Jurnalistika - Ümumi maraqlar ixtisası

Jurnalistika - Ümumi maraqlar ixtisası

Jurnalistika - Ümumi maraqlar ixtisası

  Jurnalistika universal bilikləri özündə birləşdirən, cəmiyyətə xidmət edən, dövlət və cəmiyyət sistemini formalaşdıran başlıca peşə sahələrindən biridir. Jurnalistikanı digər sferalardan fərqləndirən onun həm elm, həm sənət, həm də peşə xarakteri daşımağıdır:
Jurnalistika elmdir, çünki konkret olaraq tədqiqat obyekti və predmeti var;
♦ Jurnalistika sənətdir, çünki yaradıcı baxış tələb edir. Burada yaradıcılıq deyərkən informasiya yaradıcılığı, məlumatı çatdırmaqdakı kreativlik nəzərdə tutulur;
♦ Jurnalistika peşədir, çünki öz məşğuliyyət dairəsi və özəllikləri mövcuddur.
  Uğurlu jurnalist daim öz üzərində çalışan, bilik aclığı yaşayan və doyuma heç vaxt çatmayan, operativ, lakin eyni zamanda dəqiq olandır. Uğurlu jurnalist olmaq bilik axtarmaq, onu peşəkarcasına işləmək üçün çalışmaq və üslub, dəst-xətt ortaya qoymaqdır.

  Uğurlu jurnalist olmaq istəyən biri yeni bilik və bacarıqlar əldə etmək üçün hər zaman fürsət axtarmalı və əlinə düşən imkanları lazımınca dəyərləndirməlidir. Müasir dövr, kommunikasiya və rəqəmsallıq çağında bilik əldə etmək asanlaşıb. Bilik kitabxana rəflərindən internet domenlərə daşınıb. Buna görə də yeni axtarış metodlarından istifadə etməklə özünüyeniləmə prosesini rahat şəkildə həyata keçirmək mümkündür. Bundan əlavə, klassik metodları da unutmamaq lazımdır, çünki kitabın verdiyi bilik həzzi və yaddaqalanlığının öz fərqliliyi var. Bunun üçün xarici ölkələrdən nəşrlər tapmaq, sifariş verərək gətirtmək çətin proses deyil. Həvəs və öyrənmə eşqi olduqdan sonra sərhədlər şəffaflaşır.
  Azərbaycanda ali jurnalistika təhsili keyfiyyət baxımından çox da yüksək səviyyədə deyil. Burada əsas yük tələbənin üstünə düşür: axtarmalı, tapmalı və işləməlidir. İmkanların isə nə qədər geniş olması müzakirə mövzusudur. Sahə ilə bağlı barmaqla sayılacaq dərəcədə kitab var, keyfiyyətli nəşrlər isə lap azdır. Dövrün tələbləri jurnalistika sahəsindəki elmi tədqiqatlarla dəstəklənmir, gecikmələr yaşayırıq. Bu gecikmələr ən az 20-30 illik gecikmələrdir. Məsələn, Türkiyə üçün informasiya cəmiyyəti araşdırmaları çeynənmiş və köhnəlmiş mövzu hesab olunduğu, 90-cı illərdə qaldığı halda, Azərbaycanda media tədqiqatları üçün ən aktual məsələlərdən biri informasiya cəmiyyətidir. Bu baxımdan, jurnalistika sahəsində peşəkarlaşmaq və gerçək alimlik yolunda irəliləmək istəyən hər kəs ən az bir xarici universitetin təcrübəsini yaşamalıdır.
  Jurnalistikada karyera planlaması isə çox önəmli məsələdir. Mən media sahəsini futbola bənzədirəm. Media işçisi də futbolçu kimidir, müəyyən yaşdan sonra bu sferada işləyə bilmir. Bu durum praktikaya gec başladıqda da baş verir. Jurnalistikaya gec yaşında başlamaq çox böyük mənfilikdir. Müəyyən yaş ötdükdən sonra jurnalistliyə təzə başlamaq, adətən, uğursuzluqla nəticələnir. Bunun üçün də çox tez başlamaq lazımdır – elə bakalavriaturanın I kursundan – 18 yaşdan etibarən.
  Media elə bir sahədir ki, buradakı bütün vəzifələrdə olmaq, onların təcrübəsini toplamaq lazımdır. Müxbirlikdən baş redaktorluğa qədər hər birinin özünəməxsus təcrübəsi var. Biri əskik olduqda zəncir qırılır. Uğurlu redaktor, ilk olaraq, uğurlu müxbir olmalıdır.
  Mən jurnalist olmaq istəyən tələbələrə ilk illərindən etibarən işə başlamağı tövsiyə edirəm. Təbii ki, ilk başlarda bu iş müəyyən ödəniş olmadan gerçəkləşə bilər. İlk zamanlar maddi yox, peşə-təcrübə qazancına önəm verilməlidir. Peşəkar olduqdan sonra isə artıq axtaran yox, axtarılan olacaqsınız. Bu münasibəti tam olaraq görməsəniz də, öz dəyərləndirmənizdə önəmli olduğunuzu hiss edəcəksiniz.
  İlk işi isə müəyyən saytlar, qəzetlər, radio və televiziya kanalları, informasiya agentliklərində təcrübəçi olaraq başlayıb daha sonra da orada davam edərək tapmaq olar. Amma çalışın ki, jurnalistika sahəsində bir yerdə ilişib qalmayın, hər yerin, hər qurumun təcrübəsini yaşayıb, sınayıb, dadın.
  Azərbaycanın böyük aydınlarından Əhməd bəy Ağaoğlu 1899-cu ildə "Kaspi" qəzetində rus dilində yazdığı iki hissəli “Şərq jurnalistikasının icmalı” məqaləsində qeyd edirdi ki, bizə Qərbin çox şeyi lazım olsa da, ən çox mətbuatı lazımdır.

  Azad mətbuat demək formalaşmış cəmiyyət deməkdir, formalaşmış cəmiyyət isə firavan dövlət.
Uğur olsun!

    Nurlan Ağa (Salamov),
    Atatürk Universiteti Sosial Elmlər İnstitutu
    Jurnalistika kafedrasının doktorantı

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.