Coğrafiya müəllimliyi

Coğrafiya müəllimliyi

Coğrafiya müəllimliyi

Bir coğrafiyaçı kimi -Coğrafiya müəllimliyi                                                 

  Abituriyentlik dövrümün ortalarında  təxminən 10-cu sinifin axırında artıq hansı ixtisası seçəcəyimi qərarlaşdırmışdım. Ancaq hələ də bəzi suallar qarşısında aciz idim. Hər tərəfdən edilən tövsiyələr fikirlərimi alt-üst etmişdi. Ən əsası isə ətrafımdakı çox insanın məni öz fikrimdən yayındırmaq cəhdləri məni xeyli məyus etmişdi.  Yadımdadır 500-ə yaxın bal yığmışdım və rahat şəkildə digər ixtisaslara yönəlmək şansım var idi. Ancaq mən seçimimdə qəti idim. Uzun düşüncələrdən, müzakirələrdən sonra  dediyim kimi də etdim, ilk yerə “Coğrafiya müəllimliyi” ixtisasını qeyd edib həmin ixtisasa da düşdüm.  Bəs bu ixtisasın mahiyyəti nədən ibarətdir? Müasir dövrdə Coğrafiya müəlliminin  rolu əsasən nədən ibarətdir? Bu kimi bəzi suallara cavab verməzdən əvvəl ümumi olaraq Coğrafiyanı ayrıca elm sahəsi kimi analiz edib onun digər elmlərlə müqayisədə mövqeyini qiymətləndirmək lazımdır. 

  Coğrafiya bir elm sahəsi olaraq

  Coğrafiya bir elm sahəsi olaraq digər elmlərdən daha qədim tarixə malikdir. Bununla yanaşı Coğrafiya həm elm, həm də dünyagörüşüdür. İnsanoğlu əqli düşüncəyə malik olduğu ilk andan etibarən ilk öyrənmək istədiyi yaşadığı coğrafi məkanda baş verən təbiət hadisələri olmuşdur. İlk insanlar məhz təbiət haqqında olan ilkin bilikləri müşahidə əsasında qavraya bilmişlər. Məhz bu müşahidə metodu günümüzə qədər gəlib çatmış Coğrafiyanın tədrisi metodlarından biridir. 

   Qədim dövrün ilk filosofları da məhz “Təbiət filosofları” adı ilə adlandırılmışdır. Bunlara miletli Fales, Anaksimandr, Anaksimen, Demokrit, Zenon və s.  nümunə göstərmək olar. 

   Müasir dövrdə “Coğrafiya müəllimliyi” ixtisası keçmişə nəzərən daha çox maraq dairəsindədir. Hal-hazırda bu ixtisası bitirən bütün tələbələr növbəti illərdə Coğrafiyanın digər sahələrində Okeanologiya, Geomorfologiya, Landşaftşünaslıq, Yerşünaslıq, İqlimşünaslıq, Fiziki Coğrafiya, İqtisadi Coğrafiya, Əhali Coğrafiyası  və s. bölmələr üzrə ixtisaslaşıb təhsillərini magistr və doktorantura üzrə davam etdirə bilərlər. Qeyd etmək lazımdır ki, Coğrafiya üzrə təhsili istənilən xarici ölkədə də davam etdirmək olar. Coğrafiyanın müasir dövrdə aktual xarakter alması bu ixtisas üzrə xaricdə təhsil almağı daha da asanlaşdırır. Azərbaycanda isə bu ixtisas üzrə ən yaxşı tədris Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Xəzər Universitetində  aparılır.  

  Bu sahə üzrə istifadə edilən bir sıra proqramlar da var ki, hər bir Coğrafiya müəllimi bu proqramlar üzrə işləməyi bacarmalıdır. Bunlardan biri müasir dövrdə daha aktual olan Argcis proqramıdır. Bu proqramın 2 aylıq kursu ölkəmizdə də bir neçə müəllimlər tərəfindən aparılır. ETİ dövründə Coğrafiyanın tədrisi artıq praktik yönümlü olmuşdur. Artıq bir çox ölkələrdə Coğrafiyanın tədrisi zamanı kağız xəritələrdən deyil, həmin xəritələri əvəz edən proqramlardan istifadə edilir. Bu proqramların ən sadəsi “Google Earth” proqramıdır. 

  Coğrafiyanın hal-hazırda ən çətin qollarından biri İqtisadi Coğrafiyadır. Tez-tez dəyişən statistika, ilbəil yenilənən rəqəmlər bu elmin daha dərindən öyrənilib tədqiq edilməsini zəruri edir. Bunu da demək lazımdır ki, Coğrafiya müəllimliyini bitirən tələbələr gələcəkdə öz ixtisaslarını Turizm, Coğrafiya, Pedaqogika, Fəlsəfə və s. ixtisaslara da dəyişə bilərlər. 

  Rəşad Cabbarlı

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.