Psixologiya sahəsində peşəkar inkişaf

Psixologiya sahəsində peşəkar inkişaf

Psixologiya sahəsində peşəkar inkişaf

Psixologiya sahəsində peşəkar inkişaf

  Müasir elmlərə nəzər saldıqdan hazırda geniş yayılmaqda olan peşə sahələri içərisində psixologiyanı da görmək mümkündür. Bir çox mənbələrdə gələcəyin ixtisası olaraq qeyd olunan psixologiya zaman keçdikcə yeni sahələrinin formalaşması ilə genişlənməkdə və fərqli istiqamətlərdə cəmiyyətə xidmət etməkdədir. Hazırda texnologiyanın sürətli inkişafı, insanlar arasında ünsiyyətin azalması, artan təlabatların və gündəlik qayğıların fonunda insanların yaşadıqları stress halı bu sahəsinin aktuallığını və mövcud ehtiyacı diqqət mərkəzinə çəkir. Psixologiya elmin elə bir sahəsidir ki, bu sahə insana yalnız peşə bacarıqları verməklə kifayətlənməyib eyni zamanda onun bir şəxsiyyət kimi formalaşmasında və şəxsi inkişafında böyük rol oynayır.

Təhsil aldığınız illərdə özünüzdə bu dəyişiklikləri müşahidə edə bilərsiniz:  

- Təhsil müddətində oxuduğunuz kitablar, tanış olduğunuz nəzəri biliklər ilə özünüzü və ətrafınızı kəşf etməyə, baş verənlərin fərqli tərəflərini görməyə başlayacaqsınız. Öyrəndiklərinizi ətrafınızda gördükcə həm təəccüblənəcək, həm də baş verənlərin altında yatan səbəbləri araşdırmağa çalışacaqsınız. Bu isə təhsilinizin əyləncəli və maraqlı tərəfi olacaq. 

- İnsanlarla ünsiyyət qurmaq bacarıqlarınız inkişaf edəcək. Ünsiyyət texnikaları ilə tanışlıq fərqli xarakter xüsusiyyətərinə malik olan insanlarla uğurlu münasibət qurmanızda faydalı olacaq. 

- Problem həll etmək bacarıqlarınız inkişaf edəcək. Ətrafınızda baş verən ani hadisələr və kritik vəziyyətlər alternativ problem həll etmə yolları araşdırmanıza və özünüzdə belə bir müsbət vərdiş formalaşdırmanıza yardımcı olacaq. 

- Psixologiya təhsili ilə müxtəlif sahələrdə karyeranızı davam etdirə bilərsiniz. Psixologiya haqqında danışıldığı zaman insanların təsəvvüründə klinikalarda fəaliyyət göstərən və psixoterapiya ilə məşğul olan klinik psixoloqlar canlanır. 

  Ancaq psixologiya yalnız bu sahə ilə məhdud deyil. Belə ki, təhsilinizi inkişaf etdirməklə siz eyni zamanda hüquq psixologiyası, təşkilatı psixologiya, sağlamlıq psixologiyası, iqtisadi psixologiya, sosial psixologiya, inkişaf psixologiyası və s. kimi sahələrdə özünüzü inkişaf etdirə və fərqli yerlərdə işləyə bilərsiniz. 

  Psixologiya ixtisası üzrə təhsil müddətində universitetdə tədris olunan dərslər sizin gələcək fəaliyyət istiqamətinizin formalaşmasında yardımçı olacaq. Bu zaman onun sahələri haqqında məlumata malik olacaq və sizə uyğun olan istiqaməti seçərək gələcək magistratura və ya doktorantura təhsilinizi o istiqamətdə davam etdirə biləcəksiniz. Bu sahədə peşəkar mütəxəssis olmağın yolu əzmli və çalışqan olmaqdan keçir. Əgər araşdırmağı və kitab oxumağı sevirsinizsə, işiniz çox da çətin olmayacaq. Psixologiyada inkişaf dedikdə, əsasən, fəaliyyət növündən aslı olaraq iki istiqamət götürülür: praktik və akademik fəaliyyət.

  Psixologiya sahəsində peşəkar inkişaf üçün aşağıdakı addımlar izlənilə bilər: 

  • Təhsil aldığınız illərdə bacardığınız qədər erkən praktik fəaliyyətə qoşulun. Ölkəmizdə praktik biliklər qazanacağınız bir çox mərkəzlər mövcuddur. Vacib olan seçdiyiniz ünvana yaxınlaşmaq və onları təcrübə proqramının sizin üçün olan önəminə  inandırmaqdır. 

  • Son dövr nəşr olunmuş ədəbiyyatlardan və araşdırmalardan istifadə edin. Psixologiya hər gün yenilənən və çox saylı araşdırmaların aparıldığı sahədir. Bu baxımdan baş verən dəyişikliklərdən agah olmanız önəmlidir. 

  • Seçəcəyiniz istiqamətdən aslı olaraq kurs və təlimlərdə iştirak edin, biliklərinizi daim təkminləşdirin. 

  • Faydalı kitablar oxuyun, filmlər izləyin. Fərqli mədəniyyətlərlə tanış olun və   dünyagörüşünüzü artırın. 

  • Çevrənizi geniş tutun, layihələrdə yeni insanlarla tanışlıqdan çəkinməyin. Hər insan bir kitabdır. Yeni şeylər öyrənəcək və gələcək peşə fəaliyyətinizdə müxtəlif sahə mütəxəsisləri ilə çalışmaq, eləcə də onların biliklərindən yararlanmaq imkanı əldə edəcəksiniz. Bu zaman iş istiqamətinizdən aslı olaraq psixiatr, nevropatoloq, pedaqoq, loqoped, hüquqşünas və s. kimi sahələrdə işləyən insanlarla əməkdaşlıq edə bilərsiniz. 

  • Psixologiyada "etik prinsiplər" və "psixoloji yardım haqqında qanuna" riayət edin. Bu sizin işinizə hörmətlə yanaşmanıza, qeyri- peşakarlıqdan uzaq olmanıza və peşənizi professionallıqla yerinə yetirmənizə yardımcı olacaq. 

  Beləliklə, hansı sahədə olmanızdan aslı olmayaraq uğur qazanmaq üçün vacib olan amillərdən ən əsası peşənizə olan  sevginizdir. İşinizi sevərək icra etdiyiniz müddətcə qarşılaşdığınız çətinliklər sizin üçün təcrübə olacaq. Öhdəsindən gəldiyiniz çətinlikləri xatırladıqda isə özünüzlə daha da qürurlanacaqsınız. Bu zaman özünüzə "afərin" deməyi unutmayın. Peşənizi daim sevgi və vicdanla yerinə yetirin. 

 


Dəniz Umarova 

Psixoloq

Əlaqə: danizumarova@gmail.com 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.