Dövlət yoxsa bələdiyyə idarəetməsi?

Dövlət yoxsa bələdiyyə idarəetməsi?

Dövlət yoxsa bələdiyyə idarəetməsi?

  Dövlət və bələdiyyə idarəetməsi ixtisası Siyasi və İdarəetmə elmlərinin ahəngindən yaranmış bir ixtisasdır. İxtisasın kökü dövlət idarəetməsidir. Hansı ki, bunun da tarixi qədimdir və eramızdan əvvələ - ilkin dövlət qurumlarının yaranışına dayanır. İxtisasın ingiliscə adı “Public Administration”-dır və xarici ölkələrdə daha çox məşhur bir ixtisasdır. Azərbaycanda bu ixtisas illər əvvəl yaransa da, yeni çiçəklənməyə başlayır. Əsasən, idarəetmə yönümlüdür, yəni sadə dillə desək, işinizdən asılı olaraq hansısa bir dövlət qurumunda işləyirsizsə, dövlət proqramlarının tətbiqini və ictimaiyyətə çatdırılmasını ya idarə, ya da icra edirsiz. Dövlət qurumlarında qanunların hazırlanıb qəbul edilməsindən, onların icra edilib cəmiyyətə təqdim edilməsinə qədər böyük bir sahəni əhatə edir. İxtisas çoxşaxəli olduğu üçün tələbələr ixtisası oxuyacaqları zaman iqtisadi, idarəetmə, siyasi, hüquqi, ictimai, kommunikasiya bilikləri əldə edərək hərtərəfli kadr kimi yetişir.

İxtisası oxuyarkən nələrə önəm verməli?

  Tövsiyəm budur ki, bu sahədə gələcəkdə inkişaf etmək istəyirsizsə, aşağıdakılara diqqət etməslisiz:

  1. Mütaliə etmək - əsasən, iqtisasi, idarəetmə və hüquqi kitablar oxumaq sizin günlük vərdişiniz olmalıdır. Həm xarici, həm də yerli yazarların kitablarını oxumaqla hərtərəfli baxış bucağı qazana bilərsiz. Unutmayın, mütaliə etməklə yaranan ehtiyacları, problemləri anında, fərqli yollarla həll edərək inkişaf edə və olduğunuz qurumu da inkişaf etdirə bilərsiz (Platonun Dövlət- Republic əsərini hansı sahədə oxumağınızdan asılı olmayaraq oxumağınızı mütləq tövsiyə edirəm).
  2. Natiqlik qabiliyyəti və təşəbbüskarlıq - əgər bir idarəedicisizsə, sizdə natiqlik qabiliyyətinin olması şərtdir. Təşəbbüskar olmaq, yeni idealar irəli sürməklə yanaşı, motivasiyalı, inkişaf yönümlü, bilgili, enerjili, öyrədici olmalısız, çünki siz lidersiz.
  3. Analizetmə və qərar qəbuletmə bacarığı - hadisələr obyektiv yanaşmaq, sağlam düşüncə ilə təhlil etmək və qərar vermək bir bacarıqdır. Əgər siz dövləti təmsil edirsizsə, bu heç də asan deyil. Bu bacarığa yiyələnmək üçün təcrübə lazımdır. Təcrübədən mümkün qədər öyrənməli, analiz etməlisiz. Boşluqları doldurmaq üçün yeni fikir və təhlillər irəli sürmək bacarığını özünüzdə inkişaf etdirməlisiz. Bunun üçün isə olduğunuz yerdən və vəzifədən asılı olmayaraq tələbkar olmalısız.
  4. Xarici dil - müasir zamanda ingilis dilini bilmək mütləq lazımdır (başqa dillər sizin üçün avantajdır). Əlbəttə, işlədiyiniz sahədən asılı olaraq ingilis dilini öyrənməyiniz sizin üçün inkişafa açılan qapıdır. Niyə? Çünki ingilis dilini bilməklə geniş və oxumaqla bitməyəcək bilgilərə yiyələnmək potensialı əldə edirsiz. Başqa ölkələrin sizin sahənizdə olan ədəbiyyatını, kitablarını oxumaq, onlardakı mövcud vəziyəti araşdırmaqla öz ölkənizdəki problemləri asanlıqla çözə bilərsiz.
  5. XXI əsrin ən önəmli bacarığı - dövlət idarəetməsində çalışmaq üçün siz Microsoft Office (Word, PowerPoint, Excel və s.) proqramlarında işləmək kimi bacarıqlara yiyələnsəz, kifayətdir. Əlbəttə ki, istəsəz, əlavə texniki bacarıqlar da öyrənə bilərsiz. Nə qədər çox öyrənsəz, o qədər inkişaf etmiş olacaqsız.

Hansı işlərdə çalışa bilərsiz?

  Dövlət orqanı, özəl şirkət və ya dövlətə xidmət edən hər hansısa qurumda çalışmaq tamamilə sizdən asılı olan bir nüansdır, amma əlbəttə ki, ixtisas, əsasən, sizə aşağıdakı orqan və qurumlarda işləməyi təklif edir:

  1. İcra hakimiyyətləri
  2. Yerli özünüidarəetmə orqanları 
  3. Beynəlxalq təşkilatlar
  4. Nazirliklər
  5. Qeyri - hökumət təşkilatları 6. Dövlət və bələdiyyə orqanları
  6. İctimai və sosial-müdafiə orqanları

Bu və bir sıra idarəedici həmçinin qanunverici orqanlarda çalışmaq kimi şansınız var.

Müsbət  mənfi tərəflər

Hər bir ixtisasda olduğu kimi bu ixtisasın da müsbət və mənfi tərəfləri var. 

Müsbət tərəflər - avantajlar:

  1. İxtisas çox genişdir və sizi hərtərəfli yetişdirir;
  2. Dövlət orqanlarında peşəkar, dünyagörüşlü və yeniliyə meyilli kadrlara ehtiyac var və siz bu ehtiyacın özü ola bilərsiz;
  3. Cəmiyyətə, xalqa qulluq edirsiz və siz də xalqın bir parçasısız;
  4. Dövləti təmsil edərək işinizi görürsüz, bir dövlət nümayəndəsi olaraq onu daha yüksək inkişafa yönəldə bilərsiz;
  5. Karyera imkanlarınızı siz nə qədər inkişaf etdirsəz, bir o qədər çoxalır və sizin inkişafınızla işlədiyiniz dövlət orqanı da paralel yüksələrək dövlətin özünü inkişaf etdirmiş olursuz.

Mənfi tərəflər- dezavantajlar:

  1. Bu ixtisas Azərbaycanda yetərincə məşhur deyil və bələdiyyələrin funksiyalarının düzgün yerinə yetirilməməsindən dolayı ixtisasın adındakı bələdiyyə sözü onun prestijinin yüksələ bilməməsinə səbəb olur;
  2. Özəl şirkətlərə nisbətdə bir sıra dövlət orqanlarında məvacib az, iş saatı isə çoxdur;
  3. Bu sahədə peşəkar və bilgili kadr çatışmazlığı mövcuddur.

 

Əziz oxucu, əgər sən dövlətin siması olaraq xalqa ictimai xidmət edib dövlətini inkişaf etdirmək istəyirsənsə, əzmli və təşəbbüskarsansa ,bu ixtisas sənin üçündür.

 

Uğurlar!

Elnarə Məmmədzadə

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.