Biraz Süni İntellektdən danışaq
Əksər hallarda mövzuya tərif verməklə başlayırıq. Çox gözəl, lakin "Süni İntellektin" ümumi bir tərifi yoxdur :D "Google"-da “What is definition of A.I?'' (Sİ-in tərifi nədir?) ifadəsini yazsaq, axtarış sistemi təxminən 3.040.000.000 nəticə (0,63 saniyədə) qaytaracaq. Süni intellektin mükəmməl tərifini tapmaq üçün bütün bu nəticələri gözdən keçirməyə bütün həyatımız yetərmi əmin deyiləm. Gəlin Vikipediya tərifinə nəzər salaq: '' Süni intellekt (Sİ) (ing. artificial intelligence (AI)) — insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elmdir.''
Bir dəqiqə.... Bəs Terminator kimi bir fiqur olmalı deyildi? :D
Biz insanlar şişirtməyi, qeyri-real gözləntilərdə olmağı çox xoşlayırıq. (Bəzən bu şişirmələrdən bəziləri sonra gerçək olur) Səbəbi fərqli bir dünyanı səbirsizliklə gözləməyimizdir. Buna görə texnologiyadakı yüksəliş səs-küy yaratdı və çoxdan gözlənilən "Süni İntellektin" ortaya çıxması nəticəsində həyatın necə olacağına dair bugün üçün şişirdilmiş, qeyri-real gözləntilər yarandı. Homerin “İliada”sından tutmuş yeni “Ex Machina” filminə qədər Süni İntellekt ədəbiyyat və filmlərdə təkrarlanan mövzu olmuşdur. Lakin medianın bu texnologiyanı təqdim etmə şəkli reallıqdan fərqlidir. Ya süni intellekt məhv edilir, ya da insanların ixtiraları onları məhv edir...
O zaman reallıqlardan danışaq. Bunun üçün biraz zamanda səyahət etməli olacağıq. Gəlin, ''sehrli'' xalatımızı geyinək və sözlərimizi deyək:
''Ayravana, ayravana, çandrika, çitrakuta, çitrakuta işvara!''
İrəvana deyil, qədim Yunanıstana gəldik :D
Elə qədim zamanlarda Yunan klassik filosofları insan düşüncəsini sistemli modelləşdirmək üçün səy göstərmişdirlər. Yunanların robot və Sİ haqqında mifləri də varmış, məsələn nəhəng tunc robot Talos, süni qadın Pandora. 1950-ci illər gəldikdə, bizdə Sİ anlayışını mədəni şəkildə mənimsəmiş alimlər, riyaziyyatçılar və filosoflar nəsli var idi... Belə insanlardan biri Süni İntellektin riyazi imkanlarını tədqiq edən gənc İngilis riyaziyyatçısı Alan Turinq idi. Turinq 1950-ci ildə yazdığı məşhur "Computing Machinery and Intelligence" adlı məqaləsində ilk dəfə olaraq maşının mümkün zəkasına dair sualı qaldırdı və bir insanın ayırd edə bilməsi lazım olan "game of imitation"nu təsvir etdi və insan teletayp ilə olan dialoqunda maşınla yoxsa insanla danışdığını ayırd edə bilməli idi.
İllər keçdi... Sİ qızıl çağını yaşadı. Lakin sonrasında soyuq qış küləyi əsdi. 1973-1980 illərdə Süni İntellektin birinci qışı (The first AI winter) 1987-1993 illərdə isə Sİ ikinci qışı (Second AI winter) yaşandı. Bu sahə üzrə maliyyələşmənin və marağın azaldığı iki əsas dövrdür.
2000-ci illərin sonu və 2010-cu illərin əvvəllərində maşın öyrənməsi (machine learning) və dərin öyrənmə (deep learning) sahəsində irəliləyişlər başladı. Neyron şəbəkələri ideyası, data və hesablama resurslarının bol və çox münasib qiymətə olması ilə reallaşmağa başladı. Dərin öyrənmə kompüterlərə səsin tanınması və kompüter görmə (computer vision) kimi statik qaydalarla kodlaşdırılması çətin olan tapşırıqları yerinə yetirməyə kömək edirdi. Tezliklə, dərin öyrənmə və maşın öyrənməsi bir çox böyük texnoloji şirkətlərin diqqət mərkəzinə çevrildi. Toyota, Audi, Volvo və Tesla kimi avtomobil istehsal edən şirkətlər qəza halları olmadan istənilən mühitdə maşın sürmək üçün maşın öyrənmə alqoritmlərindən istifadə edirlər. Tibbdə CT taramalarını, rentgen şüalarını, MRT-ləri və digər görüntüləri təhlil etmək üçün istifadə olunur. Kənd təsərrüfatında bitkilərdə xəstəlikləri, zərərvericiləri vs. aşkar etməyə kömək edir.
Gündəlik həyatımızda necə istifadə edildiyinə dair nümunələrə baxaq. "Google" axtarış sistemi ən çox istifadə edilən axtarış motorudur. Dəqiq nəticə göstərməsinin səbəbi Sİ-dir. Netflix film tövsiyyələri üçün maşın öyrənməsindən istifadə edir. Spotify ,Google asistant, Siri, Facebook, İnstagram vs. kimi hər gün istifadə etdiyimiz məhşur programlar da onun tətbiqindən yararlanır.
Dr.Andrew Ng "Sİ yeni elektrikdir. Elektrik enerjisi 100 il əvvəl həyatda inqilab etdiyi kimi, Sİ də bu gün həyatımızı tamamilə dəyişir" fikrini bildirmişdir. Süni intellekt böyük bir karyera perspektivinə malikdir. Hal-hazırda bu sahəsinin tətbiqini Azərbaycanda müxtəlif sektorlarında görmək mümkündür. Misal üçün A2Z, Azercosmos, ATL, Asan xidmət, Azərbaycan Beynəlxalq Bankı, E-Gov, Paşa Bank vs kimi özəl və dövlət müəssisələrində tətbiq edilir.
Bu sahədə biliklərimizi inkişaf etdirmək üçün öncəlik olaraq yerli universitetlərlə bağlı gözləntilərimizi minimum tutmaqdır. Bakalavr səviyyəsində "Süni intellekt'' və ya ''Data elmi" ilə bağlı spesifik ixtisas olmadığı üçün kompüterlə bağlı ixtisaslardan məsələn, İnformasiya Texnalogiyalarında, Komputer mühəndisliyində bir simestr bu fənn tədris olunur. Təbii ki bir semestr heçdə kifayət deyil. Öz üzərimizdə çalışaraq biliyimizi artıra bilərik. İnternətdə kifayət qədər vəsait vardır. edX, Coursera, Udemy kimi platformalarda məhşur şirkət və top universitetlərin kurslarını götürərək həm sahənizi həm öyrənə, həm də sertifikat qazana bilərsiz. Amma və lakin “Bir qalanın sirri” filminin qəhrəmanlarından Kamran baba 2022-ci ildə Elşənə məsləhət versəydi, "İngilis dilini inkişaf etdirməsən sehrli kəmər belində dayanmaz" deyərdi. Qeyd etdiyim platformalarda əsasən kurslar ingilis dilində olur. Alt yazıdan da istifadə edə bilərsiz, amma bu sizi limitləyəcək. Çünki İngilis dilində başqa möhtəşəm pulsuz vəsaitlər, online kurslar, kitablar, müxtəlif digər mənbələr öyrənmə həvəskarlarını gözləyir. Xəzinənin açarıdır əlinizdədir, mütləqdir ki, öyrənəsiz. Süni intellekti öyrənmə, birinci ingilis dilini öyrən. Türk və rus dillərində də materiallar tapa bilərsiz, amma dünyaya açılmaq üçün ingilis dili tövsiyə edilir.
Bugün qısa da olsa Sİ haqqında sizlərə ətraflı məlumat verməyə çalışdım. İxtisas seçmək 16 yaşlı gənc üçün çətin ola bilər. ''Nə oldum deməməli nə olacağam deməli.'' İnsanların əksəriyyətinin bakalavrda aldığı təhsil ilə gördükləri iş eyni deyil. Özümüzü tanımağa başladığımızda nə olacağımız haqqında fikir formalaşacaq. Əsas olan buna cəsarət göstərmək və öz hekayəmizi yazmağa cəhd etməkdir.
Aytən Məmmədova
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.