Dünyaya açılan qapılar
Dünyaya gəldiyimiz andan etibarən biz üzərimizə yüklənən missiyanın fərqində olmadan həyatımızı davam etdiririk və həmçinin bizə sevdiyimiz və hörmət etməli olduğumuz dəyərlərin nələr olduğu öyrədilir. Bu dəyərlərin arasında, əlbəttə, təhsilin önəmi daima bizim üçün xüsusilə vurğulanır. İstər oğlan, istərsə də qız övladı mükəmməl təhsil aldıqdan sonra gələcəyini necə uğurlu yönləndirmək imkanları ola biləcəyini zamanla dərk etməyə başlayır. İlk olaraq bağçada ilkin biliklər bizə aşılanır daha sonra orta məktəb və son olaraq ali təhsil müəssisələri olan universitetlərə üz tuturuq. Təhsil həyatımız boyunca əldə etdiyimiz təcrübələri bir müddət sonra daha da inkişaf etdirib cəmiyyətdə öz yerimizi tutub cəmiyyətimizə müxtəlif sahələrdə fayda verməyə başlayırıq. Bu uzun çətinliklər, maneələr, uğurlar və nailiyyətlərlə dolu olan yolda bizim üçün hansı bilik və təcrübələrin daha önəmli olduğunu öyrənmək və müəyyən etmək isə bəzən ya bizim ya da müəllimlərimizin bizi istiqamətləndirməsindən aslıdır.
Məni də həmçinin ilk olaraq ailəm təhsil almağım üçün maksimum əlindən gələnin ən yaxşısını etməyə çalışaraq daima dəstək oldu. Orta məktəb illərimdə təhsil həyatımın hər bir hissəsini yaxından müşahidə etdilər. Dünyagörüşümün və intellekt səviyyəmin daha da inkişaf etməsi üçün xarici dil biliklərinin nə qədər vacib olmasını anam mənim üçün ətraflı olaraq izah etdi. Artıq mənim daxili motivasiyam məni daha da var gücümlə irəliləmək üçün dayanmadan çalışmağa və sistemli olaraq araşdırmağa və öyrənməyə vadar edirdi. Sizə qarşı çox açıq olacam həmin dövrdə mənim ətrafımda mənimlə eyni maraq dairəsində olan həmyaşıdlarım çox az idi. Bəzən onlar mənə hədər yerə vaxt itirdiyimi və günümün böyük bir hissəsini ingilis dili öyrənməyə sərf etməyimin nə qədər boş olduğunu izah etməyə çalışırdılar amma inanın mənə bütün bunlar həqiqətən mənə təsir etmirdi. Çünki atam və anam vaxtında ali təhsillərini müəyyən ailəvi səbəblərə görə tamamlaya bilməsələr də mənim təhsilimin hansı hallarda daha keyfiyyətli ola biləcəyi hallarını gecə - gündüz araşdırırdılar və mənə izah edirdilər. Artıq mənim öhdəliyimə yalnız onların çəkdiyi əziyyəti mükafatlandırmaq və onların həmişə fəxr hissi keçirməsi üçün çox çalışmaq qalırdı.
Orta təhsil aldığım müddətdə 5 – ci sinifdən etibarən mən ingilis dili biliklərimi inkişaf etdirdiyim halda, dünya xəritəsində hansı ölkələrə səyahət edə bilmək şansımın olacağını artıq dərk etmişdim. Ailəmin dəstəyi ilə məktəbdən əlavə özəl dərslər almağa başlayaraq və həmçinin həmin dərslərlə bərabər boş saatlarımı yalnız ingilis dilində kitablar oxumağa və filmlər izləməyə həsr etməyə başlamışdım. Həftəsonu həm özəl dərs aldığım təhsil mərkəzinin həmçinin yaşadığım Sumqayıt şəhərinin digər təhsil mərkəzlərini gəzərək onlarda ingilis dilində keçirilən danışıq klublarında iştirak edərək danışıq bacarıqlarımı inkişaf etdirməyə başlayırdım. Həmin dövrdə həmçinin məni çox düşündürən hallardan biri orta və ali təhsildən əlavə olaraq mənimlə birlikdə dərs alan uşaqların özəl dərslərə qarşı bu qədər məsuliyyətsiz olması idi. Axı onları ingilis dilini öyrənməyə qarşı bu qədər məsuliyyətsiz olmağa nə vadar edirdi ? Zaman keçdikcə mən bütün suallarıma cavab tapmağa başlayırdım və anlayırdım ki onlar yalnız ailə məcburiyyəti ilə dil öyrənmək istəyirlər və bu onlar üçün zövqdən daha çox zülmə çevrilib. Belə olduğu halda onlar öz üzərlərində işləmir və məcburi olaraq həftədə uyğun hesab olunan günlərdə təhsil mərkəzinə üz tutur, tapşırıqlara qarşı laqeyd münasibət göstərərək gələcək inkişaflarını çox amansızcasına məhdudlaşdırırdılar. Mən bu halları qəbul etmədiyim üçün inamımı itirməyərək əzmlə çalışmağa davam etdim. 1 il müddətində ingilis dili biliklərimi yüksək səviyyəyə çatdırdıqdan sonra artıq tam rahat olaraq kitablar oxuyur, filmlər izləyir və istər ingilis dili biliyi yüksək olan istənilən yaşda olan insanlarla həmçinin xaricilərlə ünsiyyət qurmağı bacarırdım.
10 – cu sinifdə təhsil aldığım zaman ABŞ-da təhsil almaq şansımım olduğunu öyrəndim. ABŞ Dövlət Departamentinin və ABŞ – ın Azərbaycan Respublikasında olan səfirliyinin birgə proqramı olan YLP 2012 (Youth Leadership Program) – nın qalibi olaraq ABŞ – ın Sietl şəhərinə və Vaşinqton şəhərinə səyahət etmək şansı qazandım. Həmin illərdə mənim keçirdiyim xoşbəxtlik hissləri əvəzolunmaz idi. Artıq çəkdiyim əziyyətlər öz bəhrəsini verirdi. Həmin vaxt işini itirmiş atamın keçirdiyi neqativ hisslər artıq özünü daha böyük xoşbəxtlik hissi ilə əvəz etmişdi. Onlar məndən heç zaman öz dəstəyini əsirgəmədiyi kimi bu zamanda məni tək qoymadılar. Təqaüd programının qalibi olduğum üçün bütün xərclər ABŞ Səfirliyi tərəfindən qarşılanırdı. ABŞ səyahətim mənim üçün böyük təcrübə oldu və həmin illlərdə 9 – cu sinifdən etibarən könüllü işlədiyim Sumqayıt Amerika Təhsil mərkəzində qazandığım təcrübələr ümumilikdə mənim inkişafımda çox böyük rol oynadı.
2013 – 2017 ci illərdə ABŞ dan qayıtdıqdan sonra Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakultəsində təhsil aldım. Təhsil aldığım illərdə artıq mən pedaqoji fəaliyyətlə məşğul olurdum. Müxtəlif özəl təhsil mərkəzlərində ingilis dilini tədris etməyə başlamışdım. Bu işin nə qədər məsuliyyətli və çətin iş olduğunu tam olaraq dərk edirdim. Məktəb illərindən etibarən etdiyim bütün müşahidələr və mənə təhsili sevdirən müəllimlərimdən və xüsusilə mənə ingilis dilini öyrədən, gələcəyimi işıqlandıran müəllimimdən ilhamlanaraq böyük həvəslə ingilis dili müəllimi olaraq çalışmağa başladım. 17 yaşlı bir gəncə müəllim deyə müraciət olunması onun lovğalanmağına səbəb olmadı, əlbəttə, əksinə onun çiyinlərinə ikiqat məsuliyyət yüklədi. Artıq universitet təhsilimdən və həmçinin dərslər verdiyim tələbələrin təhsili qarşısında böyük məsuliyyət daşıyırdım. Onlarla daima öz təcrübələrimi paylaşaraq onlara “öyrənməyi öyrənməyin” nə qədər vacib olduğunu izah etməyə başladım. Öz üzərlərində daima çalışaraq dərslərdən fayda əldə edən həmyaşıd və yetişkin insanları müşahidə etmək və onların təhsilində faydam olduğunu hiss etmək çox mükəmməl hiss idi. Bütün bunlar nəticə olaraq daha da mənim işimə olan sevgimi və hörmətimi daha da artırdı. Bir ingilis dili müəlliminin mənim həyatımda olan böyük rolunu məndə həmçinin onlara izah etməyə və onun tövsiyə və biliyini onlara aşılamağa davam etdim.
Sizdə həmçinin müəllimlik ixtisasını seçərkən bu peşənin məsuliyyətini tam mənada dərk edərək və böyük qürur və ruh yüksəkliyi ilə seçməyə çalışın. Daima öz dil biliyinizi diqqətdə saxlayaraq ilk növbədə özünüz özünüzün müəllimi olun. Bütün həyat vərdişlərinizi müsbətə kökləyərək daima sistemli olaraq gününüzün bir qismini araşdırmağa, dinləməyə öyrənməyə sərf etməyiniz zəruridir. Bu peşənin gələcəkdə sizə maddi olaraq olacaq faydasından daha çox onun cəmiyyət içində sizi gətirəcəyi mövqeyə və həmçinin sizə həyatınız boyunca duyulan sevgi hissinin dəyərinə fokuslanın. Dünyada biliyin və informasiyanın ən güclü silah hesab edildiyi zamanda və informasiyanın böyük qisminin ingilis dilində yayıldığını nəzərə alsaq həmçinin sizin bu prosesin dəstəkçisinə çevrilməyiniz və cəmiyyətinizin güclənməsi üçün insanlara ingilis dilini öyrətməklə onların inkişaf yolunda göstərdiyiniz dəstək heç zaman kölgədə qalmayacaq. Yalnız etməli olduğunuz işlər arasında:
-
dayanmadan araşdırmaq, öyrənmək;
-
müxtəlif təcrübə programlarına qoşularaq dil tədrisi qaydalarını öyrənmək;
-
universitetdə nəzəri olaraq öyrədilən bilikləri təcrübədə reallaşdırmaq;
-
ən əsası İngilis dilininin yarandığı ölkə olan İngiltərədə ingilis dili tədrisi qaydasını şərtləndirən və təmin edən Kembric Universitetinin professorlarının araşdırmalarına mütəmadi olaraq nəzərdən keçirmək;
-
dil biliyinizi təsdiqləyən imtahanlarda iştirak edərək dil biliyinizi rəsmi bütün dünyada tanınan diplom və sertifikatlarla taclandırmaq;
-
ingilis dilinin tədrisi qaydalarını tam olaraq əhatə edən Kembric Universitetinin təsis etdiyi TKT, CELTA kurslarında işitirak edərək beynəlxalq sertifikat əldə etmək
-
son olaraq heç zaman yorulmadan böyük ruh yüksəkliyi ilə dayanmadan ÇALIŞMAQ, ÇALIŞMAQ, ÇALIŞMAQ LAZIMDIR !!!
“Cahillik heç zaman Allahın bizim üçün yetirdiyi bir müqəddəs bir ərdəm olmayıb. Buna görə də heç vaxt cahilliyi qəbul edib ona uyğunlaşmaq olmaz. Heç vaxt bu fikirlərə qapılmayın və gücünüz yetdiyi qədər öyrənin və həmçinin zamanı gələndə biliyinizi ətrafınızda olan insanlarla paylaşmaqdan çəkinməyin əksinə ürəyinizi paylaşmağın sizə bəxş edəcəyi xoşbəxtlik hisslərinə açın və bu hisslər sizin bütün yorğunluğunuzu çəkib alacaq. Müəllimlər Allahın həqiqətən seçdiyi və sevdiyi insanlardır. B unun fərqində olun daima”
Xarici dil haqqında daha ətraflı məlumat üçün https://www.youtube.com/watch?v=ZBW2L5mSvts
Aydın Ağayev
İngilis dili müəllimi
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.