Beynəlxalq turizm və ölkəşünaslıq
Beynəlxalq turizm və ölkəşünaslıq
Son illər turizm sənayesində ixtisaslaşmanın artması tədris müəssisələrində fərqli adda yeni ixtisasların yaranmasına gətirib çıxarıb. Ölkəmizdə bu il bakalavr pilləsində turizm bələdçiliyi və turizm işinin təşkili kimi yeni ixtisaslar açılmışdır. Turizmin tədrisində ixtisaslaşma daha çox magistratura pilləsində nəzərə çarpır. Bu baxımdan prestijli hesab olunan ixtisaslardan biri də Beynəlxalq turizm və ölkəşünaslıqdır.
İlk növbədə, gəlin “beynəlxalq turizm” və “ölkəşünaslıq” terminlərini ayrılıqda şərh edək. Beynəlxalq turizm – turizm fəaliyyətinin ölkə sərhədlərini aşaraq xaricdən turist qəbulu, xaricə turist göndərişini və bununla bağlı olan digər prosesləri özündə birləşdirir. Ölkəşünaslıq isə ayrı-ayrı ölkələrin və ya regionların təbiəti, əhalisi və təsərrüfatı haqqında məlumat verən coğrafiya sahəsidir. Beləliklə, beynəlxalq turizm və ölkəşünaslıq ixtisası beynəlxalq müstəvidə turizm fəaliyyətinin inkişaf istiqamətlərini, mədəniyyətlərarası münasibətləri, qlobal turizm bazarını, ayrı-ayrı regionların inkişaf perspektivlərini, turist davranışlarını və s. araşdırır.
Beynəlxalq turizm və ölkəşünaslıq ixtisasını 22-ci proqram üzrə bakalavr ixtisasları turizm, coğrafiya, coğrafiya müəllimliyi, tarix və coğrafiya müəllimliyi, dövlət və bələdiyyə idarəetməsi, biznesin idarə edilməsi, iqtisadiyyat olan bakalavrlar seçə bilərlər. Göründüyü kimi, sözü gedən ixtisası təkcə turizm ixtisaslı bakalavrlar yox, həmçinin digər yaxın ixtisaslı bakalavrlar da seçə bilər. Bu da ixtisası daha rəngarəng edir. Bakalavrı turizm ixtisası olan magistrlardan fərqli olaraq, bakalavrı qeyri-turizm ixtisası olan magistrlar beynəlxalq turizm və ölkəşünaslıq ixtisasını yeni bir sahə kimi öyrənir.
Bunun müsbət tərəfi ondan ibarətdir ki, ixtisası seçən şəxs iki ayrı sahə biliklərinə yiyələnmiş olacaq və bu da onun gələcəkdə fərqli sahələrdən daha çox iş seçimi əldə etməsinə imkan verəcək. Həmçinin, bakalavr illərindən əldə olunan biliklərin üzərinə yeni turizm biliklərinin əlavə edilməsi ilə kadr hərtərəfli inkişaf edərək peşəkarlıq qazanacaq. Misal üçün, bakalavrı tarix və coğrafiya müəllimliyi oxuyan birinin tarixi və coğrafi bilikləri onun bələdçi kimi uğurlu kadr olmasına səbəb ola bilər. Eyni zamanda, bakalavrı biznesin idarə edilməsi olan şəxslərin iqtisadi bilikləri turizm müəssisələrinin idarə edilməsində onlara kömək edə bilər.
İxtisası seçən şəxs yeni ixtisasa tam yiyələnmək üçün universitetin verdiyi təhsildən əlavə öz üzərində çalışaraq bilik və bacarıqlarını artırmalıdır. Əks halda, kadr natamam hesab olunacaq. Misal üçün, bakalavrı coğrafiya oxuyan biri üçün dörd il müddətində dil öyrənmək elə də vacib deyildi. Lakin, sən artıq magistrda beynəlxalq turizm və ölkəşanslıq ixtisasını seçmisənsə, məqsədin gələcəkdə turizm sahəsində işləməkdirsə, ən azı bir xarici dil öyrənməlisən.
Dil biliklərindən əlavə bronlaşdırma ilə bağlı olan proqramları (Amadeus, Galileo və s.), beynəlxalq səyahət portallarının (booking.com, tripadvisor.com və s.) işləmə prinsipini, viza prosedurlarını, miqrasiya proseslərini bilmək şəxsin turizm sahəsində peşəkarlaşmasına kömək edəcək. Bundan əlavə, gündəlik siyasi-iqtisadi prosesləri izləmək, turizm yönümlü bloqlar oxumaq, turizm ekspertlərinin çıxışlarını dinləmək, ölkələrin turizm siyasətini və turist davranışlarını analiz etmək, ekoloji və texnoloji dəyişikliklərin turizmə təsirlərini araşdırmaq, ölkə turizminin mövcud vəziyyətini, turizm haqqında qanunları, fərmanları, dövlət proqramlarını təhlil etmək, ölkə iqtisadiyyatından, tarixindən, coğrafiyasından, mədəniyyətindən, adət-ənənəsindən məlumatlı olmaq sizin əmək bazarında layiqli yer tutmağınıza səbəb olacaq.
Ümumilikdə, turizmin müxtəlif sahələrini bitirən şəxslərin konkret olaraq turizmin hansı sahəsində çalışacağını demək çox çətindir. Tədris müddətində demək olar ki, əksər ixtisaslara eyni fənlər keçirilir və tələbə hər bir sahə haqqında məlumatlı olur. İş seçimi daha çox şəxsin özünü hansı sahədə görmək istəməsi və bu sahəyə uyğun olub-olmamasından asılıdır. Adətən, beynəlxalq turizm və ölkəşünaslıq ixtisasını bitirən gənclər gəlmə turizmi üzrə mütəxəssis (incoming specialist), getmə turizmi üzrə mütəxəsis (outgoing specialist), viza mütəxəsisi, mehmanxana və restoran menecmentində müxtəlif vəzifələrdə işləməyi üstün tutur. İxtisası bitirib turizm bələdçiliyi, hostess və digər sahələrdə işləyənlər də az deyil.
Turizmdə təkmilləşmək üçün praktika çox vacibdir. Siz turizmə aid çoxsaylı kitablar oxuya bilərsiniz, amma təcrübəniz yoxdursa, bu oxuduqlarınız sizi sadəcə turizm haqda məlumatlı biri edəcək, turizm mütəxəsisi yox. Çoxumuz universiteti bitirən kimi yüksək məvacibli işə qəbul olunacağımızı düşünürük. Lakin, bu belə deyil. Həmin yüksək işə çatmaq üçün təkmilləşmək, təkmilləşmək üçün isə təcrübə proqramlarında və yeri gəldikdə aşağı maaşlı işlərdə də çalışmaq lazımdır.
Bir çox sahədə olduğu kimi turizmdə də karyera yüksəlişi pilləvari şəkildə gedir. Haqqında danışdığım ixtisas da daxil, bütün turizm ixtisaslarında bu belədir. Turizm sektorunda əsas fiqur turistdir. Məhz turist tələbatına uyğun olaraq dövlət orqanları və turizm şirkətləri strategiya hazırlayıb həyata keçirirlər. Turist tələbatının real mühitdə öyrənilməsinin ən yaxşı üsulu turizm bələdçisi kimi işləməkdir. Bələdçi kimi çalışaraq siz həm dil və ünsiyyət bacarıqlarınızı artıra, həm də turist tələbatlarını əyani şəkildə müəyyənləşdirə bilərsiniz. Bu təcrübə sizə gələcəkdə iş prosesində çox kömək edəcək. Əgər siz mehmanxana və restoran sahəsində işləməyi seçirsinizsə, bu zaman da siz turist və ya müştəri ilə ünsiyyətdə ola biləcəyiniz ən aşağı vəzifələrdən birindən (resepşn, qarson) başlaya bilərsiniz. Dünya təcrübəsinə əsaslanan bir çox mehmanxana və restoranlar bu sistemlə çalışır. Təəssüf ki, ölkəmizdə xidmət sektorunda çalışan işçilərə yuxarıdan aşağı baxanlar az deyil. Lakin turizmin inkişafı ilə bu xoşagəlməz halın da zamanla aradan qalxacağını söyləmək olar. Ona görə də heç nəyə fikir vermədən daim yeni şeylər öyrənib, təkmilləşmək lazımdır.
Beynəlxalq turizm və ölkəşünaslıq ixtisasına bənzər xarici universitetlərdə İnternational Tourism Management, Tourism and Service Management, Master in Tourism Management və s. adlı ixtisaslar mövcuddur. Bu baxımdan Avropada İsveçrə, İtaliya, Birləşmiş Krallıq, Niderland universitetlərinin reytinqi daha yüksəkdir. İstənilən turizm sahəsi üzrə master təhsili sizin şəxsi reputasiyanızın artmasıyla yanaşı, əldə etdiyiniz biliklər əmək bazarında daha arzulanan şəxs olmağınıza səbəb olacaq.
İllər keçdikcə qlobal mühitdə turizm sənayesi sürətlə böyüməkdə davam edir. Turizm sənayesi ölkəyə maliyyə axınının yaranmasına, işsizliyin aradan qalxmasına, sosial-infrastrukturun yaxşılaşdırılmasına və ölkənin dünya miqyasında tanınmasına səbəb olur. Dünya ölkələri turizm sənayesinin bu kimi müsbət xüsusiyyətlərindən yararlanmaq üçün müxtəlif strategiyalar yürüdürlər. Turizm resurslarının zənginliyi ilə seçilən Azərbaycanda turizm neft-qaz sənayesindən sonra əsas prioritet sənaye sahəsi hesab olunur və dövlət bu sahəni inkişaf etdirməkdə maraqlıdır. Deməli, gələcəkdə turizm üzrə ixtisaslı kadrlara ehtiyac indikindən qat-qat daha çox olacaq. Turizm sahəsi üzrə təhsil alaraq gələcəyinizə indidən yatırım edə bilərsiniz. Son olaraq bildirmək istərdim ki, yazdıqlarım öz şəxsi təcrübəmə, müşahidələrimə və bu sahəni oxuyub, hazırda çalışan dostlarımızın fikirlərinə əsaslanır. Ümid edirəm, məqalə sizə ixtisas seçiminizdə yararlı olacaqdır.
Nicat Aslanov
Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi (bakalavr)
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.