Dövlət və İctimai münasibətlər fakültəsi və onun mahiyyəti
Dövlət və ictimai münasibətlər fakültəsi Azərbaycanda son 7 ildə universitetlərin tədris planına daxil edilməsinə baxmayaraq, başqa ölkələrdə tarixi daha qədimdir. Əvvəllər daha çox Siyasət Elmləri (Political sciences) və ya Beynəlxalq münasibətlər (İnternational Relations) fakültəsi ilə səhv salınsa da, hələ “Thomas Woodrow Wilson”un vaxtında onun təşəbbüsü ilə “Dövlət İdarəetməsi” siyasi elmlərin ayrı bir qolu olaraq öyrənilməyə başlandı. Adından da məlum olduğu kimi Dövlət və İctimai münasibətlər, Beynəlxalq münasibətlərdən fərqli olaraq, daha çox daxili məsələlər üzrə mütəxəssislər yetişdirir və xalqa xidmət edir. Siyasət Elmlərindən fərqləndirən əsas cəhət isə bu fakültənin fokusunun daha geniş olmasıdır. Başqa sözlə desək, tələbələr ictimai, siyasi, hüquqi, etik, iqtisadi mövzularda tətbiqi biliklərə yiyələnir və idarəetmə, kommunnikasiya sahəsindəki tarixi inkişafları izləyərək qiymətləndirmə bacarığı qazanır.
Bu sahədə əsas hansı biliklər sizi hədəfinizə daha çox yaxınlaşdırır?
- Xarici dil – Bu sahədə inkişafınız üçün əsas şərtlərdən biri məhz xarici dil biliyidir. Əsasən, ingilis dilli resursların çoxluğunu nəzərə alaraq tövsiyə edərdim ki, bu dili sərbəst danışa biləsiniz.
- Özünü ifadə qabiliyyəti və ünsiyyət bacarığı – İctimaiyyətlə münasibət bu sahənin ayrılmaz bir hissəsi olduğu üçün kommunikasiya qabiliyyəti çox önəmlidir. Buna görə də, xalq qarşısında danışıq (Public Speaking) üzərində çox dayanmaq lazımdır. Danışığıınz daha səlis, özünüzə inamlı və inandırıcı olmalıdır. Təbii ki, əgər sizdə bu yoxdursa, buna praktika ilə nail ola bilərsiniz. Məsələn, güzgüdə öz-özünüzə danışaraq.
- Təhlil qabiliyyəti – hadisələri anlamaq və onların təhlili bu sahə üçün çox önəmlidir.
- Mütaliə - Sizi əmin edə bilərəm ki, dünyada bir çox ölkələr fərqli ola bilər, ancaq günün sonunda oxuduqca anlamaq olur ki, hər biri oxşar və ya eyni şeyləri təcrübə edir. Yəni başqa ölkələrin təcrübəsi sizin bu yolda ən böyük dostunuz olacaq. Məsələn, müəyyən bir problem əvvəl başqa bir ölkədə baş verir. Onunla bağlı bir çox məqalə (case study) internetdə mövcud olur. Siz də araşdıraraq əldəki problemi daha rahat həll edə bilərsiniz.
- Texniki biliklər – təbii ki, müxtəlif proqramlarda işləmə qabiliyyəti sizin üçün önəmlidir, məsələn: Excel və s.
Hansı iş sahəsində işləmək mümkündür?
Bu sahənin kurikulumu geniş olduğu kimi iş imkanları və sahələri də genişdir. Təbii ki, iş tapma imkanı da özünüzü inkişaf etdirmə səviyyənizlə düz mütənasib olacaq. Bu sahədə təhsil alan tələbələr ən çox yerli idarəetmə orqanları, dövlət orqanları, qeyri- hökümət təşkilatları (QHT), ictimai təşkilatlar, gənclər təşkilarları, Nazirliklər, fondlar və mətbuat orqanlarında işləmək imkanına sahib olacaq. Bundan əlavə özəl sektorda idarəetmə sahələrində də iş imkanları mövcuddur.
Bəzi müsbət və mənfi cəhətləri:
Əsas müsbət cəhəti odur ki, təhsil həyatı boyunca keçilən dərslər sayəsində tək bir fakültəyə sıxışıb qalmır, əksinə, bir çox fərqli disiplindən dərslər keçilir. Yəni həm hüquq biliyinə, həm də tədqiqi biliklərə eyni anda sahib olursunuz. Bu isə sizin bir fərd kimi hərtərəfli inkişafınıza təkan verir. Bundan əlavə, iş imkanları da kifayət qədərdir. Ancaq sizin məqsədiniz xalqa xidmət yox, daha çox pul qazanmaqdırsa, sizə məsləhətim odur ki, Biznes idarəetməsi kimi fakültələrə yönələsiniz. Bu fakültənin əsas fokusu ictimaiyyətə xidmətdir.
Son məsləhət
Bu fakültədən sonra kim kimi işləyəcəyinizi hələ də anlamamış olmanız böyük ehtimaldır. Odur ki, magistr təhsili bu ixtisas üçün önəmlidir. Məsləhət görərdim ki, siz universitet ərzində oxumaqla yanaşı, təcrübə proqramlarında da geniş iştirak edərək marağınızı dəqiqləşdirəsiniz.
Hörmətlə,
Zeynab Amiraslanova
"Beynəlxalq nüfuzlu şirkətdə audit olmaq üçün tövsiyyələr" adlı videomüsahibəmizə bu linkdən baxa bilərsiniz.
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.