Həyatımızda ixtisas seçimi
Əziz abituriyentlər! Hər biriniz tələbə arzusu ilə “gözünüzə yuxu verməyib",gecə-gündüz ali məktəbdə qəbul olmağa hazırlaşırlaşırsız. O müəllim yanından bu müəllim yanına qaçırsız, müxtəlif kurslara gedirsiz, bir sözlə əməlli-başlı çalışırsız.
Hər birinizin əsas məqsədi ali məktəbə qəbul olmaqdır. Təbii ki, bu yolda valideynlərin əziyyəti, maddi dəstəyi əvəz olunmazdır. Bu sözləri nəzərinizə çatdırmaqda məqsədim odur ki, mən də bu çətin yollardan keçmişəm. İlk növbədə onu deyim ki, abituriyent olmağınızın, hazırlıq günlərinin qədrini bilin. Düzdür, nə qədər əziyyətli mərhələ olsa da, zaman keçdikcə sonra xatırlayanda, çəkdiyiniz əziyyətlərin bəhrəsini görəndə mənəvi bir zövq alacaqsız.
Abituriyentlik dövründə həyatımızda ən vacib addımları atırıq. İxtisas seçimi bu addımların ən önəmli nöqtəsidir. Yəqin ki, çoxumuz uşaqlıqda özümüzü müxtəlif peşələrdə xəyal edirdik (onu da qeyd edim ki, bütün məqsədlərin, hədəflərlərin başlanğıcı xəyaldır). Böyüyəndə kim olacaqsan sualına polis, pilot, müəllim, həkim kimi müxtəlif peşələrin adlarını çəkirdik. Beləcə bu arzulara böyüyürük.
Artıq ciddi ixtisas seçimi zamanı gəldikdə təkcə xəyallarla deyil, reallıqları qiymətləndirərək yola çıxırıq. Mən ən əsası valideynləri övladlarının ixtisas seçiminə dəstək olması və hörmət etməyi arzu edirəm. Ona görə ki, bu bizim ən yaralı yerimizdir. Əksər valideynlər deyirdilər ki, “nə olursa olsun əsas odu universitetə daxil ol”.
Sonra ixtisas seçimi gəldikdə öz istəklərini ortaya qoyurlar. Beləcə nə qədər abituriyent istəksiz, məcburiyyətdən sevmədikləri ixtisaslara qəbul olurlar. Nəticədə isə gələcəyimiz korlanır, savadsız kadrlar yetişir. Bəzi valideynlər də var ki, öz işlədikləri yaxud da arzusunda olub, amma özlərinə nəsib olmayan ixtisaslara yönəldirlər. Amma fikirləşmirlər ki, övladları istəmədikləri ixtisasda xoşbəxt olmayacaq. Eyni zamanda ixtisas seçiminə son dərəcə diqqətli olmaq lazımdır. İlk növbədə sevdiyiniz, yolunda bezmədən əmək vercəyiniz ixtisas seçin. Əgər ixtisas seçimində çətinlik çəkirsinizsə, təcrübəli şəxslərdən, həmin ixtisasda işləyən insanlardan məsləhət alıb, istiqamətlənə bilərsiz. İxtisas seçərkən bu peşənin real həyatımızda mövqeyinə, tələbatına diqqət etməlisiz. Sevib, arzu etdiyiniz peşə ola bilər, amma sizin bu işdə karyera qurmağınızda nə cür imkanların olduğunu mütləq nəzərə almaq lazımdır. Əks halda diplomunuz, çəkdiyiniz əziyyət bada gedə bilər.
Mən uşaqlıqdan jurnalist olmaq arzusu ilə yaşayırdım. Ən əsas da aparıcı olmaq istəyirdim. Amma mətbuat işi, müxbirlik ixtisasları da olsa, işləmək mənə maraqlı idi. Evdə balaca radiom var idi. Azərbaycan milli radiosuna, digər dalğalarda gedən verlişlərə qulaq asıb, özümü orda təsəvvür edirdim. Lakin orta məktəb bitirməyimə bir ay qalmış mən bu fikrimdən vaz kecdim. Onu deyim ki, mənim bu ixtisasa qəbul olmaq istəyimə bəzi qohumlar qarşı çıxırdı. “Qız uşağı nədir, jurnalist olmaq nədir?" tipli cümlələr eşidirdim. Amma mən bu sözlərin heç birinə məhəl qoymurdum. Ətrafdakıların sözləri bəzən anama təsir edirdisə də, mənim seçimimə qarşı çıxmırdı. Əksinə dəstək olurdu. Amma günün birində sanki yuxudan ayrıldım. Dəyərli bir müəllimimin sözü məni qəflət yuxusundan ayıltdı. Mən başa düşdüm ki, bu sahə də mən istədiyim kimi karyera qura bilmərəm. Ölkəmizdə jurnalistika sahəsində inkişaf geriliyi, eləcə də televiziya kanallarımızın bərbad vəziyyətini , həmçinin bu sahəyə necə zəif qiymət verilməsini düşündükdə nə yaxşı ki, bu peşənin arxasınca getmədiyimə sevinirəm. Müasir dövrümüzdə özəl telekanallarımızın vəziyyətinin ürək açan olmaması, qeyri-peşəkar insanların bu sahəyə çalışması haqqında danışmağa ehtiyac yoxdur.
Seçdiyim ixtisas Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasıdır. ADPU-nun Şamaxı filialında təhsil alıram. Bakıda təhsil almağı arzu etsəm də, tələbənin hər yerdə tələbə olmasını, sistemin eyni olmağını anladım. Artıq 3-cü kursdayam və çox məmnunam. Bu ixtisası çox sevdim, çünki uşaqlıqdan ədəbiyyata inanılmaz dərəcədə həvəsimin və çoxlu bədii kitablar mütaliə etməyimin mənə çox köməyi oldu. Ona görə də bu ixtisası seçənlərə məsləhətim budur ki, zəngin bədii əsərlər oxumaq sizin xeyrinizədir. Bacardıqca əlinizə düşən faydalı, maraqlı kitabları oxuyun. Çünki kitab oxuduqca həm sizin söz ehtiyatınız genişlənir, həm də yazılı nitqiniz də kamilləşir. Həm də tələbəlik illərində dünya və milli ədəbiyyatımızdan çeşid-çeşid əsərlər keçəndə əziyyət çəkməsinlər.
Bu ixtisası bitirdikdən sonra siz orta məktəblərdə ana dili və ədəbiyyat müəllimi, magistr təhsili aldıqda isə ali məktəblərdə müəllim kimi işləyə bilərsiz. Eləcə də biliklərinizi daha da genişləndirib tədqiqatçı kimi, həmçinin radio və televiziyalarda diktor kimi fəaliyyət göstərə bilərsiniz.
Tələbəlik illərinə gəldikdə isə çalışın qarşınıza çıxan bütün insanlardan istifadə edin. Bu illəri səmərəli və rəngarəng keçirməyə çalışın. Bunun üçün maarifləndirici tədbirlərə, əyləncəli şənliklərə qatılmaqla tələbəlik həyatımızı daha sən keçirə bilərsiniz. Eyni zamanda könüllülük işinə ciddi maraq göstərin Heç olmasa azı 1, 2 təşkilata könüllü olun. İnanın ki, könüllülük işi həyatınızı dəyişdirəcək. Məlumdur ki, prezident İlham Əliyev 2020-ci ili “Könüllülər" ili elan etdi. Bu il könüllü fəaliyyətinə çox diqqət yetirildi, pandemiya dövründə könüllülərin gördüyü işlər layiqincə qiymətləndirdi. Mən bir gənc könüllü olaraq sizə deyirəm ki, heçnə itirməyəcəksiniz, əksinə çox müsbət imkanlar qazanacaqsınız. Bu fəaliyyət sizə yüksək karyera qurmağınıza, dünyagörüşünüzün formalaşmasına çox müsbət təsiri olacaq. Ətrafınızda yeni, inkişaf yönümlü dostlar qazanmaqla ünisyyət dairənizi genişləndirə bilərsiniz. Bir gənc tələbə kimi vaxtımızın səmərəli, günlərimizin faydalı keçməsində ictimai fəaliyyətimiz böyük əhəmiyyət daşıyır. Zamanınızı yalnız dərsə gedib-gəlməklə, sıxıcı tələbə həyatı keçirməyin sizə heç bir xeyri yoxdur. Dərslərimizi oxumaqla bərabər gələcək karyeramız üçün məqsədli şəkildə addımlar atmalıyıq. Mən bu yolda uğurla irəliləyirəm, müvəfəqiyyətlər də qazanıram. İnanıram ki, sizin hər birinizdə qarşısına məqsəd qoymaqla inkişafa doğru can atacaqsınız. Unutmayın ki, gənclik bir dəfə verilir, onu nə qədər səmərəli, faydalı yaşasaz, geri baxanda peşman olmayacaqsınız. Bu fəaliyyətlərlə özünüzə həm də təcrübə qazanmış olursuz.
Ümid edirəm ki, ixtisas seçimində, gələcək fəaliyyətlərinizdə məsləhətlərim məqaləni oxuyan hər kəsə faydalı olar. Sizə gələcək həyatımızda uğurlar arzulayıram!
Hacıyeva Leyla.
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.