"Hansı peşəni seçməli və necə peşəkar olmalı...”
Salam, əziz oxucu!
Bu məqalənin məqsədi ixtisas seçimi zamanı abituriyent dostlarımın qarşılaşa biləcəyi mümkün suallara cavab ola bilməkdir. İcazənizlə, universitet illərində qazandığm bilik və təcrübələrlə çalışdığım vəzifə haqqında dolğun məlumat və bəzi məsləhətlər verməklə sizin ixtisas seçiminizə kömək etmək, professional həyatınızda daha səmərəli və faydalı biri omağınız üçün öz həyatımdan çıxardığım nəticələri sizinlə bölüşmək istərdim.
Mən 2013-cü ildə qəbul imtahanında 642 bal toplayaraq ADA Universitetinin Biznesin İdarə Edilməsi fakültəsində təhsil almağa başlamışam. Öz çalışdığım vəzifə və müvafiq vəzifə məsuliyyətlərinə keçmədən öncə, gəlin ilk öncə bu ixtisas üzrə təhsil almış bir tələbənin hansı peşələrə yiyələnə biləcəyi ilə sadə bir nümunə ilə tanış olaq. Bu peşələr – əməliyyat mütəxəssisi, insan resursları mütəxəssisi, satınalma mütəxəssisi, mühasib, maliyyəçi, vergi mütəxəssisi, audit, biznes analitik, marketoloq, strategiya mütəxəssisi, menecer ola bilər.
Fərz edək ki, bizim qida məhsullarının satışı ilə məşğul olduğumuz bir marketimiz var. Bu market Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşir və məhsul satışından gəlir qazanır. İlk öncə bizim gələn və satılan məhsulların qeydini aparan, məhsul bitdikdə yenilərinin alınması üçün xəbər edəcək bir əməliyyat mütəxəssisinə ehtiyacımız var. Əməliyyat mütəxəssisi malların qeydiylə yanaşı, onların anbarda ən az yer tutacaq şəkildə səmərəli yerləşdirilməsinə də nəzarət edir. Əməliyyat mütəxəssisi hər hansı bir məhsul bitdiyi zaman satınalma mütəxəssisinə xəbər verir ki, yeni məhsullar almaq lazımdır. Fərz edək ki, market meneceri növbəti ayın sonuna kimi şirkətə satınalma mütəxəssisinin cəlb olunmasını istəyir. Bu zaman insan resursları mütəxəssisi müvafiq vəzifə üçün elan verir, müraciətləri dəyərləndirir və müəssisəyə arzuolunan bacarıqlara sahib ən uyğun namizədi cəlb edir. Bu mütəxəssislər işçilərin məvaciblərini hesablamaqla yanaşı, üstün bacarıqlar göstərdiyi zaman onları qiymətləndirib vəzifə artımlarına da təklif edirlər. Cəlb olunmuş satınalma mütəxəsisisi qiymət və keyfiyyət cəhətdən ən münasib məhsulları almaq üçün çalışmalar aparır və həmin məhsulları sifariş edir. Sifariş olunan məhsullar üçün ödənişi mühasib həyata keçirir. Mühasib eyni zamanda anbarda qalan malların dəyərinin nə qədər olduğunu vaxtaşırı olaraq yoxlayır. Hər hansı məhsul istifadəyə yararsız olduğu halda onu zərər kimi tanıyır. Bəzi müştərilər ödənişi maaşı alanda edəcəklərini qeyd etdiyi üçün mühasib həmin müştərilərdən alınacaq məbləğləri qeyd edir və lazım olduqda onlara zəng edərək ödənişləri etməsini tələb edir. Fərz edək ki, müştərilər söz verdikləri tarixlərdə ödənişi həyata keçirə bilmirlər və bir gün biz görürük ki, yeni məhsul almaq üçün pulumuz qalmayıb. Bu kimi hallar baş verməsin deyə, maliyyə mütəxəssisi daim maliyyə analizləri apararaq əməliyyatın davam etməsini təmin edir. Məsələn, o əvvəlcədən hesablayır ki, 1 ay sonra yeni məhsul almaq üçün əldə kifayət qədər pul olmayacaq və ona görə də əlavə pul cəlb etmək lazımdır; ya bankdan kredit almaq lazımdır, ya da marketə sərmayə qoyacaq şəxslər tapmaq lazımdır. Maliyyə mütəxəsisi, eyni zamanda marketin təchizatçılarının da pulunun vaxtında ödənməsini təmin etməlidir. Təchizatçılar dedikdə pendir firması, yağ firması, yəni marketə hər növ məhsulu satan firmalar başa düşülür. Əlavə pul cəlb etməklə yanaşı, artıq qalan pulu investisiya edərək daha da artırmaq da maliyyə mütəxəsisisin vəzifəsidir. Güman edək kİ, market göstərdiyi fəaliyyətin nəticəsi olaraq il sonunda mənfəət əldə edir. Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq market bu mənfəətdən dövlətə vergi verməlidir. Həmin verginin hesablanması və ödənməsi ilə vergi mütəxəsssisi məşğul olur. Gəlir vergisindən savayı, marketin istehlakçı kimi çıxış etdiyi biznes əməliyyatları zamanı yaranmış əlavə dəyər üzrə verginin hesablanması və ödənməsinə də vergi mütəxəssisi nəzarət edir. Mühasibin, maliyyəçinin və vergi mütəxəssisinin öhdəliklərini sui-istifadə etmədən beynəlxalq standartlara uyğun həyata keçirməsinə isə audit nəzarət edir. Audit həm müəssisənin daxilində olub prosesləri təkmilləşdirə, həm də müəssisədən müstəqil olub mövcud biznes prosesə rəy bildirə bilər. Əgər bizim nümunədəki market əlavə vəsait almaq üçün bankdan kredit götürmək istəsə, bu zaman müvafiq bank marketdən audit hesabatı tələb edəcək. Bu hesabat müstəqil audit tərəfindən hazırlanıb müəssisənin maliyyə durumu haqqında dolğun fikir sahibi olmağa kömək edir. İndi fərz edək ki, market müdiri marketin fəaliyyətinin artdığını görür və yeni bir ərazidə və ya ölkədə əlavə bir market açmağı düşünür. Bu zaman biznes analitiki şirkətin maliyyə göstəricilərini nəzərdən keçirərək onların müvafiq sahədə rəqiblərindən nə dərəcədə dayanıqlı və innovativ olduqlarını analiz etməyə başlayır. Əgər yeni bir ölkədə market açılaqsa, həmin ölkənin müvafiq qanunveriliciyini araşdırır və sonda müdirə yeni market açmanın sərfəli və ya sərfəli olmadığını bildirən bir təqdimat hazırlayır. Yeni bir yerdə əlavə marketin açılacağı təsdiqləndikdə marketoloqlar həmin ərazidə yeni müştərilər qazanmaq üzün marketinq araşdırması aparır. Hansı məhsulun, hansı müştərilər üçün, marketin hansı hissəsində qoyulmasına qədər detallı bir incələməni həyata keçirən marketoloqlar, həm də yeni marketin müxtəlif yollarla müştərilərə reklam olunmasını təmin edirlər. Satılan məhsulun qiyməti də bu peşə sahibləri tərəfindən müəyyən edilir. Fərz edək ki, marketin indiki müdiri yeni açılacaq market üçün mövcud işçilərdən birini menecer vəzifəsinə təyin etməyi düşünür. O, ehtimal ki, bu işlərin hamısından anlayışı olan bir mütəxəssisi menecer vəzifəsinə təyin edəcək. Bu peşə sahibləri adətən layihə menecerləri adlanır və özlərini layihələrin idarəedilməsi sahəsində inkişaf etdirirlər. Qeyd edilənlərlə yanaşı, marketin yaxın 5 və ya 10 ildə inkişaf strategiyasını hazırlayacaq, razılaşdırılmış inkişaf göstəricilərinə (məsələn, satışın 50% artımı) çatmaq üçün hansı hədəflər və tədbirlər görülməsini hazırlayan və nəzarət edən şəxsə də ehtiyac var ki, həmin peşənin sahibi də strategiya mütəxəssisi adlanır. Ona görə də, idarəedici vəzifələrdə karyera planlayırsınızsa spesifik ixtisasdansa biznesin idarə edilməsi üzrə təhsil almanız məsləhətdir. Sizə hər hansı bir sahə daha maraqlı gələrsə, o istiqamətdə özünüzü inkişaf etdirə bilər və magistratura təhsilinə yiyələnə bilərsiniz.
Ümid edirəm, bizim sadə market nümunəmiz sizin seçiminizi etməyinizdə böyük rol oynayacaq. Siz professional iş həyatına atılacağınız zaman müxtəlif şrkətlərdə müxtəlif növ peşə adları görəcəksiniz. Bu bizim müzakirə etdiyimiz peşələrin daha detallı və ya daha ümumi formalarıdır. Məsələn, alacaqlar və ya ödəniləcəklər üzrə mühasib vəzifəsi görə bilərsiniz. Bu məzmun etibarilə bizim marketdəki mühasibin gördüyü işin bir hissəsidir, lakin şirkətlər böyük olduqca iş yükü də artdığından daha spesifik peşələrin formalaşmasına ehtiyac yaranır. Spesifik işlərlə yanaşı, siz karyeranızda yüksəldikcə vəzifəniz də bir neçə peşəni əhatə edəcək şəkildə daha ümumi səslənə bilər. Məsələn, marketing analitiki marketinq işləri ilə məşğul olduğu qədər də biznes analitiki kimi müxtəlif ssenarilər əsasında analizlər aparır.
Biznesin hər bir sahəsi maraqlıdır və mən əminəm ki, siz hansı ixtisası seçsəniz, üzərinizdə doğru şəkildə işləməklə təkcə Azərbaycanda deyil, dünyanın nəhəng şirkətlərində çalışa və ya öz biznesini qura bilərsiniz. Belə azərbaycanlılar kifayət qədərdir və bu çox qürurvericidir.
Məqalənin sonlarına yaxınlaşdıqca, söz verdiyim kimi, tutduğum vəzifənin məsuliyyət və öhdəliklərindən də bəhs etmək istəyirəm. Mən hal-hazırda Azərbaycanın neft və qaz sənayesinin aparıcı qazma şirkəti olan SOCAR AQŞ şirkətində İnvestisiyalar və Beynəlxalq Layihələr üzrə mütəxəssis vəzifəsində çalışıram. Marketə əlavə pul cəlb olunması və ya əlavə pulun artırılması yadnızdadırmı? Mən də çalışdığım şirkətin maraqlarını qarşılayacaq şəkildə yerli və xarici maliyyə müəssisələri ilə çalışıb müxtəlif yollarla şirkətə pul axınını təmin etməyə çalışıram. Eyni zamanda rəhbərliyə yeni bir ölkədə şirkət açıb açmamaq haqqında qərarları dəstəkləyəcək hesabatlar hazırlayıram. Yəqin ki, biznes analitikinin market üçün etdiklərini xatırlayırsınız. Gördüyünüz kimi, mən həm peşəkar maliyyəçi, həm də biznes analitiki kimi fəaliyyət göstərirəm. Bu mənim universitet vaxtı bütün fənlərdən anlayışımın olması ilə yanaşı, həm də son kurslarda müqayisəli şəkildə daha çox maliyyə fənləri götürməyimin nəticəsində mümkün olub. Uğurlu akademik fəaliyyətə sahib olmaq üçün öz həyatımdan çıxardığım bəzi nəticələri “Universitet illərini necə səmərəli keçirməli…” adlı digər məqaləmdə sizlərlə bölüşmüşəm. Uğurlu akademik həyatda olduğu kimi, uğurlu iş həyatı üçün də bəzi çıxardığım nəticələri və məsləhətləri sizinlə bölüşmək istəyirəm:
1. Universitetdə olduğu kimi, karyeranızda da planlı hərəkət edin. İşə hər günü ediləcəklər listinizi hazırlayaraq başlayın. Mən ediləcəklər listimi həftəlik olaraq hazırlayıram və bu həftəboyu iş yükümü bilərək daha rahat işləməyimi təmin edir. Əgər iş yükünüzə hakim olmasanız, sizə elə gələcək ki, hər zaman çox işləyirsiniz və özünüzə zaman ayıra bilmirsiniz. Bununla yanaşı, işlərinizi prosedurlaşdırmağınızı məsləhət görürəm. Yəni, əgər mühasib olaraq işçilərin ödənişini həyata keçirəcəksinizsə, pulun hardan gələcəyi, hansl bank hesabından ödəniləcəyi, hansı hesablara nə qədər ödəniləcəyi, bu rəqəmləri insan kapitalı bölməsindən nə zaman almalı olduğunuzu detallı şəkildə yazaraq ayın hansı günlərində hansı addımları atmalı olduğunuz şəklində bu prosesi prosedurlaşdıra bilərsəniz.
2. Məsuliyyətdən qaçmayın. Sevdiyim bir iş yoldaşımın gözəl bir sözü var ki, şirkətdə görünməmək görünməkdən daha təhlükəlidir. Burda məsləhət gördüyüm bilmədiyiniz halda nəyisə üstlənməyiniz deyil, bildiyiniz halda üstlənməyə çəkindiyiniz anlarda daha cəsarətli olmağınızdır. Gəzən ayaqlara daş dəydiyi kimi, çalışan əllərə də qüvvət gəlir. Çalışın işləyəcəyiniz yeri öz eviniz, iş yoldaşlarınızı öz ailəniz kimi görəsiniz. Şirkətin əlavə xərc çəkməməsində, iş yoldaşlarınızın maariflənməsində rol alın. Unutmayın ki, sadəcə yeni bir şey öyrənə biləcəyindən şübhə edən biri öz bildiyini paylaşmaqdan qorxar. Cəmiyyət bildiklərimizi paylaşdıqca daha da firavan bir mühitə çevrilir. Öyrənin və bölüşün, dinləyin və ötürün ki, hər kəs sizin qədər, siz də hər kəs qədər bilikli olasınız. Bizimlə eyni şəraitə malik olmayan qardaş və bacılarımıza, ata və analarımıza bildiklərimizi ötürək və daha savadlı bir toplumun formalaşması üçün biz əlimizi daşın altına qoyaq. İnanıram ki, sizin kimi parlaq gənclərlə biz bunu bacaracağıq.
3. Professional şəbəkə qurmağa çalışın. İştirak etdiyiniz təlimlərdə yeni insanlarla tanış olun, harda işlədikəri ilə maraqlanın, professional sosial media hesablarından bir birinizlə əlaqə qurub itirməməyə çalışın. İxtisas sahəsində müxtəlif uğurlara imza atmış aparıcı mütəxəssislərdən öyrənib yerində tətbiq edə bilməyiniz üçün biznes keys yarışlarda iştirak etməyi tövsiyə edirəm. Mən universitetin 3-cü ilində ABCC- Azərbaycan Biznes Keys Müsabiqəsində iştirak edərək yarım finala kimi yüksəlmşəm. Sizə də bu müsabiqədə iştirak etməyi tövsiyə edə bilərəm. Eyni zmanda, beynəlxalq nüfuza malik biznes keys yarışmalarına da qatılıb ölkəmizi və təhsilimizi qürurla təmsil edə bilərsiniz. Bu tip yarışlarda komanda yoldaşlarınızdan savayı, jüri heyəti də sizin təqdimatlarınız və analizlərinizi dəyərləndirib sizə iş imkanları təklif edə bilərlər. Mən bu yolla indi çalışdığım yerdə imtahan və daha sonra intervyu mərhələsinə dəvət almışam. Hər iki mərhələdə illər ərzində yiyələndiyim bilik və bacarıqlar mənim bu işə layiq görülməyimə səbəb olub.
Məqaləmi yekunlaşdıraraq bildirmək istəyirəm ki, sizin akademik həyatda da, professional həyatda da sadəcə bir rəqibiniz olsun; o da dünənki özünüz. Çox insan tanıyın, çox söhbətlər edin, lakin özünüzü kiminləsə müqayisə edərək nə sevinin, nə də kədərlənin. Özünüzə və tanrıya hesabat verin. Tənbəllikdən, qorxaqlıqdan, səmərəsizlikdən Allaha sığının və hər gününüzə şükür edin, dəyərli dostlarım. İnanıram ki, əlavə suallarınız yarana bilər, əlavə məsləhət almaq istəyəcəyiniz sahələr ola bilər. Sizi çox uzun bir məqaləylə sıxmamaq üçün əlaqə vasitələrimi sizinlə bölüşürəm. Mənə Linkedin və Facebook üzərindən yaza bilərsiniz. Mesajınızda məqaləni oxuyub yazdığınızı qeyd edin ki, mən də sizlərə daha tez geridönüş edə bilim. Allaha əmanət olun!
Əliş İsmayılov,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində aparıcı məsləhətçi.
Əlaqə vasitələri:
Linkedin: https://www.linkedin.com/in/alish-ismayilov-30158b99/
Facebook: https://www.facebook.com/alish.ismayilov.9
“Universitet illərini necə səmərəli keçirməli” məqaləsinə keçid:
https://www.ixtisas.az/az/blog/universitet-illerini-nece-semereli-kecirmeli-202
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.