Elektriklər yatmırlar, enerji yığırlar!

Elektriklər yatmırlar, enerji yığırlar!

Elektriklər yatmırlar, enerji yığırlar!

Elektriklər yatmırlar, enerji yığırlar!

     Elektronika mühəndisliyi

  Günümüzdə istifadə etdiyimiz demək olar ki, bütün cihazların arxasında enerji faktoru dayanır. Enerji dedikdə bu istənilən növ enerji ola bilər. Enerji sahəsi tək bizim gündəlik istifadə etdiyimiz işıqdan ibarət deyil. Zaman keçdikdə demək olar ki, bir çox təbii və qeyri-təbii məhsulların yenidən emalı nəticəsində enerji əldə etmək mümkünlüyü öz sübutunu tapır. Bu ən təmiz sudan tutmuş tullantı məhsulları da ola bilər. Enerji mövzusunun hansı sahələri əhatə etdiyini görmək çox sadədir. Elektrik və elektronika qısa olaraq iki sahəyə ayrılsalar da, tətbiq sahələri saymaqla bitməz. Hazırda, elektronikanı kimya, biologiya, iqtisadiyyat və s. sahələrə də əlavə etməklə robotlaşdırılmaqda olan dünyamızı daha da zənginləşdirib və gələcəyə öz töhfəsini verməkdə davam edə bilirik. 

  Bu ixtisası seçmək istədikdə əvvəlcə araşdırma aparmaq lazımdır ki, bu sahənin dayanıqlılığı həqiqətən var yoxsa bəzi sahələr kimi bir müddətdən sonra tükənməyə doğru gedəcək? Ümumi olaraq, cəmiyyətdə fikir formalaşıb ki, Elektrik və Elektronika ixtisasını seçirsənsə, mütləq riyaziyyat və fizikaya marağın olmalı və hesablamalarda güclü olmalısan. Bu səbəbə görə, bəlkə də çox abituriyent dostlarımız qorxuya düşüb və fikirlərindən daşınırlar. Baxmayaraq ki, böyük bir istəkləri var bu sahəyə. Amma bu heç də sizə deyilən kimi deyil.

  Sizdən əvvəlki tələbələr məzun olduqdan sonra vaxtilə o qədər ixtiralar edib, yeni hesablama texnikaları, maşınları və eləcə də proqramları hazırlayıb ərsəyə gətiriblər ki, indi artıq buna ehtiyac yoxdur. Hətta, sizin saatlarla və günlərlə hesablamalı olduğunuz bir hesabat işlərini müasir zamanda proqram təminatı edir və hətta, sizə 100% doğru nəticəni əldə etmək üçün saniyələr lazım olur. Ona görə də bir müddət əvvələ qədər Elektronika mühəndisliyi deyilən bir ixtisas yox idi və sadəcə Elektrik mühəndisliyi isə öz sahəsində lider idi. Amma bir müddət keçdikdən sonra insanlar görürlər ki, Elektrik mühəndisliyi ilə davam edərək bir yerdə artıq faydalı iş əmsalı azalmağa başlayır və həmin hesablama işləri də buna nümunə kimi göstərilə bilər. 

  Elektronika mühəndisliyi peşəsi necə meydana gəldi?

 İnsanlar düşündülər ki, nə etmək olar ki, bu sahəni daha da inkişaf etdirib və sadələşdirmək olsun? Nəticədə, Elektronika mühəndisliyi sahəsi meydana gəldi. Bu isə, ümumilikdə, elektroenergetikanın sürətli inkişafına güclü təkan verdi. Düşünün ki, sənayedə dəyəri milyonlarla ölçülən bir nəhəng elektrik avadanlığını artıq sadəcə kiçik bir idarəetmə qurğu vasitəsilə tənzimləmək və proqramlaşdırmaq olur. Belə olduğu halda, Elektrik və Elektronika mühəndisləri çiyin-çiyinə işləyib faydalı iş əmsalını ikiqat və daha çox artıra bildilər. Zaman keçdikcə isə, digər yüngül və ağır sənaye sahələri də gördülər ki, işin keyfiyyətini artırmaq üçün robotlaşdırılmış qurğulara ehtiyac var. Bütün bunlar isə insanların işini asanlaşdırmaq və işin keyfiyyətini artırmaq üçün düşünülüb. Tədricən bu sahə tibbə, kimya sənayesinə və digər sahələrə də ötürülməyə başladı.

  Hazırda elektrokimya sahəsi var ki, elektrik avadanlıqlarının bəzi hissələrini korroziyadan və ya digər təbii amillərdən qorumaq üçün tətbiq edilir. Sadəcə avadanlıqları qorumaq üçün lazım olan naqillərin, yağların və ya digər qoruyucu vasitələrin kimyəvi tərkibini dərindən öyrənməklə daha effektiv qoruma üsullarını hazırlamaq mümkündür. Başqa bir sahə kimi maşın istehsalını da göstərmək olar. Əvvəllər minik vasitələrini yanacaqla təmin etmək və yanacağın kimyəvi tərkibini zənginləşdirməklə uzun ömürlü etmək olurdu. Sonra araşdırmalar belə göstərdi ki, yanacağın kimyəvi tərkibi nə qədər təmiz və saf olsa da daxildə gedən çevrilmə prosesləri elektrik və mexaniki enerji çevrilmələri nəticəsində havaya zərərli yanmış yanacaq məhsulları buraxılır. Bu isə insanların həyatını mənfi təsir göstərir.  

  Belə qərara gəlindi ki, yanacaqla deyil, sırf elektrik enerjisi ilə işləyən maşınlar hazırlasın. Hazırda “elektrokar” təbiət dostu kimi təmiz maşınlar sayılır və ətraf mühitə ziyanı minimumdur. Bunun çox gözəl fikir olduğu öz əksini tapdı və bir müddət bu tip maşınlar üstünlük təşkil etməyə başladı.

  Amma Elektrik və Elektronika sahəsi dayanmadan inkişafda olduğu üçün, mühəndislər fikirləşdilər ki, “elektrokar”lar nə qədər təbiət dostu olsa da, amma yanacaqla işləyən maşınlara nisbətən daha baha başa gəlir və hər insan üçün əlçatmaz sayılır. Çünki bildiyimiz kimi bu tip maşınlarda döşəməsinə düzülmüş enerjini saxlayan batareyalardan təchiz olunub və bu batareyalar bir maşın üçün ən azı 12 ədəd lazım olduğunda, həm çəki etibarı həm də qiymət baxımından sərfəli sayılmır.

  Təbii, bu tip maşınlarda da kimya sənayesinin rolu qismən də olsa var. Məsələn, batareyaların tərkibinin litium-ionları ilə təchizatı buna nümunədir. Amma zaman göstərdi ki, yeni növ maşın istehsalına tələb yaranır, Elektrik və Elektronika mühəndisliyi bu tələbatı qarşılamalıdır.  Belə olduqda isə artıq yeni növ “hidrokar”ların istehsalına başlandı. Bunun artıq günümüzdəki inkişaf tempinə uyğun gələn ən mükəmməl tapıntı olduğunu demək olar.

  Düşünün ki, Elektronika mühəndisləri Kimya mühəndisləri ilə birgə çalışıb bu tip maşınları istehsal edirlər. İstehsal prosesindən sonrakı mərhələ isə maşının hərəkətini təmin etmək lazımdır. Axı bu maşınlar nə elektrik enerjisiylə nə də yanacaqla işləmir. Bu maşınlar hidrogen enerjisi ilə işləyir. Enerjinin alınması isə təbii şəraitdə yəqin ki, suyun alınmasında hidrogen və oksigen reaksiyasını hamımız bilirik. Amma indi həmin alınmış sudan hidrogeni ayırıb enerji əldə edərək maşınlarda istifadə etmək olur və maşınların hərəkəti üçün sadəcə hidrogen enerjisi lazım olur. Bu maşınlar hələ ki, ən üstün səviyyədə dayanır və həm təbiət, həm qənaət baxımından faydalı maşınlar sayılır. 

  Bütün bu birləşdirilmiş sahələrə müxtəlif misallar göstərmək olar. Ağır sənayedə də edilən dəyişikliklər hamısı ətraf mühiti və insanları qorumaq üçün hesablanmışdır. Buna misal olaraq isə, əvvəllər termal, nüvə elektrik stansiyaları üstünlük təşkil etsə də, get-gedə bu üsul külək enerjisi, günəş enerjisi, okean və dəniz dalğalarından, zəlzələ və eləcə də vulkan püskürməsində alınan enerji ilə əvəz olunmaqda davam etdirilir. Bütün bu qeyd edilənlər qulağa çox xoş səslənsə də, amma bütün bunları etmək üçün gələcəyin mühəndislərinə də öhdəlik düşür. 

  Bu sahə üzrə necə uğur qazanmaq olar?

  Bu sahələrdə uğurlu olmaq üçün universitet təhsilinin rolu təbii ki, danılmazdır. Tələbələr çalışmalıdır ki, təhsil aldıqları müddətdə sırf təhsillə kifayətlənməyib şəxsi inkişaf üçün addımlar da atmalıdırlar. Ən önəmlisi, Elektrotexnikanı mükəmməl bilmək lazımdır. Elektrik və Elektronikaya aid olan proqram təminatlarını öyrənməlidirlər.

  Qeyd olunan proqramlar isə sırf bu sahəyə aid olunan ən faydalı kompüter proqramlarıdır ki, hər bir mühəndis sahəsindən asılı olaraq bunları bilməlidir. Buna misal olaraq, Matlab/Simulink, SCADA, AutoCad, LabVIEW, ETAP və s.

  Sahə üzrə dil biliklərinin önəmi

  Amma tək bu proqramları öyrənməklə yox, təhsil aldığı zaman tələbə müxtəlif elmi konfranslarda, təlimlərdə, düşərgələrdə, techclub-larda iştirak etməlidir və daim öz üzərində çalışmalıdır. Dil bilikləri öyrənmək isə təbii ki, bu proqramları öyrənmək və qeyd olunan aktiv fəaliyyətlərdə iştirak etmək üçün ən önəmli məqamdır.

  Mühəndisin bilməli olduğu dillər isə istəkdən və inkişaf yolundan asılı olaraq ana dilindən sonra İngilis, Alman, Fransız və Rus dilləridir. Yəni, tələbə mütləq universitet təhsilində əlavə şəxsi inkişafına da vaxt ayırmalıdır. Təhsil bitdikdən sonra isə gec ola bilər.

 Şəxsi inkişafınıza vaxt ayırın

 Deyək ki, çalışqan bir tələbəsiniz və siz öz sahənizdə mütəxəssis olmaq üçün əlinizdən gələni edirsiniz ki, təhsil bitdikdən sonra uğurlu bir namizəd olasınız. Yadda saxlamaq lazımdır ki, qurduğunuz karyera planlarının sonu sizin şəxsi biznesinizə gətirib çıxarmalıdır. Yəni, siz əgər xəyal qurursunuzsa, bunun sonunu uğurlu bir sahibkar olaraq sonlandırın. Daha sonra isə bu xəyallarınızı gerçəkləşdirmək üçün addım atın.

  Məsələn, şəxsi inkişafınıza ayırdığınız vaxtlarda mütləq biznes qurulması təlimlərində iştirak edin. Əgər kurslara getməkdə maddi və vaxt probleminiz varsa, bunu internet vasitəsilə evinizdə oturaraq da öyrənə bilərsiniz. Çünki, güclü bir biznes strategiyası, sizi bir müddət işçi olaraq təcrübə yığdıqdan sonra öz biznesinizə sahib olmağa gətirib çıxaracaq. Həmin vaxt, siz artıq öyrəndiyiniz, əldə etdiyiniz biznes planlaması strategiyalarını tətbiq edəcəksiniz. Hətta, təhsil müddətində fürsət düşdükdə əlavə biznesin idarəedilməsi fənnini də götürə bilərsiniz. 

  Yadda saxlamaq lazımdır ki, Elektrik və Elektronika mühəndisliyini seçmək sadəcə alternativ seçim olaraq yox, sırf marağında olub və gələcəyini bu sahədə görmək istəyənlər üçün nəzərdə tutulub. Əks halda uğursuzluq qaçılmazdır. Elektrik sahəsi şaxəlidir və heç zaman bitməyəcək. İnkişaf etdikcə edəcək. Siz də çalışın bu inkişafda özünüzə pay götürün və gələcəyinizi ixtisasınız kimi işıqlandırın. 

  Arzularınızın arxasınca qaçın, bir gün yorulub dayanacaq və siz ona çatacaqsınız. 

  Enerji bitərsə, faydalı iş əmsalı həmişə azalar. Enerjiniz olduğu müddətdə heç vaxt dayanmayın və inkişaf edin. Uğurlar!


  Emin Valikhanov

  Kaunas University of Technology (Elektrik və Elektronika mühəndisiliyi fakültəsinin, Yüksək Gərginlik mühəndisiliyi ixtisası Magistr tələbəsi və Güc transformatorlarının mühafizəsi tədqiqatçısı

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.