Bir pianoçunun abituriyentlik illəri
Hər vaxtınız xeyir, əziz oxuyucular!
Mən Fuad İbrahimli, bir pianoçu olaraq öz abituriyent vaxtlarımdan danışmaq istəyirəm. Mümkün qədər səmimi olacam, bu yazı motivasiya məqsədli yazıdır.
İlk öncə mən də hər biriniz kimi universitetə hazırlaşırdım (I qrup). İndi sual yaranacaq ki,”pianoçu ilə I qrupun nə əlaqəsi ?” İndidən deyim ki, məktəbdə 8-ci sinifdə oxuyarkən artıq 7 illik musiqi məktəbini bitirmişdim. Xülasə, valideynlərimin təkidi, dırnaq arası “motivasiya” ilə I qrupa hazırlaşırdım. Heç şübhəm yoxdur ki, çoxunuzun valideyni belə motivasiya edir sizi - yəni “filan işdə yaxşı pul var, ailə saxlayacaqsan və.s və ilaxır”. Onları əsla qınamıram, övladını düşünür. Amma burada əsas məsələ övladın öz istəkləridir, öz həyatıdır, öz gələcəyidir. Əlbəttə, bugün pul “çox şeydir”, amma əsla “hərşey” deyil. Yaşa dolduqca fərqinə varır insan. Nəysə, uzun sözün qısası, hazırlaşırdım bir təhər, dəqiq elmlərə heç marağım yox idi. Hətta imtahandan kəsiləcəyimi bilirdim, amma yenə də valideynlərimə görə “dirəşmişdim”. O “böyük gün” gəldi. Mən kəsildim..
Əlbəttə, kefim pozulmuşdu, amma nəticədə dünyanın sonu deyildi. Təxminən Avqust ayı idi və mən qərara aldım ki, III qrupa hazırlaşım. Çünki humanitar elmlərə marağım hər zaman var idi. Oktyabrın sonu başladım hazırlaşmağa. 7-8 aya hazırlaşdım və universitetə daxil oldum, “Tərcüməçi” ixtisası üzrə universiteti bitirdim və yollandım əsgər...
Sonra qayıtdım ingilis dili müəllimi işlədim və.s. Amma məni motivasiya edən heçnə yox idi, xoşbəxt deyildim, nəsə çatışmırdı sanki... Nəsə əskik idi, etdiyim işdən heç zövq ala bilmirdim, bundan qabaq isə universitetdə oxuduğum dönəmlərdə pianinoda ifalarımı çəkib instaqrama, youtube-a yerləşdirirdim və xoş rəylər alırdım. Nəysə bir müddət işləyəndən sonra artıq qərarımı vermişdim MUSİQİ...
Özümü o sahədə çox xoşbəxt hiss edirdim..Yenə haşiyədən kənara çıxıb valideynlərimə təşəkkür edirəm ki, məni “sürüyə-sürüyə” musiqiyə aparıblar. Hə, deməli, başladım sosial şəbəkələrdə piano ifalarımı yerləşdirməyə və insanlarda maraq yarandı. Ətrafım birdən-birə böyüməyə başladı. Elə bu ərəfələrdə ölkə xaricinə köçdüm və hazırda öz sevdiyim, xoşbəxt olduğum sahədə çalışıram. Bütün bu yazdığım məqalədə bir daha onun fərqinə varıram ki, insan gərək öz xoşbətliyinin arxasınca getsin. Öz istəklərini daim üstün tutsun, bu sizin həyatınızdır və qərarlar tamamilə sizə aiddir, bütün məsuliyəti siz özünüz daşıyırsız (daşımalısız)! Hansı sahədə olursuzsa olun, əsas odur öz istəyinizlə olun!
Fuad İbrahimli
Pianoçu
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.