşma, şübhəylə yanaş...
Şagird, abituriyent və ya tələbə olmağından asılı olmayaraq bu illəri həyatın pillələri kimi görməkdə fayda var. Əslində bir ömür boyu hamımız öyrənirik. Türkiyə türkcəsində müəllimə - öyrətmən deyilməsini çox bəyənirəm. Öyrənci və öyrətmən...
Belə bir söz var: “Ən yaxşı müəllim öyrənməyi öyrətəndir.” Konfustinin diliylə desək, “Mənə balıq vermə, mənə balıq tutmağı öyrət. Çünki mənə balıq versən bir günlük doyaram, balıq tutmağı öyrətsən bir ömür boyu tox olaram.” Həyatdakı bütün məsələlərə və həyatımızdakı bütün müəllimlərə və həyatında olacağımız bütün şagird və tələbələrə bu yöndən yanaşsaq hər iki tərəf qazanclı olar.
Bayaq yazmışdım axı, məqalə yazmaq qabiliyyətim yoxdur, ona görə də fikrim tez yayılır, cümləni bitirmədən ağlıma başqa fikirlər doluşur. Çalışacam ki, bu məqalənin sonunda sizə bu həyatda balıq tutmağı öyrədəcək 10 kitab təklif edim. Bu kitablar da nisbidir... İndiki anda ağlıma gələn və uyğun hesab etdiklərimi bölüşəcəm.
Səmimi olacağam demişdim, mən söhbəti fırladıb kitaba gətirdim (özümün də gülməyi gəldi), çünki özüm kitab sahəsində çalışıram və video blogerliyim də bu sahə üzrədir. Yutub kanalım vasitəsilə oxuduğum kitabları insanlarla bölüşürəm. Əslində bu kənardan xeyirxah, maarifçi hərəkət kimi görünsə də, bu 5 ilə yaxın müddətdə bundan ən çox fayda götürən (həm maddi, həm mənəvi) elə özüm olmuşam. Nəyə görə belə olduğunu qeyd edəcəm. Ona keçməzdən öncə deyim ki, dərslər, universitet hazırlığı, iş axtarışı ilə yanaşı mütləq sevdiyin bir peşən, xobbin olsun, səni həyata bağlayan, pul qazanmasan da onu etməkdən zövq aldığın...
Düşünürəm ki, xüsusən indiki dövrdə, hər şeyin sürətlə inkişaf edib dəyişdiyi XXI əsrdə bütün sualların cavabı məşhur bir xokkey ustasından uğurlarının sirrini soruşduqda verdiyi cavabda gizlidir. Onun cavabı belə idi – Bütün oyunçular şaybanın olduğu yerə qaçarkən, mən şaybanın getdiyi tərəfə doğru qaçırdım.
Hazırda məşğul olduğun sahə və ya bir neçə il sonra seçəcəyin peşə də bu ilin yox, ən az 10-20 il sonranın standartlarına, tələblərinə cavab verən sahə olsun. Bakalavr ixtisasım Tarix, magistr ixtisasım Jurnalistika olduğu üçün nümunəni də bu sahədən verəcəm. Əgər sosial media sürətlə inkişaf edirsə, demək ki, qəzetdə ilişib qalmamalı, sosial medianın tələblərinə cavab verəcək jurnalist olmağı bacarmalısan. İndi çalışdığım sahə piar (PR), yəni ictimaiyyətlə əlaqələr olduğu üçün bununla ayaqlaşmaq çox çətindir. Daim oxumalı, dünyada və ölkədə baş verənlərdən xəbərdar olmalısan...
Yuxarıda qeyd etdiyim və daha sonra bölüşəcəyimi dediyim məqama gəldikdə isə, həqiqətən də yutuberlikdən ən çox özüm qazanmışam. Bu yazını yazarkən də məqsədim sənə faydalı olmaqla yanaşı, həm də özümə və ailəmə faydalı olmaqdır. Mən inanıram və ümid edirəm ki, sən sabah hansısa peşənin sahibi olacaqsan. Bəlkə də illər sonra mənim oğlumun müəllimi, dostu, iş yoldaşı, qohumu olacaqsan? Sən bu gün öyrəndiklərinlə illər sonra mənim oğluma, ailəmə və dolayı yolla bir başa mənə faydalı olacaqsan. Ona görə də bu yazılanlar, öyrəndiyin heç nə səndə minnət duyğusu yaratmasın. Əmin ol ki, istəsən də, istəməsən də bu öyrəndiklərini hansısa bir formada cəmiyyətə, insanlara qaytaracaqsan...
Bilmirəm, bəlkə də həyatın mənası öyrənmək və ötürməkdir?!
Çox uzatmadan və mövzudan uzaqlaşmadan balıq tutmağı öyrədəcəyini düşündüyüm 10 kitaba (sıralama şərtidir) keçirəm.
1. Lev Tolstoy – Sergi Ata
2. Stefan Svayq – Dünənin dünyası (Bütün əsərlərini oxuya bilsən lap əla)
3. Səməd Behrəngi – Balaca qara balıq
4. Platon – Sokratın müdafiəsi (Youtube kanalımda səsləndirmişəm)
5. Roda Cadkins – Yaradıcı düşünmə sənəti
6. Sun Tzu – Hərb sənəti
7. Xəlil Cibran – Peyğəmbər
8. Qriqori Petrov – Ağ Zanbaqlar ölkəsi
9. Doğan Cüceloğlu – Başarıya götüren aile ( Valideynlərinə oxuda bilsən daha yaxşı olar)
10. Əziz Nesin – Qısqanc nəqliyyat vasitələri (Bunu da youtube kanalımda səsləndirmişəm)
Yuxarıdakı yazıların bir faydası olmasa da, bu 10 kitabın faydalı olacağına və mütaliə zövqünün formalaşmasına kömək edəcəyinə inanıram. Onu deyim ki, bu kitablar həcmcə kiçik (vaxtınızı az alması üçün), mənaca geniş və hər yaşda insanın anlaya biləcəyi məzmundadır. Həyatın müxtəlif pillələrində oxuyub fərqli mənalar çıxara biləcəyin kitablardır.
Onu da qeyd edim ki, əslində ən yaxşı müəllimlər elə kitablardır. Kitab həm də müəllimlərin də müəllimidir. Ailəyə, dosta, əyləncəyə, dərsə və işə vaxt ayırdığımız kimi kitab oxumağın, mütaliənin də öz vaxtı olmalıdır. Kitab boş vaxtda oxunan bir məşğuliyyət vasitəsi olmaqdan çıxmalıdır. Həyatımızda ona bir yer və vaxt ayırmalıyıq...
Daha ətraflı məlumat üçün
https://ixtisas.az/az/tarix-ve-cografiya-muellimliyi-ixtisasi-61
https://ixtisas.az/az/tarix-muellimliyi-ixtisasi-60
https://www.youtube.com/watch?v=5WpFS6H5L2Q
Hörmət və sevgi ilə Sərxan Rüstəmov.
Mənimlə əlaqə saxlamaq üçün – serxan.rustemov@gmail.com ünvanından yaza bilərsən. Hələlik...
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.