Biz musiqişünas əhliyik, konservatoriyadan çıxmışıq...
Bilirəm, bilirəm, bizim sahənin adı, əsasən, elə musiqi əhatəsində eşidilir və bu dairədən kənara çox çıxa bilmir. Səbəbləri var, ancaq əvvəlcə gəlin sizə, ölkəmizdəki musiqişünaslıq haqqında danışım. Musiqişünaslıq ən qısa şəkildə desək, musiqi elmidir. Onun yaranması, toxunduğu, fəth etdiyi hər şeyi , var olma səbəbini, gəldiyi və gedəcəyi yolu, insanlar üzərindəki istisnasız təsirini və daha sadalanması uzun çəkən aspektlərini öyrənir musiqişünas. Bunun üçün də musiqişünaslığın çoxsaylı qolları meydana gəlmişdir. Müxtəlif aspektləri musiqişünaslığın ayrı-ayrı sahələrində tədqiq edirlər (musiqi estetikası, musiqi psixologiyası, musiqi akustikası, musiqi sosiologiyası və s.).Ölkəmizdə musiqişünaslıq mövcud üç təməl bölgüdə- tarixi , nəzəri və etnomusiqişünaslıq - öyrənilir. Adlar istiqaməti müəyyən dərəcədə ifadə edir deyə, ayrılıqda onlardan bəhs etməyə ehtiyac yoxdur. Tədris edilən fənlərin demək olar ki, çoxu eynilik təşkil edir. Bununla yanaşı, musiqişünaslıqla bağlı təəssüf ki, cəmiyyətimizdə müəyyən stereotiplər də var. Musiqişünaslar digər bir çox elm nümayəndələri kimi daim pərdə arxasında qalırlar. Bu da normaldır, elm axı nümayiş sənəti deyil, konservatoriyada təhsil alan hər kəsə səhnə obrazı şamil edilməsin gərək. Cəmiyyətdə bu “ uğur qazanmamış səhnə insanı ” obrazı təsəvvürü yaratdığındandır ki, belə stereotiplər doğulub. Öhdəsindən gələrik, buna görə də ixtisaslı kadr kimi yetişmək və bu stereotipi yıxmaq üçün təhsil müddətində nələrə diqqət yetirməli olduğumuzu bilməliyik.
Musiqişünaslıq ixtisasında təhsil almaq istəyən gənclər təbii ki , bu sahə haqqında əvvəlcədən az da olsa məlumatlı olurlar, çünki təhsil ocağına qəbul olmazdan öncə illərlə musiqi təhsili alınır. Digər sahələrdən fərqli olaraq, musiqişünaslıq ixtisasına qəbul olarkən musiqi ədəbiyyatı ( rus, qərb və milli ), nəzəriyyəsi ( solfecio, harmoniya), ifaçılığa–kifayət dərəcədə yiyələnmiş olur. Kollecdə oxuyarkən bu biliklər daha da zənginləşə, yaxud elə mövcud səviyyəsindən aşağı düşə bilər. Məktəbdən ali təhsil ocağına qəbul olursunuzsa, bir müddətdən sonra belə olma ehtimalı var. Buna görə də daim öz üzərinizdə çalışmaq lazımdır. Peşəkar musiqişünas kimi formalaşmaq üçün nələrə diqqət etməməliyik ki? İlk sırada dil maneəsi dayanır. Rus dilindən heç bəhs etmirəm, bu dili bilsəniz də, bilməsəniz də başqa əlacınız yoxdur, sovetin qəliz dilli, tozlu kitablarını oxumalısınız. Burada artıq tələbəyə aydın olacaq ki, təhsil aldığı müəssə keçmişdən bu günə dünyada baş verən mühüm hadisələrdən nə qədər geri qalıb. Həmin hadisələr uzaq keçmişi, gələcəyə addımları və lap elə indini heç əhatə etmir. Demək ki, dil bilgisi ilə bu problemi həll etmək üçün ilkin addımı atmaq olar. İngilis, italyan, fransız, alman, fars, ərəb... Nə qədər mümkündür bu bariyeri aşmaq və müxtəlif elm mənbələrini əxz etmək lazımdır. Təhsil illərini bununla çox səmərəli və zəngin bir təcrübə ilə zənginləşdirmək olar. Eyni zamanda dil bilmək təbliğat sahəsində aktiv olmaq, beynəlxalq arenada iştirak üçün vacibdir. Dil bilgisi ilə ekspedisiyalarda, müxtəlif ölkələrdə konfranslarda daha çox məlumatlar əldə etmək mümkündür. Digər məsələ, humanitar sahələrlə yaxından tanış olmaqdır. Tarix, fəlsəfə, psixologiyanı öyrənməyə çalışsınlar, bu onlara fərqli yanaşmalar qazanmağa kömək edəcəkdir. Öz üslublarını formalaşdırmaq üçün daim nəsə yazmaq, mütaliə etmək lazımdır. Mütaliə isə sırf elmi ədəbiyyat yox, ədəbiyyatın bütün qollarını ehtiva etməlidir. Dünyagörüşünün artırılmasında digər ölkələrin musiqiçiləri ilə əlaqə yaratmaq da vacibdir. Eləcə də mütləqdir ki, akademik musiqi ilə yanaşı digər musiqi janr və sahələrindən xəbərdar olsunlar. Ən vacib məsələ ilə öz musiqimizdir. Bu barədə xüsusi diqqətli və analitik olmaq lazımdır. Bəlli məsələdir ki, qonşu ölkələrdə kimlər var, kimlər nəyi öz adına çıxarır və s. Öz musiqimizi doğru şəkildə bilmək üçün yuxarıda sadaladığım məsələləri yerinə yetirmək, eyni zamanda ölkə ərazisində yaşayan etnik qrupların musiqi və mədəniyyətini bilmək lazımdır. Nitq üzərində də çalışmağı unutmayaq, bir musiqişünasın həm də səlis və aydın danışığı, tutarlı arqumentasiyası və peşəkarlığı olmalıdır. Çünki o, həm orator, həm müəllim, həm alim, tənqidçi, alimdir...
Təhsil müəssəsindən kənarda istənilən fəaliyyət musiqişünasın formalaşmasında mühüm əhəmiyyət kəsb edə bilər. Bu istər televiziya və radioda çalışmaq, istərsə kitabxanaçı işləmək olsun fərq etməz. Bir musiqişünasın dünyagörüşü ən müxtəlif sahələrdən də nəsə əxz etməklə zənginləşə bilər.
Xaricdə təhsil mühümdür əlbəttə ki. Ancaq nəzərə almaq lazımdır ki, konservatoriya ( Bakı Musiqi Akademiyası) güclü təhsil sistemi üzərində qurulmuşdur. Üzeyir Hacıbəyli Rusiyadan çoxsaylı müəllimlər dəvət edərək burada rus musiqi təhsil sisteminin oxşarını yaratmışdır. Almaniya musiqi təhsili, sovet sistemindən seçilir. Yaxud İtaliyada musiqişünaslıq konservatoriyada deyil, humanitar yönlü təhsil ocaqlarında keçilir. Xaricdə təhsil bir musiqişünasa çox şey verəcəkdir. Bu həm yeni baxış bucaqları qazanmaq, konsertlərdə , tədbirlərdə, konfranslarda iştirak etmək, yeni mənbələrlə tanış olmaqda özünü göstərəcəkdir. Əsas məsələ isə ,ölkəyə qayıtdıqda real mənzərəyə və şəraitə uyğunlaşa bilməkdir. Bu da zaman alacaqdır şübhəsiz ki.
Ətraflı məlumat üçün https://ixtisas.az/az/musiqisunasliq-ixtisasi-39
Humay Süleymanlı
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTv) QSC nəzdində Mədəniyyət kanalının müxbiri.
BMA-nın məzunu, Azərbaycan Milli Konservatoriyasının II kurs magistr tələbəsi
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.