Mədəniyyətlər arasında körpü – Tərcüməçilik
Tərcümə çox mürəkkəb prosesdir. Həm məxəz, həm də hədəf dilin xüsusiyyətlərinin nəzərə alınması tərcümə prosesində xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə qarşıya çıxan tarixi, etno-kulturoloji amillərin məxəz dildən hədəf dilə transformasiyası müəyyən çətinliklərlə müşayiət olunur. Xüsusilə, əgər tərcüməçi tərcümə edəcəyi mətnin hansı sahə ilə əlaqəli olduğunu bilmirsə və ya həmin mövzu haqqında hərtərəfli biliyə malik deyilsə, o zaman tərcümədə ciddi problemlərlə üzləşə bilər. Məsələn, A.Xotsko “Koroğlu” dastanını tərcümə edərkən Azərbaycan xalqının adət-ənənələri, dəyərləri, mədəniyyəti haqqında kifayət qədər məlumatlı olmaması səbəbindən dastanın adını “the banditti of Kurrouglu” kimi tərcümə etmiş, “dəli” sözünün əslində “igid”, “mərd”, “qoçaq” mənalarını ifadə etdiyini bilməmişdir. Başqa sözlə, “dəli” sözünün konnotativ mənasını anlamamışdır.
Peşəkar tərcümə fəaliyyəti ilə məşğul olmaq üçün hər iki dili mükəmməl bilmək vacibdir. Tərcümə fəaliyyəti ilə məşğul olmaq istəyən mütəxəssislər ilk öncə hansı dillərdən tərcümə edəcəklərsə, həmin dillərə yiyələnməlidirlər. Məsələn, ingilis və Azərbaycan dilləri üzrə tərcüməçilik fəaliyyəti ilə məşğul olmaq istəyən tələbələr ilk öncə təhsil aldıqları müddətdə ümumi ingilis dili səviyyəsinin ən yüksək pilləsinə (advanced) yiyələnməlidirlər. Daha sonra beynəlxalq sertifikat (IELTS) əldə etməlidirlər. Burada məsələ yalnız IELTS sertifikatının olmasında deyil. Əsas məsələ bu sertifikatın göstəricilərinin həqiqətən də tərcümə fəaliyyəti ilə məşğul olmaq istəyən tələbələrin dil səviyyəsində öz əksini tapmasından gedir. Bu birinci şərtdir.
Təbii olaraq, tərcüməçi geniş dünyagörüşünə (outlook), tərcümə edəcəyi mətnin mövzusu (subject matter) haqqında biliyə malik olmalı və dünyada baş verən proseslərdən xəbərdar olmalıdır. Eyni zamanda, tərcüməçi stressli vəziyyətlərə dayanıqlı olmalıdır. Qeyd etmək lazımdır ki, tərcüməçi kimi uğur qazanmağın sirri hər iki dili peşəkar səviyyədə bilməkdən keçir. Tərcüməçi daim öz üzərində işləməli, dil bacarıqlarını inkişaf etdirməlidir. Çalışqanlıq, əzmkarlıq və məqsədyönlülük kimi xüsusiyyətlər tərcümə sənəti ilə məşğul olmaq istəyən mütəxəssislərin şəxsi keyfiyyətlərinin ayrılmaz tərkib hissəsi olmalıdır. Bəzən tələbələr elə düşünürlər ki, peşəkar mütəxəssis olmaq üçün yalnız xaricdə təhsil almaq lazımdır. Lakin unutmaq olmaz ki, arzulayan və həddindən artıq çox istəyən şəxsin qarşısında heç nə dayana bilməz. Harada təhsil almağınızdan asılı olmayaraq, peşəkar tərcüməçi ola bilmək bu sahə ilə məşğul olmaq istəyən şəxslərin özündən asılıdır. Bu mənada tələbə və müəllim fəaliyyətinin vəhdəti mühüm əhəmiyyətə malikdir. Xaricdə təhsil almasanız belə, əgər yaxşı müəlliminiz, ustadınız (mentor) varsa, gələcəkdə peşəkar mütəxəssis olmaq şansınız böyükdür.
Artıq universitetə hazırlaşarkən qarşıdakı illərin planını qurmaq lazımdır. Öncədən hansı ixtisası seçəcəyinizi və hansı sahədə işləyə biləcəyinizi müəyyən etməlisiniz. Bu sahə üzrə əldə etməli olduğunuz bilikləri, bacarıqları və şəxsi keyfiyyətlərinizi nəzərə almalısınız. Təhsilinizi bitirdikdən sonra kifayət qədər iş qabiliyyətli, peşəkar mütəxəssis və dövrün tələblərinə cavab verdiyiniz təqdirdə siz işi yox, iş sizi tapacaq. İstənilən halda, hələ tələbə ikən tədricən iş həyatına başlamaq lazımdır, xüsusilə, ikinci kursdan etibarən öz üzərinizdə işləyə-işləyə təcrübə toplamaq, iş həyatı, mühiti və kollektiv iş haqqında təcrübəyə yiyələnmək lazımdır.
İxtisas haqqında daha ətraflı məlumat üçün https://ixtisas.az/az/tercume-ixtisasi-azerbaycan-dili-ingilis-dili-66
Əliyev Sabir
ADU Tərcümə araşdırmaları elmi-tədqiqat laboratoriyası
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.