Şəhərsalma mütəxəssisi olma yolunda

Şəhərsalma mütəxəssisi olma yolunda

Şəhərsalma mütəxəssisi olma yolunda

Şəhərsalma mütəxəssisi olma yolunda

  Dostlar, ixtisas seçimi zamanı həyatınızın geri qalanı üçün bir yol seçmiş olacaqsınız, yeni bir yaşam hazırlayacaqsınız. Mən də sizə bu yeni həyatı planlamaq üçün həm əyləncə dolu, həm də daxilində bir çox sahələri birləşdirən, geniş biliklərə yiyələnə biləcəyiniz bir ixtisas önərirəm. Şəhərsalma mütəxəssisi olma yolunda, hansı ki, təhsil alacağınız müddətdə həm oxuyub, həm də incəsənətin, memarlığın, ölkələrin memari tarixinin, şəhərlərin planlamasının, hətta dünya mədəniyyətinin memarlıq abidələrinə və şəhərsalma sisteminə yansımasını öyrənirsiniz. Şəhərsalma ixtisası dedikdə, bir qisim insanın ağlına mühəndislik, mühəndis avadanlıqları ilə əlaqəli, bir qismimizin ağlına isə elə adından da göründüyü kimi şəhər salmaq, şəhərin tərkib hissələrinin hazırlanılması, yolların,torpaq kadastrının, bina və qurğuların qurulması gəlir. Deyilən fikirlər tamamən yanlış sayılmaz. Şəhərsalma ixtisasını anlamaq üçün ilk növbədə şəhərsalma sahəsinə nəzər yetirmək lazımdır. Şəhərsalma dedikdə, şəhərin salınması, planlaşdırılması anlayışlarına aid olan istiqamətlər nəzərdə tutulur. Düşünə bilərsiniz ki, bir şəhər salındıqda saysız-hesabsız işlər görülür (yolların salınmasından tutmuş, mühəndis-kommunikasiya təminatına, landşafta qədər və s.). Artıq bu nöqtədə işə şəhərsalma mütəxəssisləri daxil olur. Bu sahə üzrə mütəxəssislər şəhərsalma ixtisasını oxumuş, fəaliyyət göstərən, şəhər və rayonların planlaşdırılması, binaların şəhərdə hansı sıxlıqda və necə olacağına qərar verərək, ən uyğun büdcə ilə tənzimləmələr etməyə çalışan, şəhərsalma mühəndisləri ilə birgə işləyən, həmçinin şəhər daxili problemlərin həlli üzrə çalışan şəxsdir. Bu da o deməkdir ki, şəhərsalma mütəxəssisi (urban planner) davamlılıq çərçivəsində ekoloji, sosial və iqtisadi dəyərlər baxımından şəhər və regional strategiyalar hazırlayır və bu meyarlara uyğun olaraq planlaşdırma işləri görür. Şəhərsalma mütəxəssisi - şəhərin planlı inkişafını təmin etmək üçün təkliflər və layihələr hazırlayan şəxsdir. Təklif yaradarkən şəhərə təsir edəcək bütün məkan, texniki, mədəni və sosial amillər nəzərə alınır. Çünki bir şəhər haqqında strateji qərarlar verildikdə, yuxarıda qeyd edilən  sahələrin mütəxəssisləri ilə təkbətək söhbət edilir, strategiya hazırlamaq üçün qarşılıqlı bir şəkildə məlumatların analizi aparılır və yekun qərarlar verilir. Dünyanın hər yerində, məkan anlayışı insanlar üçün ilk sırada olmuşdur. Bu ixtisasda da bu məkanı yaradan məhz sizlər olursunuz. 

  Şəhərsalma mütəxəssisi olma yolunda təhsil alacaq şəxslər dizayn, mühəndislik, iqtisadiyyat, ekologiya, sosiologiya, psixologiya, tarix, statistika, bir sözlə, şəhər və şəhərin digər sahələrinə aid bütün istiqamətlərdə, ən azından ümumi biliklərə sahib olmalıdır.  Bu sahə üçün tədqiqatlarla maraqlanan və məkan məsələlərinə maraq göstərən hər bir universitet namizədi tələb olunur. Şəhərsalma sahəsini kimin seçməli olduğuna dair müəyyən bir meyar olmasa da, aşağıdakı xüsusiyyətlərə sahib olan insanlar bu ixtisasa daha uyğundur: yaşayış sahəsinin inkişafına səbəb olacaq məsələləri anlayan, düşüncələrini rəsmlə çəkərək göstərməyi bacaran, fikirlərini vizual olaraq qarşıya ötürə bilən, yaradıcı düşüncə tərzi olan, dizayn qabiliyyəti, məkan təhlili analizini apara bilən insanlar olmalıdır. 

  Universitet dövründə rəsm cizgilərinə daha çox vaxtınız gedəcək. Rəsm, layihə cizgiləri üçün memarlıq kimi yüksək rəsm bacarığına ehtiyacınız yoxdur. Tədris alacağınız ilk semestr ərzində  sizə lazımi qədər rəsmxətt, rəngkarlıq dərsləri keçiriləcək. Şəhərsalma geniş ölçülü bir sahə olduğundan 4 il  ərzində sosiologiya, politologiya, xəritə, geologiya, riyaziyyat, tarix, memarlıq, iqtisadiyyat, layihə, landşaft və nəqliyyat və s. kimi şəhərə aid bir çox sahələri də öyrənəcəksiniz. Təhsil alacağınız müddətdə keçiriləcək fənlər bir ​​qədər dəyişə bilər. Ümumi olaraq desək; layihələndirmənin əsasları, şəhərsalma layihələndirməsi, şəhərsalma tarixi, şəhər iqtisadiyyatı, sosiologiya, coğrafi informasiya sistemləri, geologiya, şəhər nəqliyyat sistemləri, memarlıq haqqında məlumat, landşaft planlaşdırması və dizaynı. İxtisaslı kadr olmaq üçün əvvəla oxuduğunuz illərdə keçiriləcək dərsləri başa düşmək və analiz etmək, mütləq şəhər planlaşdırılması, regional planlama, şəhərsalma və s. aid kitablar oxumaq, internet vasitəsi ilə araşdırmalar aparmaq, dünya nümunəsi olan şəhərlərin planlaşdırılmasına dair məlumatlarla maraqlanmaq, şəhərsalması daha çox inkişaf edən ölkələrin keçmiş və cari vəziyyətdəki planları ilə maraqlanmaq, inkişaf etdikləri sahələri öyrənmək və s. lazımdır. Bununla yanaşı oxuduğu müddət ərzində memarlıq və şəhərsalma üçün lazım olan kompüter proqramlarında layihələr hazırlamağı öyrənmək, xarici dil biliklərinə yiyələnmək, könüllü təcrübə proqramlarına qoşulmaq, sosial fəaliyyətin genişliyi universitet sonrası iş həyatı üçün vacib nüanslardan biridir. Yaxşı şəhərsalma mütəxəssisi olmaq istəyirsinizsə, çox oxumalı və səyahət etməlisiniz.  

  Qeyd etdiyim kimi bu sahə geniş olduğu üçün bakalavr təhsilinin olması yetərli deyil, magistratura təhsilinin olması da zəruridir. Magistratura təhsili üçün xarici ölkələrdən birində təhsil almaq məqsədə uyğundur. Çünki ölkəmizdəki təhsil sistemindən fərqli bir sistem və kurslar olacaq, həmçinin müəllim heyəti ilə qarşılıqlı münasibətləriniz, zəngin məlumat bazası və  tədqiqat seçimləri də sizi cəlb edəcəkdir. Eyni zamanda, elmi araşdırmalara imza atan bir çox önəmli, mükafatlı alim və elm adamlarından tanış olmaq, müşayiət etmək və öyrənmək imkanınız olacaq. Həmçinin karyeranız üçün də xarici bir ölkədə təhsil almağınız, iştirak etdiyiniz seminarlar, könüllü layihələrində fəaliyyət göstərməyiniz də böyük önəm kəsb edir. Yaşadığınız ölkədən başqa bir ölkədə təhsil almaq, yeni bir mədəniyyəti kəşf etmək və yeni dostlar tapmaq şəxsi inkişafınızı artırmaqla yanaşı, bilik və bacarıqlarınızı  genişləndirmək üçün saysız-hesabsız fürsətlər verəcək. Xaricdə magistr təhsili alanlar həm də mədəni maarifləndirmə, qlobal perspektiv, problemlərin həlli yolu və yaradıcılığını daha sərbəst şəkildə ortaya qoya bilmək kimi xüsusiyyətlər sizi işəgötürənlərin diqqətini cəlb etmənizə də səbəb olacaqdır. Xaricdə təhsil almaq, ziyarət etdiyiniz ölkədə yaşamaq, tanımadığınız bir mühitdə yeni bir dil öyrənmək və adət-ənənəni mənimsəmək deməkdir, digər tərəfdən yalnız bu ölkədəki tələbələrlə deyil, həm də sizin kimi dünyanın müxtəlif millətlərindən olan tələbələrlə ünsiyyət qurmaq şansınız yaranacaq. Bu şəkildə bir ömür boyu davam edəcək sosial və peşəkar əlaqələriniz sayəsində özünüz üçün faydalı bir mühit qazanacaqsınız. Xaricdə magistr təhsilinin sizə gətirəcəyi ən vacib üstünlük məzun olduqdan sonra tələbələr üçün böyük iş imkanlarının olmasıdır. Əmək bazarında yalnız bakalavr təhsili bitirmək kifayət etmir, buna görə də  magistr təhsili almış namizədlərin şansları daha yüksəkdir. Düzgün araşdırma ilə xaricdə təhsilinizi maliyyələşdirə biləcəyiniz çoxsaylı mənbələr tapa bilərsiniz. Xaricdə Amerika, İngiltərə, Avstraliya kimi ölkələrdə təhsil haqqı yüksək olsa da, magistr dərəcəsi almaq istəyən tələbələrə çoxsaylı təqaüd və tədqiqat maliyyələşdirmə dəstəyi mövcuddur. Beynəlxalq platformalarda şəhərsalma sahəsi aşağıdakı kimi adlandırılır və xaricdə təhsil almağı düşünürsünüzsə, bu ifadələrlə axtarış edə bilərsiniz: urban and regional planning, city and regional planning ( şəhər və regional planlaşdırma), urban planning (şəhərsalma). 

İxtisas haqqında daha ətraflı məlumat üçün https://ixtisas.az/az/sehersalma-ixtisasi-45

 

Fatimə Feyzullayeva                   

Şəhərsalma ixtisası,4-cü kurs tələbəsi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.