Geologiya-Anarın "romantik peşə"si

Geologiya-Anarın

Geologiya-Anarın "romantik peşə"si

Geologiya - Anarın "romantik peşə"si

  Azərbaycanın məşhur yazıçıların biri olan Anar "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanında əsərin baş obrazı Zauru geoloq kimi təqdim edir. Burada epizodların birində geologiyanı Təhminənin dilindən "romantik peşə" adlandırır. Təbii ki, bədii əsərlər qələmə alan yazıçının geologiya haqqında olan belə obrazlı təsviri oxucuda maraq oyadır. Bəs həqiqətən geologiya nədir?

  Hərfi mənasına nəzər saldıqda Geologiya - Yer haqqında elmdir. Siz geologiya ilə yaxında tanış olduqca, yaşadığımız Yer kürəsinə artıq daha dərindən və daha fərqli aspektlərdən baxmağa başlayırsız. Çox bilən insanlar üçün belə bir ifadə var: "yerin altını da bilir, üstünü də". Amma sözün əsl mənasında sizdən "yerin altını da, üstünü də bilən peşə sahibləri kimdir?" deyə soruşsalar, buna əminliklə - geoloqlar - cavabını verə bilərsiz.

  Geologiyanın tarixi çox qədimdir. Məlumdur ki, insanlar ən qədim zamanlardan bəri üstündə yaşadıqları yer ilə maraqlanmış, müxtəlif fikirlər irəli sürmüşdür. Lakin müasir geologiya elminin adı XVIII əsrdə yaşamış şotland alimi Ceyms Hettonla bağlıdır. Geologiya çox geniş sahəni əhatə edir və bir çox qollara ayrılır. Bunlara misal olaraq: yerin tarixini araşdıran tarixi geologiyanı, süxurların və mineralların tərkibini öyrənən petroqrafiya və mineralogiyanı, yer qabığının dinamikası haqqında olan geotektonikanı, mühəndis fəaliyyətləri ilə əlaqədar olan mühəndis geologiyasını göstərə bilərik. Ölkəmizdə isə neft-qaz yataqlarının zəngin olması ilə əlaqədar olaraq neft-qaz geologiyası adı çəkilən sənayedə geniş yayılmışdır.

  İstənilən ixtisası seçərkən hər bir şəxs özünə sual verməlidir. Niyə həmin ixtisas? Bu sualın ən önəmli cavablarından biri də o peşəyə qarşı olan maraq və sevgidir. Geologiya da digər bütün ixtisas sahələri kimi ilk öncə sevgi və maraq tələb edir. Seçdiyiniz sahədən asılı olmayaraq əgər siz peşənizi sevirsinizsə, həmin sahədə uğurlu olma ehtimalınız çox yüksəkdir. Bir çox insan uşaqlıqda "görəsən yerin altında nə var?" sualını düşünür. Bu sualı düşünmək, kiçik bir araşdırma ilə cavabını tapmaq o qədər də çətin deyil. Amma geoloq olaraq daha dərindən maraqlanmaq və araşdırma prosesinin özündə birbaşa iştirak etmək də düşünüldüyü qədər asan deyil. Yuxarıda vurğuladığım kimi əgər siz buna həvəslisinizsə, maraq və aldığınız zövq işinizi xeyli asanlaşdıracaq. Burada belə bir sual yaranır:

Geoloq nə iş görür? Bu ixtisası oxuduqdan sonra siz harda işləyə bilərsiz?

  Qeyd etdiyim kimi Azərbaycan neft-qaz yataqları baxımından zəngindir. Məlumdur ki, ölkə iqtisadiyyatının əsasını təşkil edən neft sənayesi iş baxımından da ən çox ehtiyac duyulan sahələrdən biridir. Ölkəmizdə geologiya ixtisası əsasən neft-qaz geologiyası istiqaməti üzrə geniş yayılmışdır. Bu da öz növbəsində geologiya ixtisası üzrə təhsil alan tələbələrə geniş imkanlar yaradır. Belə ki, həmin tələbələr ölkəmizdə fəaliyyət göstərən yerli və xarici neft şirkətlərində təcrübələr keçə bilir, eyni zamanda universiteti bu ixtisas üzrə bitirən məzunların da əksəriyyəti öz karyeralarına neft sənayesində başlayır və bu sahə üzrə peşə fəaliyyətinə davam edir.

  Perspektivi və yüksək maaş kimi avantajları ilə yanaşı bu sahənin bir çox çətinlikləri də vardır. Nəzərə alsaq ki, Azərbaycanda neft və qazın əsas hissəsi Xəzər dənizində, qurudan xeyli aralıda çıxarılır, burada işləyən işçilər də yaşadıqları ərazidən uzaq qalmalı, hətta quru sahəsini tərk edib həftələrlə dəniz şəraitində işləməli olurlar. Ona görə də bu istiqaməti seçmiş geoloqların hər şeyi diqqətlə araşdırması, neft sənayesində işləyən təcrübəli şəxslərlə məsləhətləşib daha düzgün qərarlar qəbul etməsi məqsədəuyğundur. 

Ölkəmizdə ixtisasın perspektivləri barədə:

  Neft-qaz yataqları ilə yanaşı ölkəmizdə faydalı qazıntı yataqları da geniş yayılmışdır. Təbii ki, faydalı qazıntı dediyimiz zaman ilk ehtiyac duyulan ixtisas geologiyadır. Geologiyanın dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələrin də bu sahədə imkanları genişdir. Belə ki, Azərbaycanda fəaliyyət göstərən böyük mədən şirkətləri faydalı qazıntı yataqlarında, xüsusilə qızıl yataqlarının axtarışı və kəşfiyyatı üzrə geoloqlara ehtiyac duyur.

  Geologiya təhsili alıb, peşə fəaliyyətinə Azərbaycanda davam etmək istəyən geoloqlar üçün neft və mədən sənayesi iş imkanları çox olan və ən geniş yayılmış sahələrdən biridir. Amma təbii ki, geologiyanın fəaliyyəti sadəcə sənayedən ibarət deyil. İlk başda bəhs etdiyimiz kimi geologiya Yer haqqında elmdir.  Bir elm sahəsi olaraq digər elmlərlə də geniş əlaqələrə sahibdir. Belə ki, geologiya astronomiya, coğrafiya, ekologiya kimi elmlərlə sıx bağlıdır. Eyni zamanda geologiya təkcə təbiət elmləri ilə deyil, sosial elmlərlə də əlaqəlidir. Geoturizmin inkişafı, geoloqların turizm sektorunda, muzeylərdə işləməsi də bunun bariz nümunələrindəndir. Məhz bu baxımdan geologiya universaldır.

  Bu ixtisas üzrə bakalavr dərəcəsini bitirdikdən sonra xarici ölkələrdə, dünyanın ən məşhur universitetlərində magistratura və doktorantura dərəcələri üzrə təhsil ala bilərsiz. Bu da öz növbəsində sizə geniş iş imkanları yaradır. Bu dərəcələri qazandıqdan sonra akademik sahədə fəaliyyət göstərən geoloqlar ölkəmizin və dünyanın təhsil ocaqlarında dərs deyirlər və gələcəyin alimlərini, sənaye işçilərini yetişdirirlər. Qlobal təbii fəlakətlərin artdığı bu dövrümüzdə təbiətimizi qorumaq üçün ekologiya şirkətlərində işləyən geoloqlar da az deyil.

Geologiya planetimizin hüdudlarını aşır...

  Həmçinin insanlar artıq Yer kürəsinin hüdudlarını aşır və digər planetlərə səyahət edir, orada tədqiqatlar aparır. Bəlkə də nə vaxtsa bəşəriyyətin gələcəyini kökündən dəyişdirəcək addımlar atır. Bəs NASA kimi məşhur araşdırma mərkəzləri Yerin peyki olan Aydan və ya "qırmızı planet" olaraq tanıdığımız Marsdan gələn süxur nümunələrini necə tədqiq edir? Təbii ki, geoloqlar başda olmaqla bir çox mütəxəssislərin köməyi ilə. Belə mütəxəssislər isə dünyanın qabaqcıl universitetlərində yetişirlər. Əlbəttə ki, bakalavr təhsilini başa vurmaq, təhsilini xaricdə davam etdirmək və bu kimi yüksək vəzifələrə çatmaq heç də asan deyil. Amma mümkünsüz də deyil. Bunun üçün elə tələbə olarkən, universitetin ilk illərindən etibarən xarici dillər öyrənmək, kompüter biliklərinə yiyələnmək və lazım olan proqramları bilmək, akademik jurnallardan mütəmadi olaraq ixtisas üzrə yenilikləri izləmək və ən əsası da geologiyanı sevərək, maraqla ən kiçik detallarına qədər araşdırmaq vacibdir.

  Məktəb biliklərindən Yerin təqribi yaşının 4.5 milyard olması, dünyanın ən uca zirvəsinin Himalay dağlarındakı 8848 m yüksəkliyi ilə Everest, ən böyük okeanın Sakit, təqribi 11 km dərinliyi olan ən dərin çökəkliyin Marian olduğu demək olar ki, hamıya məlumdur. Lakin Yerin yaşının necə təyin edilməsi, Himalay dağlarının necə yaranması və onun köklərinin yerin dərinliklərinə Everestdən daha çox enməsi, Marian çökəkliyinin əmələ gəlməsi, qitələrin və okeanların milyard illər ərzində necə formalaşması, bir zamanlar dəniz olan yerlərin quru, quru sahələrin isə su altında olması və bunun səbəbləri heç də hər kəsə məlum deyil.

  Bütün bunların araşdırılması, öyrənilməsi isə başlıca olaraq məhz geoloqların fəaliyyəti nəticəsinədədir. İnsanların Yer kürəsi haqqında bildiyi səthi məlumatların dərinliyinə enən, incəliklə onları araşdıran, Yer üzərindəki süxurlara toxunan, onları və Yerin daxilindən gələn vulkanları öyrənən geoloqlardır. Məhz bu baxımdan yanaşdıqda üzərində yaşadığımız və evimiz olan Yer kürəsini bu qədər incəliklə və dərindən araşdıran elmi, yazıçı Anarın öz əsərində "romantik peşə" adlandırması geologiya üçün bəlkə də ən gözəl bədii təsvirdir.

Cavid Mikayılzadə

SOCAR AQŞ, Sahə qazma geoloqu

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.