Hədəfə gedən yolda köməkçimiz
İngilis dili müəllimliyi: Hədəfə gedən yolda köməkçimiz
İngilis dili müəllimliyi-dilin qrammatik, leksik, fonetik strukturunun, dinləmə, danışma, yazma və oxuma kimi dil bacarıqlarının sistemləşdirilərək bir proqram çərçivəsində öyrənənlərə inkişafetdirici və aşılayıcı yöndə ötürülməsidir.
Sahə üzrə uğurun başlanğıcı ali təhsil aldığınız müddətdə üzərinizə düşən vəzifələri icra etməklə başlar, hansı ki, bunlardan birincisi və ən önəmlisi təlim prosesində əldə olunan biliklərin tam mənimsənilməsi üçün çalışmaq və bununla kifayətlənməyərək daima əlavə bilik və bacarıq axtarışında olmaqdır.
İlkin mərhələnin nəzəriyyə olması, onun yaxşı nəticələr əldə etmiş təcrübədə əsas hissə təşkil etməsi ilə özünü göstərir. Deməli, sizdən tələb olunan birinci dərəcəli ixtisas üzrə ali təhsildirsə, ikincisi bu sahə üzrə təcrübədir.
Bu təcrübənin əsası sizin güclü ehtiyyat təşkil edən nəzəriyyənizlə müəyyən olunur.
Əgər siz biliklərinizi gücləndirmək, özünüzə təcrübə qazanmaq, ali təhsilinizi bitirdikdən sonra uğurlu bir başlanğıca imza atmaq istəyirsinizsə, karyeranızın məhz hazırki gündən başlanmış olduğu reallığını görmək, onu qəbul etmək və o üzrə irəliləməniz lazımdır. Belə ki, günümüzdə fəaliyyət göstərən onlarla kurs və müəllimə ehtiyac duyan kurs kollektivləri fəaliyyət göstərir. Bu üzrə müraciət etməklə siz, karyeranız və cəmiyyətdə təmsil edəcəyiniz sahəniz üçün uğurlu fərd yetişdirə bilərsiniz. Bu sizi ali təhsilinizi bitirdikdən sonra heç bir iş təcrübəsi olmayan və nəzəri biliklərini təcrübəyə əsaslanaraq inkişaf etdirməyən digər həmixtisas gənclərdən fərqləndirəcək və üstünlüyünüzü təmin edəcək.
Bilik və bacarıqların davamlı inkişafı və öz üzərinizdə işləmə istəyi sizə imkan verir ki, mövcud zəngin resurslardan istifadə edərək arzuolunan nəticəyə çatasınız. Əldə edə biləcəyiniz resurslar kitab, musiqi, film, məqalə, hekayə, qısa videolar, sənədli filmlər, şou proqramlar, öyrədici aplikasiyalar, təlim və seminarlar və s olaraq öz zənginliyiylə sizə inanılmaz şərait yaradır, bircə qalır güclü motivasiyanız və maraqlarınıza xitab edəcək variantı seçmək.
Xaricdə təhsil
Toxunmaq istədiyim digər bir nüans xaricdə təhsillə bağlıdır və düşünürəm ki, öz əvəzolunmaz yeri və qatqısıyla karyeranıza böyük töhfə verəcəkdir. Xaricdə təhsil sizə inanılmaz şərait yaradır ki, siz ölkəniz xaricində digər ölkənin təhsil sistemi, sizə təqdim olunan bilik və bacarıqlar, eyni zamanda xüsusi mədəniyyət və yaradılan fərqli-fərqli ixtisasyönümlü və fərdi inkişafyönümlü fürsətlərdən yararlana və öz şəxsi və işgüzar həyatınızda tətbiq edəsiniz. Xaricdə təhsilin mövcudluğu sizin müraciət etmək istədiyiniz müəssisənin tələblərinə tam şəkildə cavab verməkdə sizə kömək olacaq və sizə üstünlük qazandıracaq. Çünki siz sadəcə bir ölkənin təlim proseslərindən xəbərdar deyilsiniz, eyni zamanda siz sahib olduğunuz biliklərlə başqa ölkə tövhəsini də daşıyırsınız. Xaricdə təhsil sizi sözsüz ki, digərlərindən fərqləndirir. Elə sizə də bu lazımdır!
Uğurlu qazanmaq üçün karyera planlamasının rolu
Uğurlu karyera üçün mütləqdir ki, müəyyən olunmuş inkişaf yolunuz, başqa sözlə desək, planınız olsun. Karyera planı qurmaq üçün bilməlisiniz ki, sizin əsas məqsədiniz nədir və bu məqsədə çatmaq üçün əldə etməli olduğunuz başqa bir yarımməqsədlər nələrdir. Bunları müəyyənləşdirdikdən sonra isə bu yolda sizə nələrin lazım olduğunu və sizdən nələrin tələb olunduğunu bilmək labüddür.
İnkişafdan danışdıq, karyera planlamasından danışdıq və vurğuladıq ki, praktika üçün iş təcrübəsi vacibdir. Bəs ilk işi necə tapmalı? Əslinə baxsaq, o qədər də çətin deyil. Gücünə arxalandığınız nəzəriyyəniz varsa, iş təcrübəsi tələb edilməyən vakansiyalara müraciət edib, müəyyən işəqəbul proseslərindən keçərək işləyə bilərsiniz. İlk işi tapmağınız sizin üçün digər pillələrdə uğurlu seçim etmənizə və uğurlu biri kimi seçilmənizə şərait yaradacaq.
Müəllimlik həqiqətən də gözəl peşədir və insana daima sonsuz qürur və ali hislər yaşadır. Seçiminizdə yanılmayacağınıza və uğurlu bir müəllim olacağınıza inanıram. Sahib olduğunuz bilik və bacarıqlar yollarınızda sönməz çıraq olsun və öz işığıyla keçdiyi hər yeri nura qərq etsin!
Sara Mahmudova,
Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi üzrə 2-ci kurs tələbəsi.
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.