Kimya yoxsa Kimya Mühəndisliyi?

Kimya yoxsa Kimya Mühəndisliyi?

Kimya yoxsa Kimya Mühəndisliyi?

Mən, bu məqalənin müəllifi, Cəlilova Ləman, 18 yaşlı “Kimya mühəndisliyi” ixtisası üzrə Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsil alan üçüncü kurs tələbəsiyəm.

  Yadımdadır, 11-ci sinifdə oxuyanda artıq kimya mühəndisi olacağımı dəqiq bilirdim. Buna baxmayaraq, içimdə yenə də kimya mühəndisliyinin kimya ilə sıx əlaqəli olacağı haqqında böyük narahatçılığım var idi. Çünki kimyanı bir fənn olaraq riyaziyyat və fizikadan dəfələrlə az sevirdim. 

  Universitetə qəbul olandan sonra dəvət olunmuş qonaq tərəfindən mühazirə keçirilirdi. Orada bütün kimya mühəndisliyi ixtisası üzrə oxuyan tələbələrə belə bir sual verildi: “Burada oturanlardan kim bu ixtisası kimyanı sevdiyinə görə seçibsə, əlini qaldırsın”. Həmin tələbələrin sayı heç az deyil idi. Məhz o məqamı yada salaraq qərara gəldim ki, kimya mühəndisliyini kimyadan fərqləndirən cəhətlər haqqında bir məqalə yazım ki, ixtisas seçərkən xəbərdar olmadıqlarına görə abituriyentlər sevməyəcəkləri ixtisası seçməsinlər. 

Əvvəlcə, ayrılıqda hər iki ixtisasın qazandırdığı bacarıqlara nəzər yetirək:

Kimyanın qazandırdığı bacarıqlar:

- Kimyəvi maddələrlə işləmək

- Kimyəvi eksperimentlər keçirmək

- Laboratoriya testlərini analiz etmək

Kimya mühəndisliyinin qazandırdığı bacarıqlar:

- Təşkilatçılıq

- Layihələrin idarəedilməsi və liderlik

- Elmin kommersial tətbiqi

Riyaziyyat, Fizika, Kimya İnformasiya Texnologiyaları bilikləri

  Sözsüz ki, bunlar yalnız ümumi bacarıqlardır, lakin “Kimya” ilə “Kimya mühəndisliyi” arasında olan böyük fərqi nümayiş etdirmək üçün kifayətdir. Əgər siz laboratoriyada işləyib kimyəvi maddələrlə elmi tədqiqatlar aparmaq istəyirsinizsə, onda “Kimya” doğru seçim olmuş olar. Əgər əksinə, bundan öncə qeyd etdiklərim sizi mənim kimi o qədər də maraqlandırmır və siz proseslərlə işləməyi daha üstün tutursunuzsa, onda “Kimya mühəndisliyi” ən doğru seçimdir.

  Ümumilikdə götürsək, kimya mühəndisləri kimyaçılar tərəfindən aşkar edilən hər hansı bir maddə əsasında yaradılan materialları test edib onlar üzərində iş aparırlar. Kimya mühəndisliyi texnologiyaya aid olan bir sahə olduğundan maye mexanikası və dinamikası, tətbiqi riyaziyyat, avadanlıq dizaynı və s. kimi fənlərin biliyi kimya mühəndisi olmaq üçün zəruridir. 

  Misal əsasında kimyaçı və kimya mühəndisi arasında olan fərqi belə nümayiş etdirmək olar: təsəvvür edin ki, dostunuz kimyaçıdır və hər hansı bir yeni maddə aşkar edib. Yaxud yeni bir material istehsal edib. Siz, kimya mühəndisi olaraq, həmin yenicə laboratoriya şəraitində yaradılmış materialı daha böyük miqyasda istehsal etmək istəyirsiniz, yəni 5-6 qram yox, 5-6 ton. Bunu etmək üçün də fizika, riyaziyyat, kompüter və iqtisadiyyat biliklərinizi bir yerə toplayıb işə başlayırsınız. 

  Kimyaçılar daha çox əczaçılıq, kənd təsərrüfatı, plastik, kağız və s. kimi sahələrdə fəaliyyət göstərirlər. Kimya mühəndisləri üçün mümkün fəaliyyət spektri daha genişdir. Beləki, onlar enerji, biotexnologiya, tekstil, səhiyyə, neft və qaz, ətraf mühit, geniş miqyaslı istehsalat, qida emalı və s. kimi sahələrini əsas karyera istiqaməti kimi seçə bilər.

  Bundan başqa, kimya mühəndisliyini seçməyim üçün daha bir səbəb də var idi: kimya mühəndisləri adətən daha kreativ düşüncəli insanlar olurlar, çünki dünyada baş verən problemlərə əsaslanıb yeni texnologiyalar və avadanlıqlar yaradıb həll yolu tapmağa çalışırlar. Hələ tələbə olarkən, kimya mühəndisliyi mənə ən maraqlı peşələrdən biri kimi gəlir.

  Ən əsası odur ki, başlanğıcdan düzgün seçim edib gələcəkdə xoşlayıb sevəcəyimiz bir peşə sahibi olaq!

 

Ləman Cəlilova 

Azərbaycan-Fransız Universiteti, 3-cü kurs

Kimya Mühəndisliyi ilə bağlı videomüsahibəyə buradan baxa bilərsiniz.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.