Proqramçılığa necə başlamaq lazımdır?

Proqramçılığa necə başlamaq lazımdır?

Proqramçılığa necə başlamaq lazımdır?

 Proqramçılıq maraqlı bir sahəyə bənzəyir və özün də bu sahədə uğurlu ola biləcəyinə inanırsan, amma haradan başlayacağını bilmirsən? Bu sahədə təhsilli və təcrübəli bir fərdə çevrilmək üçün hansı addımları keçmək lazımdır? Gəlin bu sahəyə başlamaq üçün addımları analiz edək.

  1. Youtube, Google-da “Proqramlaşdırma nədir? Harda və necə öyrənmək olar ?” deyə araşdırma etmək

  2. Bir onlayn kurs satın almaq ya da bir oflayn kursdan qeydiyyatdan keçmək 

  3. Mark, Elon, Bill, Steve kimi insanların qazandıqları pulları öyrənib qaza gəlmək

  Əgər ilkin mərhələ kimi yuxarıda sadalananlardan hər hansı birini seçirsənsə, bu addımı səhv atırsan deməkdir.

  Çünki kənardan görülənlərlə proqramçılığa yaranan marağın müvəqqəti xarakterli olub-olmaması sınanmalıdır. Real iş mühitinə keçdikdə bu maraq qısa zamanda itirilə və vaxt itkisinə səbəb ola bilər. Bundan əmin ola bilmək üçün bir proqramçı

  1. Necə yaşayır?

  2. Gündəlik həyatı necə olur?

  3. Həyata baxışı necə olur?  suallarına cavab tapmaq lazımdır. 

  Bunları bilmədən istədiyindən əmin olmağın mümkün deyil. Bu əminlik olmasa, bir neçə il keçdikdən sonra həyatının peşmançılığını yaşayıb sektor dəyişdirmək məcburiyyətində qala bilərsən.

  1. Bir neçə proqramçı ilə tanış olmaq lazımdır. Sadəcə sosial mediada dostluq göndərib onların paylaşımları izləməklə kifayətlənmə. Onlarla otur kofe iç, söhbət et, onlar işləyərkən yanlarında ol, izlə. Sadəcə sosial mediada izləmək səni çox səhv qərarlar almağa yönləndirə bilər. Çünki insanlar “instagram story”lərində, “Facebook” postlarında və s. həyatlarının əyləncəli və iştah açan yönlərini paylaşmağa həvəslidirlər. Yazdığı koddakı səhvi tapa bilməyəndə hirsindən divara yumruq atarkən ya da 15+ saat kod yazdıqdan sonra saçı başı dağılmış, makyajı axmış halda “instagram story” çəkən proqramçı çox azdır.

  2. Proqramlaşdırma ilə məşğul olan şirkətlərə müraciət etmək lazımdır. Şirkətlərdən rədd cavabı almaq bu vəziyyətdə çox normaldır. Ancaq sonda mütləq ki, bir şirkət pozitiv cavab verəcək. Həmin şirkətdə iş prosesi ilə yaxından tanış olmaq qərarı daha rahat verməyə kömək edəcəkdir.

  3. Hər hansı bir proqramlaşdırma məhsulunun istehsal prosesini başından sonuna qədər izləmək lazımdır. Bu sənə istədiyin və xəyalını qurduğun işin xəritəsini ortaya qoyacaq və çox faydalı olacaq. Bir veb-saytdakı ciddiyə alınmayan qeydiyyat formunun ərsəyə gəlməsinin heç də düşünülən qədər bəsit olmadığını görməlisən.

Bütün bu addımları tamamladın və hələ də fikrin “Öyrənmək istəyirəm”-dirsə, başda ilkin addım kimi ata bilmədiyimiz addımları ikinci addım kimi atmaq olar. Yəni istər onlayn platformalar üzərindən, istərsə də oflayn kurslar yolunu seçmək mümkündür. 

Proqramlaşdırma öyrənmək üçün resurslar limitsizdir. Sadəcə düzgün platformanı seçmək (mobil, veb, desktop) və daha sonra platformaya uyğun dili təyin edərək başlamaq lazımdır.

 

Nail Seyidov

SaytWeb Studio Təsisçisi və Direktoru

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.