Nə üçün STEM?

Nə üçün STEM?

Nə üçün STEM?

  Hal-hazırda Böyük Britaniyanın Essex Universitetində Molekulyar Tibb ixtisası üzrə doktorantura təhsilimi davam etdirirəm və iki müxtəlif proyekt üzərində çalışıram. Süd vəzi xərçəng xəstələrinin müalicəsində tətbiq edilən tibbi vasitələrin araşdırılması və təkmilləşdirilməsi, digər tərəfdən COVİD-19 tədqiqat qrupunun üzvüyəm. Bu sahədə də tədqiqatlarımı davam etdirirəm. Bu məqalədə STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) sahəsində öz karyerasını davam etdirən gənc tədqiqatçı xanım olaraq, nəyə görə bu sahədə ixtisaslaşdığımı, bunun gələcək üçün önəmini əhəmiyyətini vurğulayacağam. 

  Dördüncü Sənaye İnqilabına keçidin astanasındayıq bu öz təsirini milli, mədəni, siyasi, sosial, iqtisadi və fərdi ölçülərdə göstərməkdədir, nəticə etibarı ilə bir çox ixtisasların sıradan çıxması və  peşə sahələrin meydana gəlməsi qaçınılmazdır. Dördüncü Sənaye İnqilabı fiziki (sürücüsüz nəqliyyat vasitələri, robototexnika), rəqəmsal (iot-əşyaların interneti, blok çeyn) və bioloji sahələrə (genom sekvensləmə, genomun dəyişdirilməsi-CRİSPR, sintetik biologiya) tətbiq edilən texnologiyaların mərkəzləşməsi ilə xarakterizə edilir. Yeni rəqəmsal inqilaba hazır olmaq və gələcəyin ritmini tutmaq üçün dünyanın aparıcı ölkələrində təhsil müəssisələri STEM sahəsinin inkişafına, mütəxəssis yetişdirilməsinə daha çox diqqət ayırır. Belə ki,    abituriyentlərin süni intellekt, robototexnika, biotexnologiya, nanotexnologiya, komputer elmləri, kibertəhlükəsizlik, kvant hesablama, data elmləri kimi sahələrə üstünlük verməsinin önəmini xüsusilə vurğulamaq istəyərdim. 

  Molekulyar biologiya sahəsinə marağım Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya birliyində çalışdığım müddətdə formalaşdı. Molekulyar biologiya - genetika və biokimya elminin bir bölməsi olub, hüceyrəni təşkil edən makromolekulların funksiyası, stukturu, qarşılıqlı əlaqəsi, molekulyar səviyyədə baş verən bioloji prosesləri öyrənir. Molekulyar biologiyanın tətbiq sahəsi çox genişdir, bu da öz növbəsində mütəxəssislərə geniş iş imkanı sağlayır. Belə ki, molekulyar bioloji metodlar mikrobioloji, parazitar və genetik xəstəliklərin diaqnostikasında, məhkəmə ekspertizasında cinayət hadisələrinin aydınlaşdırılması və identifikasiyası məsələlərində, o cümlədən atalıq və analığın təyinində, bioloji silahların istifadəsinin qarşısını almaq, biotəhlükəsizliyin və biomühafizənin təşkilində, pandemiyanın qarşısının alınmasında, kənd təsərrüfatında xüsusilə heyvan və bitkilərin məhsuldarlığının artırılması, xəstəliklərə qarşı yeni dərman preparatlarının hazırlanması və elmi-tədqiqatların aparılmasında tətbiq edilir.

  Molekulyar biologiya sahəsində ixtisaslaşmağı düşünən gənclərə məsləhət görərdim ki, uğurlu karyeraya sahib olmaq üçün nəzəri və praktiki biliklərlə yanaşı, bioloji informasiyanın analizinə data elmlərinin, genomikanın, bioinformatikanın tətbiqini öyrənmək, dil biliklərini inkişaf etdirmək, aktiv şəkildə beynəlxalq konfranslarda, elmi görüşlərdə iştirak etmək, insanlarla ünsiyyət qurmaq, auditoriya qarşısında çıxış etmək bacarıqlarına da yiyələnsinlər. Əksər molekulyar bioloqlar R&D (Tədqiqat və İnkişaf) sahəsində fəaliyyət göstərirlər. Bununla yanaşı universitetlərdə, tədqiqat institutlarında, dövlət qurumları, farmakoloji şirkətlərdə, biotexnoloji mərkəzlərdə, genetik testlərin aparıldığı diaqnostik mərkəzlər və klinikalarda da çalışa bilərlər. 

 

Aygün Azadova 

Molekulyar Tibb ixtisası üzrə doktorant

Essex Universiteti

Email: aa20725@essex.ac.uk

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.