Biznesin idarə edilməsi

Biznesin idarə edilməsi

Biznesin idarə edilməsi

  Məzunu olduğum “Biznesin idarə edilməsi” ixtisası artıq dünyanın dörd bir yanında, minlərlə universitetdə var. Hətta bəzi ölkələrdə bir universitetin tərkibində bir neçə “Biznesin idarə edilməsi” fakültəsi görə bilərsiniz (məsələn, Türkiyədə). 

  Bir universitetin tərkibində niyə birdən artıq BİE ixtisası olsun ki? Hansı universitetdə olan BİE ixtisasını seçməliyəm? Mənfi və müsbət cəhətləri nədir bu ixtisasın? BİE məzunu olaraq karyeramı necə inkişaf etdirə bilərəm?

  Bir neçə il əvvəl, universitet seçimi edərkən yuxarıdakı suallar məni də yatmağa qoymurdu. Aşağıda ilk öncə bu ixtisasın niyə və necə seçilməli olduğunu, qəbul olduqdan sonra nələrə diqqət etmək lazım olduğunu, məzuniyyətdən sonra nə kimi çətinliklərlə üzləşə biləcəyinizi təcrübəmə uyğun olaraq paylaşmağa çalışmışam.

  BİE ixtisasından məzun olmağın sizə verəcəyi ən önəmli üstünlük, məzun olaraq biznes və iqtisadiyatla əlaqəli hər bir ixtisasda yetəri qədər bilikli olmağınız və üstəlik, sahibkarlıq bacarıqlarınızı inkişaf etdirməklə, uğurlu bir iş qurmaq şansınızı da yüksəldə bilməyiniz ola bilər. 

  Mən bakalavr təhsilimi Türkiyənin Akdeniz Universitetində İşletme ixtisasında bitirmişəm və bu ixtisası seçərkən universitetin prestiji və nailiyyətləri ilə yanaşı, həm də fakültənin akademik heyətini, sillabusunu araşdırmışdım. Sillabus tələbənin həmin ixtisasda məzun olmaq üçün müvəffəqiyyətlə bitirməli olduğu kursların siyahısıdır. Təbii ki, hər bir ixtisas fərqli universitetlərdə fərqli sillabuslarla keçirilir. Amma BİE ixtisasının sillabusuna nəzər yetirməklə siz 4 illik təhsil həyatınız boyunca sizin hansı yöndə irəliləyəcəyinizi görə bilərsiniz. Hər semestr orta hesabla 7 dərsiniz olduğunuzu düşünsək, əgər sizin hər semestr məcburi 3 – 4 dənə mühasibat – maliyyə dərsiniz olsa, təhsilinizin sonunda siz artıq bu sahə üzrə ixtisaslaşmış olacaqsınız. Ona görə də, əgər rəqəmlərlə aranız yaxşı deyilsə və məzun olub insan resursları, marketinq sahələrində işləməyi düşünürsünüzsə, bu tərzdə hazırlanmış bir sillabus sizin üçün çətin ola bilər. Bunun tərsi olan situasiya ilə də qarşılaşa bilərsiniz. Yəni bakalavr təhsilinizdən sonra maliyə mütəxəssisi, layihə meneceri, mühasib olaraq karyeranıza başlamağı düşündüyünüz halda, Sosial Elmlər fakültəsinin tərkibində olan BİE ixtisasında 4 il boyunca idarəetmə dərsləri keçib, öz istəyinizə çatmaqda çətinliklə qarşılaşa bilərsiniz. Daha əvvəl qeyd etdiyim bəzi ölkələrdə bir universitet daxilində birdən çox BİE olmasının səbəbi də məhz budur. İxtisasların sillabusunu internet səhifələrindən tapmaq olar. Bu mümkün olmadıqda, özləri ilə əlaqə saxlaya və ya sosial şəbəkələr, forumlar vasitəsilə məzunlardan soruşa bilərsiniz. 

  BİE ixtisası ümumi olduğu üçün professional karyeranızı qurduğunuz sahəyə fokuslanmış magistr təhsili sizin üçün çox önəmli olacaq, sizə daha çox qapılar açacaq. Buna görə də, 100 üzərindən 90+ ortalama BİE tələbəsinə magistr təhsili üçün ən önəmli üstünlüklərdən biri ola bilər. 4 illik bakalavr təhsilinin son 2 ilini ixtisasınıza fokuslanmağa çalışacağınızı nəzərə alaraq, ilk 2 il ərzində dil biliklərinizi və texniki bacarıqlarınızı inkişaf etdirməyiniz üçün yetəri qədər vaxtınız olacaq. Ümumiyyətlə, bugün ən az B1-B2 səviyyədə ingilis dili və orta səviyyədə kompüter bilikləri olmayan BİE məzununun iş tapmaq şansı demək olar ki, yoxdur. 

  Son 2 ilinizi ixtisasınıza uyğun kitablar oxumaq, məqalələr yazmaqla keçirməyinizin sizin üçün çox böyük üstünlük olacağını təkrar qeyd etməyin faydalı olduğunu düşünürəm. Yay aylarında təcrübə proqramlarına qatılmaq, özünüzü ixtisasınızın teorik tərəfindən çıxarıb praktiki tərəfində sınamağınız sizin üçün gələcəyinizə dair fikir formalaşdırmaqda çox önəmli olacaq. Çünki, prestijli saydığınız bir sahənin, praktikada sizə uyğun olub-olmadığını məzun olmazdan əvvəl öyrənməlisiniz. Bu müddət ərzində sizin üçün maraqlı olan və mütaliənizin olduğu sahələrə dair yazdığınız bir neçə məqaləni həm yerli, həm də beynəlxalq jurnallarla, dərgilərlə paylaşmağınız həm iş, həm də akademik həyatınız üçün çox böyük önəm kəsb edəcək. Bundan başqa, ixtisaslaşmaq istədiyiniz sahə üçün beynəlxalq təşkilatları tapıb, onlara üzv olmağınız karyeranıza yaxşı bir başlanğıc ola bilər. Bu kimi platformalar və təşkilatlara qəbul olmaq üçün çox vaxt imtahanlardan keçməli ola bilərsiniz. 

  Bütün bunlarla yanaşı, mütləq şəkildə exchange (erasmus, mevlana, iaestee və digərləri) proqramlarına qatılmağınızı tövsiyyə edirəm. 

 

Valeh Həsənov 

Accenture Services şirkətində Junior Web Data Analyst

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.