Həyat yolumuzu özümüz seçək
“Oxu, bal topla, qəbul ol məhz bu universitetə, oranın keçid balı yüksəkdir, deməli ora ən yaxşı seçimdir”. “Təki qəbul ol, əlində diplomun olsun, sonra bir işlə məşğul olarsan” və bu kimi məsləhətlər bizi nə istədiyimizi müəyyənləşdirməyə mane olur. Bunun fəsadı böyükdür. Problemlər elə universitetin ilk ayından başlayacaq. Sevmədiyiniz, marağınızın olmadığı bir sahəni oxuyub öyrənmək və o sahədə çalışmaq insanı üzür, ancaq və ancaq gəlir mənbəyi kimi baxacaqsınız o işə. İcazə verin sizə biraz özüm haqqında danışım.
Mənim adım Tayfur Kərimovdur. Rusiyanın Sankt – Peterburq şəhərində anadan olmuşam və uşaqlığım da orada keçib. Orada valideynlərin uşaqlarının təhsil seçimi məsələsinə yanaşmaları fərqlidir. Onlar uşaqlarının öz üzərinə buraxırlar bu məsuliyyəti. Amma bu o demək deyil ki, uşaqlar seçdikləri ixtisas haqqında heç nə bilmədən seçim edirlər, qətiyyən. İlk öncə maraqlanırlar, məqalələr oxuyurlar, praktikada olurlar və sairə. Daha sonra isə qərar verirlər. Çünki onlar artıq məktəbli vaxtlarından anlayırlar ki, həyatı boyu bu sahə üzrə çalışacaqlar. Mən 11-ci sinifdə Azərbaycana, Bakıya qayıtdım və təhsilimi burada başa vurdum. Elə mühitdə yaşamağıma baxmayaraq valideynlərimin sözünü yerə salmayıb, keçid balı yüksək olduğu üçün Bakının ən yaxı universitetlərindən olan Bakı Ali Neft Məktəbinə qəbul oldum. 3-cü kursda olarkən artıq anladım ki, bu sahə mənə maraqlı deyil. İxtisasım üzrə bir müddət işləyəndən sonra isə artıq əmin oldum ki, bu sahəyə marağım yoxdur. Təbii ki, universitetdən çıxmadım, çünki “camaat nə deyər” məsələsi çox önəmli məsələdir bizim cəmiyyətdə. Gec anladım ki, heç belə vacib, həyatımızı həll edən məsələlərdə ancaq və ancaq özümüzü eşitməliyik. Amma artıq mənim kimi səhv etmisinizsə, bundan da çıxış yolu var. Mənim riyaziyyata çox böyük marağım olub məktəb vaxtlarımdan, öyrətməyi də çox sevmişəm. Müəllimlik sahəsinin mən sevə - sevə işləmək istədiyim sahə olduğuna əmin olmaq üçün tələbə ola-ola başladım öz üzərimdə çalışmağa və özümü tam hazır hiss etdikdə təhsil mərkəzinə CV göndərdim, interview-dan, imtahanlardan keçdim və müəyyən müddətlik ixtisas artırma kursuna qəbul oldum. Beləliklə, işləməyə başladım. Əmin oldum ki, bu sahəni sevirəm və hal-hazırda da Bakının ən yaxşı təhsil mərkəzlərinin birində çalışıram.
Çalışın adaptasiya olmağı öyrənəsiniz, bu sizə həyatda çox lazım olacaq. Rusiyada olarkən boks ilə məşğul olmağa başladım, 4 il boyunca ancaq məşq edib, öz üzərimdə çalışmışam. Bir dənə də olsun yarışa qatılmamışam, çünki belə bir prinsipim var idi: “Əgər birinci deyilsənsə, vacib deyil neçəncisən”. İkinci yerlər belə yadda qalmır, unutmuyun. Hər zaman uduzmaqdan qorxmuşam, çünki çox əziyyət çəkmişəm. 5-ci il yarışlara çıxmağa başladım, iştirak etdiyim bütün yarışlarda qalib gəlirdim. Beynəlxalq yarışmanın son, final mərhələsində isə uduzdum, ağır zədə aldım. Bununla boksçu karyerasını unutmaq məcburiyyətində qaldım, amma depresiyaya qərq olmadım. Digər “açıq qapılara” diqqət etdim, özümü digər sahəyə yönəltdim. Bunu niyə danışdım sualı yarada bilər sizdə. Bununla sizlərə çatdırmaq istədiyim odur ki, bu həyatdır, başımıza bir dəqiqə sonra nə gələcəyini bilə bilmərik, sadəcə ehtimal edə bilərik. Həyatımız ehtimallar üzərində qurulub. Bu halda isə özümüzü dar bir sahəyə verib digər hər bir şeyi “əşi, nəyimə lazım olacaq” deyərək yaşamaq lazım deyil, inanın ki, lazım ola bilər. Bir sahədə mükəmməlləşin, amma başqa şeylərə də maraq göstərin, öyrənin. Mən boksçu oldum, amma bitdi. Özümü ələ alıb yönəltdim özümü digər sahəyə, mühəndisliyə, çox da bəyənmədim, hal-hazırda isə müəlliməm. Bütün bunları əldə etməyimi asanlaşdıran isə o oldu ki, idman sahəsində olduğuma baxmayaraq, heç vaxt təhsilimi unutmamağımdır, hər zaman günümün yarısını oxuyurdum, dərsliklərdən əlavə də oxuyurdum.
Aranızda bəlkə də kitab oxuyanlar çoxdu, güman edirəm həyatda uğur qazanan bir çox məhşur insanların hekayələrini oxumusunuz. Düzünü deyim, mən heç birini oxumamışam, çünki hər bir insanın uğura aparan yolu müxtəlifdir. Amma hər birini birləşdirən isə odur ki, o insanların heç biri təslim olmayıb. Hər bir insanın həyatında heç olmasa bir dəfə də olsun uğura aparan yolun qapısını açmaq şansı düşür, sadəcə bunu əldən verməmək və öz üzərində çoxlu çalışmaq lazımdır. Asan olmayacaq, təbii ki, asan və əldə olunan hər bir şey asanlıqla və tez də bitər.
Sizin hər birinizə uğurlar arzu edirəm. Heç vaxt təslim olmayın, daim çalışın və hər şey yaxşı olacaq!
Kərimov Tayfur
Riyaziyyat müəllimi, Kimya mühəndisi
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.