Mondo di Nar – “Nar”ın dünyası

Mondo di Nar – “Nar”ın dünyası

Mondo di Nar – “Nar”ın dünyası

  Mən, Nərgiz Məmmədzadə, bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində - Tərcümə İtalyan dili ixtisası üzrə almışam. 5-ci sinifdə xarici dil kimi ingilis dilini öyrənməyə başlayanda qərar vermişdim tərcüməçi olmağa. Yeni sözlər öyrənmək, test etmək, ən əsası kiçik mətnləri ingilis dilindən Azərbaycan dilinə tərcümə etmək mənə xüsusi zövq verirdi. Tərcüməni mənə bu qədər çox sevdirən isə qurduğum xəyal idi. Xaricdən gələn əcnəbi iş adamı çıxış etməyə hazırlaşır və digərləri dil bilmədiyinə görə onunla danışa biləcək yeganə şəxs tərcüməçi xanım-mənəm. O şəxs danışmağa başlayır və sən bütün orada toplaşan hərkəsə söhbətin nədən getdiyini izah etməyə başlayırsan və bütün hamının diqqəti sənin üzərindədir. O an hiss ediləcək qürur hissini təsəvvür edəndə tərcüməçi olmaq mənim məqsədimə çevrildi və ixtisas seçimi zamanı italyan dilini seçdim. 

Niyə məhz italyan dili?

 Çünki ingilis dili hamının öyrəndiyi və danışa bildiyi dil idi, mən isə digərlərindən fərqlənmək istəyərdim. İtaliyanın Azərbaycanda səfirliyinin olması isə bu dili seçməyimin ikinci səbəbi idi. Çünki məhz bu dil sayəsində mən İtaliyaya gedib təhsil ala bilərdim. Bu dili öyrənməyə başlayanda düzgün seçim etdiyimi bir daha anladım və ikinci kursu bitirdikdən sonra İtaliyaya getdim. Perugia şəhərində yerləşən Università per Stranieri di Perugia-da (Xaricilər üçün Peruca Universiteti) lingua e cultura (italyan dili və mədəniyyəti) üzrə kurs keçərək sertifikat əldə etdim. Orada oxuduğum müddətdə həm də İtaliyanın ən gözəl və ən məşhur şəhərlərini - Romanı, Vatikanı, Florensiyanı, Venesiyanı və digər yerlərini gəzib görmək imkanım oldu. 19 yaşımda artıq mən ilk dəfə olaraq Azərbaycan nağıllarını italyan dilinə tərcümə edərək kitab çap etmişdim və onu İtaliyanın Azərbaycandakı səfiri Mario Baldiyə hədiyyə etmişdim. 2014-cü ildə ‘’Italy days in BAKU’’ MODENA tədbirindəkı iştirakım yüksək qiymətləndirilmiş və bu barədə İtaliyanın Azərbaycandakı Səfirliyinə məlumat verilmiş onlar da öz növbəsində adımı italyan dili üzrə tərcüməçilər siyahısına salaraq səfirliyin saytında yerləşdirmişlər. İtalyan dili mənim uğur talismanımdır və məhz italyan dilini seçib öyrəndiyimə görə özümü digərlərindən şanslı hesab edirəm. Bu dili öyrənmək asan, danışmaq rahat, öyrətmək isə qürurvericidir. İtalyan dilini bildiyimə görə həm də turizm sektorunda tur bələdçi kimi işləmə imkanım ola bilərdi və mən mən bu fürsətdən istifadə edərək magistr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində Turizm və Otelçilik ixtisası üzrə seçim etdim. Mənim kimi fərqlilik sevən və maraqlı tələbə həyatı yaşamaq istəyən hərkəsə bu dili seçməyi məsləhət görürəm. 

  İtalyan dilini öyrənməyin asan tərəfi ingilis və ya rus dili ilə müqayisəli şəkildə öyrənəndə daha effektiv olmağı, çətin tərəfi isə əzbərləməyin də müəyyən qədər tələb olunmağıdır. İtalyan dilini öyrənmək üçün faydalı mənbələr kimi Instagram və Youtube hesabı olan “learnamo”, “funandeasyitalian” kimi səhifələrini, eyni zamanda bu saytı tövsiyə edərdim. Eyni zamanda qeyd etmək istərdim ki, italyan dilini bilən kəs həm də ispan, fransız dillərini müəyyən qədər də olsa oxuyub başa düşə bilir. Buna səbəb isə hər üç dilin roman dillər qrupuna daxil olmasıdır. İtalyan dili ixtisası üzrə bakalavr təhsili alan tələbələr İtaliyanın Azərbaycandakı səfirliyində, Visametricdə, İtaliya Ticarət Agentliyində, xarici dil kurslarında, eyni zamanda turizm sektorunda tur bələdçi kimi işləyə bilərlər. Mən özüm də hal-hazırda Bakı Dövlət Universitetində, Coğrafiya fakültəsində - Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasında, ”Turizm fəaliyyətinin hüquqi əsasları”, “Turizm marşrutları və ekskursiya işinin təşkili”, “Mehmanxana fəaliyyətinin texnologiyası” fənlərini tədris edirəm. Məqaləmin adının “mondo_di_nar” olmağının səbəbi isə hər iki ixtisasımı da birləşdirərək ortaya fərqli bir layihə çıxarmağımdır. Bildiklərimi və öyrəndiklərimi instaqramda, bu ad altında bloqda paylaşımlar edərək həm yerli, həm də  xarici izləyicilərləbölüşürəm. Məqsədim dünyanın ən fərqli, ən maraqlı, həm də ən lüks otel, resort, villa, çimərlik, restoranları və onların xidmət və qiymətləri haqqında Azərbaycan, türk, rus, ingilis, italyan, ispan, fransız və alman dillərində şəkil və videolarla ətraflı məlumat verməkdən, həmçinin turizm və otelçiliyə aid terminləri italyan dilində yazılışı və oxunuşu ilə post şəklində paylaşmaqla yanaşı, azərbaycan, ingilis dilindəki tərcümələrini də qeyd etməkdən, ölkə xaricində yaşayan yerli bloggerlərlə əlaqə quraraq onların səyahət təcrübələrini, yaşadıqları ölkədə pandemiya dövründə turizm sahəsində yaranan problemləri və onları aradan qaldırmaq üçün həll yollarını qarşılıqlı şəkildə müzakirə etməkdən ibarətdir.

  Sonda isə abituriyentlərə demək istərdim ki, potensialınız olan və sizi xoşbəxt edən, işləyərkən zövq alacağınız ixtisası seçin və heç kimin sizin seçiminizə müdaxilə etməsinə izn verməyin! Özünüzə daima inanın və məqsədinizdən nə qədər çətinlik yaşasanız da dönməyin! Bir gün mütləq hər şey yoluna düşəcək. Unutmayın ki, çalışıb səy göstərdikcə, uğur addım-addım özü sizə doğru gələcək və hər şey xəyal etdiyinizdən belə daha çox gözəl olacaq! Bu mənim dünyam idi... Hərkəsə öz kiçik dünyasını qurmağı və yaşadığım bu qürur hissini duymağı arzu edirəm. İtalyanlar demiş: “in bocca al luppo!”

  İxtisas haqqında daha ətraflı məlumat üçün https://ixtisas.az/az/tercume-ixtisasi-azerbaycan-dili-italyan-dili-68

Nərgiz Məmmədzadə

Azərbaycan Dillər Universiteti – Tərcümə (İtalyan dili)

Azərbaycan Dövlət İqtisad Universiteti – Turizm və otelçilik

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.