Biotexnologiya – iki elmin vəhdəti

Biotexnologiya – iki elmin vəhdəti

Biotexnologiya – iki elmin vəhdəti

 Biotexnologiya biologiya elminin və texnologiyanın vəhdətindən yaranıb. Bu elm sahəsi təbiətin bizə verdiyi nemətləri texnoloji metodlarla emal edərək müasir cəmiyyətin tələbatına uyğun məhsulların əldə edilməsinə yönəlir. Dünya üzrə müxtəlif sənaye istiqamətlərində əsas məqsəd az enerji, aşağı maddi vəsait sərfiyyatı hesabına daha az tullantı ilə yüksək çıxımda məhsul əldə etməkdir. Hər kəs daha az sərf edib daha çoxuna nail olmaq istər. Biotexnologiya buna şərait yaradır.

 Biotexnologiya üzrə mütəxəssislər – biotexnoloqlar bioloji, tibbitexnoloji problemləri həll etmək üçün orqanizmlərdən istifadə üsulları ilə məşğuldurlar. Onların elmi fəaliyyətinə gen mühəndisliyi, hüceyrə kulturasının alınması, bioloji aktiv maddələrin və dərmanların yaradılması, canlı hüceyrələrdən enerjinin əldə edilməsi, çirkab suların təmizlənməsi və s. daxildir. 

 Əsrlər boyu insanlar bugün bizim üçün ənənəvi olan qida məhsullarının (süd məhsulları, çörək, müxtəlif içkilər, konservlər və s.) hazırlanmasında bilərəkdən və ya özləri də xəbərsiz biotexnoloji metodlardan istifadə etmişlər. Müxtəlif dərmanların, vitaminlərin, qida əlavələrinin, bioloji aktiv maddələrin alınması biotexnoloji metodikaya əsaslanır. Müasir cəmiyyətin və planetimizin inkişafı elm qarşısında yeni tələblər qoyur. Bu tələblərə cavab verə bilmək üçün biologiyanın fundamental sahələrini öyrənib, əldə etdiyi bilikləri müasir texnologiyanın imkanları ilə birləşdirmək məhz biotexnoloqun öhdəsinə düşür.

 Məsələn, ölkəmizin qida sənayesi tullantıları müxtəlif bioloji aktiv maddələrlə zəngindir. Belə tullantıların təkrar emalı həm yeni məhsulların əldə edilməsinə, həm də dövrümüz üçün aktual olan tullantısız istehsala şərait yarada bilər. Başqa bir misal -  ənənəvi enerji ehtiyyatları ilə yanaşı alternativ enerjinin alınmasında da biotexnologiyanın rolu böyükdür. Belə ki, mikroorqanizmlərdən yanacaq enerjisinin əldə edilməsi biotexnologiyanın aktual məsələlərindən biridir. Bu yolla həm təbiətin çiklənməsinin qarşısını almaq, həm də tükənən enerji ehtiyyatlarımızı səmərəli şəkildə istifadə etmək olar. 

 Bunlar biotexnologiya kimi əhəmiyyətli elmin çox kiçik bir sahəsini əhatə edən misallardır. 

 Bu ixtisasa yiyələnmək, gələcəkdə bu sahədə əsl mütəxəssis olmaq istəyirsənsə, səndən aşağıdakılar tələb olunur:

  • Elmə dərin maraq və sevgi (hər işin əsas açarı)

  • Analiz qabiliyyəti 

  • Xarici dil bilikləri (ingilis və rus dilləri arzuolunandır)

  • Məsuliyyət

  • Komanda şəklində işləmə bacarığı (hər bir tədqiqatçının ona yol göstərən rəhbəri və birlikdə işləməkdən həzz aldığı komandası olmalıdır)

  • Araşdırma qabiliyyəti 

 Bütün bu sadaladıqlarımı düzgün alınmış təhsil prosesində özündə formalaşdıra bilərsən, belə ki, altından xətt çəkdiyim birinci punkt (elmə dərin maraq və sevgi) səndə varsa, ardı gələcək.

 Obyektivlik baxımından qeyd etməliyəm ki, gen mühəndisliyi, klonlama kimi istiqamətlərdə tədqiqatlar ölkəmiz üçün yenidir. Lakin mikroorqanizmlərin sənayesi, qida sənayesi biotexnologiyası, əczacılıq, qida əlavəsi və kosmetologiya sahələrində biotexnoloji metodlarla nüfuzlu işlər aparılır. 

 

Günel Mehdiyeva 

Bakı Dövlət Universiteti,

“Biomühəndislik” elmi tədqiqat laboratoriyası

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.