Layihədə keyfiyyəti necə idarə etmək olar?

Layihədə keyfiyyəti necə idarə etmək olar?

Layihədə keyfiyyəti necə idarə etmək olar?

  İşində mükəmməlliyi sevən birisi olaraq bu sual daim məni düşündürmüşdür. Keyfiyyət nədir? Keyfiyyətin meyarları nələrdir? Ümumilikdə keyfiyyəti necə idarə etmək olar?

  1. Keyfiyyəti müəyyənləşdirin.

  Zənnimcə, keyfiyyəti müəyyən etmək işin ən rəngarəng hissəsidir. Bundan sonrakı mərhələlər şablon və öncədən müəyyən edilmiş qaydalar olsa da, məhz bu mərhələdə layihənin tələbləri və şəxsi keyfiyyətləriniz rol oynayır. Keyfiyyət meyarını niyə müəyyən etməliyik? Keyfiyyət meyarı layihənin tələblərini anlamaq, layiqincə yerinə yetirmək üçün müəyyən olunur. Beləliklə, siz layihənizin inkişafına nəzarət edə bilərsiz və baş verə biləcək istənilən dəyişikliyi analiz edir, layihənizin tələblərinə uyğun olaraq həyata keçirirsiniz.

  1. Layihənin öncədən müəyyən edilən tələblərinə sadiq qalın.

  Bu mərhələni ixtisas.az layihəsindən misal gətirərək izah edəcəm. Getdik!

 İxtisas.az layihəsinin məqsədi nədir?   -Abituriyentlərin ixtisas seçimində bələdçilik etmək.  Bəli! O zaman bu layihənin ilkin tələbi budur: abituriyentlərin sağlam ixtisas seçimi etməsi üçün gərəkli informasiyanı, şəxsləri, tədbirləri və s. bir portalda toplamaq. Oxuduğumuzda çox sadə, asan səslənir, amma tələbin onlarla keyfiyyət meyarı var. Hal-hazırda ixtisas.az layihəsi ilkin tələblərinə sadiq qalaraq onların öhdəsindən layiqincə gəlib və sürətlə inkişaf edir. 

  Fikrimcə, layihənin ilkin tələbləri dəyişilməzdir, amma  burada belə bir sual yaranır. Bəs layihəni inkişaf etdirməyək? Dəyişikliklər etməyək? Əlbəttə, edin. Analiz qabiliyyətiniz yüksək olmalıdır. Əgər həmin dəyişikliklər sizin ilkin tələblərinizi və işinizi ləngidəcəksə, bu riskə getməyə dəyməz. Bu mərhələni sizə belə izah edə bilərəm: Düşünün ki, bir qabınız var və siz ona bir maddə (bərk, maye, qaz) qoymalısınız. İlkin olaraq maddənin həcmini və xüsusiyyətlərini müəyyən etməlisiniz. Sonra isə həmin maddəyə əsasən qabın həcmini, materialını müəyyən etməlisiniz. Bununla yanaşı həm mövcud vaxtınızı, həm də bu qabı hazırlamaq potensialınızı nəzərə almalısınız (potensial dedikdə sizin maddi imkanlarınızı, həm də təcrübənizi nəzərdə tuturam). Burada maddə olaraq layihənizdəki dəyişikliyi, qab olaraq isə layihənizi, komandanızı düşünmək olar. İnkişaf və ya dəyişiklik etməzdən əvvəl buna hər cəhətdən hazır olmalısınız. Bu mənim üçün qızıl qaydadır.

  1. Keyfiyyətə nəzarət edin (monitorinq).

  Bu işin şablon hissəsidir və demək olar, bütün layihələrdə eyni cür davam edir, amma edilən ortaq səhv var. Keyfiyyətə nəzarət dedikdə əksər layihə menecerləri məhsulun hazırlanma mərhələsinə, məhsulun tələblərinə diqqət yetirir, amma komandada yoxlamalar aparmır. Layihənin qüsurlarını tapmaq üçün keyfiyyət meyarlarına əsasən yoxlamalar lazımdırsa, eyni şəkildə komandanın narazı qaldığı məqamları və tələbatlarını müəyyən etmək üçün yoxlamalar lazımdır. Komanda keyfiyyətə təsir edən amillərdən biridir. Bu prosesi asanlaşdırmaq üçün komandanızla ciddi, səmimi və mehriban münasibət yaradın.

  1. Layihə gedişatını, prosesləri izləyin.

  Bunu etməyin ən asan yolu layihə planlamanıza daim müraciət etməkdir. Proseslərə və gedişata əsasən layihə planlamanıza əlavələr edin, yeniləyin. Bu, layihəni ümumi analiz etməyinizə, prosesləri izləyib, layihənin gedişatına yaxşı və ya pis təsir edəcək məqamları asanlıqla müəyyən etməyinizə kömək olacaqdır.

 

  1. Öyrənilən dərslər (lessons learned)

  Layihədə etdiyiniz səhvlərdən qaçmayın. Əksinə özünüzə qarşı dürüst olun. Məsləhətim budur ki, layihənizi qiymətləndirməsi üçün təcrübəsinə güvəndiyiniz bir şəxslə müzakirə edin. Beləliklə, layihələrinizi daha sağlam, obyektiv qiymətləndirə bilərsiniz. Lakin bu işin ən önəmli detalı bütün prosesləri və qiymətləndirmələri sənədləşdirməyinizdir. Özünüzə məlumat bazası, kitabxana yaratdığınızı düşünün, bu sizi daha da həvəsləndirəcəkdir. Beləliklə, bu öyrəndiklərini növbəti layihələrdə asanlıqla tətbiq edə bilərsiniz.

 

  Bu məqalə fikirlərimə, öyrəndiklərimə və təcrübələrimə əsasən yazılmışdır. 

Hörmətlə,

Yusif Xəlilov

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.