Sosial iş ixtisası-Sosial işçi

Sosial iş ixtisası-Sosial işçi

Sosial iş ixtisası-Sosial işçi

Sosial iş fərdlərin , ailələrin, qrupların, icmaların və bütövlükdə cəmiyyətin əsas ehtiyaclarını ödəmək üçün onların fərdi və kollektiv rifahını artırmaqla məşğul olan akademik intizam və təcrübəyə əsaslanan peşədir. Sosial iş peşəsi ilə sosial işçilər məşğul olur. Bəzən sosial işçi və sosial xidmətçi anlayışları eyniləşdirilir. Ancaq bu anlayışlar bir-birindən tamamilə fərqlənir.

Sosial işçi  – “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanuna əsasən sosial işçi sosial xidmətə olan təlabatı qiymətləndirən və müəyyən edən, eləcə də sosial xidmət göstərən şəxsdir. Həmin qanuna əsasən ali təhsili və müvafiq peşə hazırlığı olan şəxslər sosial işçi ola bilərlər. Sosial işçi xidmət göstərdiyi şəxslərə məsləhətçi, müvəkkil kimi öz problemlərinin həllini tapmaqda kömək edir. 

Sosial xidmətçi – Sosial xidmətçi sosial-məişət xidmətləri göstərən şəxsdir. Orta təhsili olan istənilən şəxs sosial xidmətçi qismində fəaliyyətə cəlb oluna bilər. Sosial xidmət sahəsində könüllü fəaliyyətin iştirakçılarının cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

“Sosial xidmət haqqında” AR Qanununun 17-ci maddəsinə əsasən çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun sosial xidmətin göstərilməsi məqsədilə sosial xidmət müəssisələri yaradılır və fəaliyyət göstərir. Bu sosial xidmət müəssisələrinin dairəsi kifayət qədər genişdir:

  • Ahıllar, əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat evləri
  • Psixonevroloji internat
  • İnsan alveri qurbanları üçün yardım mərkəzləri
  • Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün adaptasiya mərkəzləri
  • Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri
  • Sosial-psixoloji yardım mərkəzləri, müvəqqəti sığınacaqlar, peşə istiqamətləndirmə mərkəzləri
  • Palliativ yardım mərkəzləri, hospislər
  • İcma əsaslı reabilitasiya mərkəzləri
  • Günərzi qayğı mərkəzləri

Dünyada ilk dəfə “Sosial iş” proqramı Amsterdamda, sonralar isə Berlin və Londonda meydana gəlmişdir. Azərbaycanda isə sosial iş peşəsinin tədrisinə 2005-ci ildən etibarən Bakı Dövlət Universitetində magistr pilləsi üzrə başlanılmışdır. 

Sosial işçilərin fəaliyyəti

Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrin, insanların maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiəsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Sosial iş sahəsinin müdaxilə obyekti “müraciətçi”dir. Ancaq beynəlxalq termin olaraq sosial işin müdaxilə obyekti klient, benefisiar olaraq qəbul edilmişdir. 

Müraciətçi – problemli situasiyaya, yəni çətin həyat şəraitinə düşmüş, həlli yolunu tapa bilməyən, başqalarının yardımına ehtiyacı olan şəxsdir. Hansı ki, o müəyyən bir mərhələdə yardım məqsədilə sosial işçiyə müraciət edir. Sosial işçi isə öz növbəsində müraciətçinin problemli vəziyyətini dəyərləndirir, problemin həlli üçün müraciətçinin də yanaşmalarına əsasən alternativ həll yolları axtarır. Problemin həlli istiqamətində sosial işçi klienti sosial, psixoloji və ya hüquqi xidmətlərə yönəldir. Məhz bu nöqteyi – nəzərdən deyilir ki, sosial iş sahəsi insanlarla dövlət xidmətləri arasındakı münasibətləri əlçatan edir. Sosial işçilər insanları öz bacarıqlarına inanmağa yönəldir. Sosial işçilər bir neçə fəaliyyət sahəsində ixtisaslaşırlar:

  • Ailə məsələləri üzrə məsləhətçi
  • Pedaqoq
  • Sosial tədqiqatçı
  • Psixi sağlamlıq üzrə mütəxəssis
  • Sosial işçi – gerontoloq (Ahıllarla çalışan sosial işçilər)
  • Əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə çalışan sosial işçilər
  • Risk qrupları ilə çalışan sosial işçilər- Bura ruhi xəstəliklərdən əziyyət çəkənlər , zərərli maddələrin aludəçisi olan şəxslər, insan alverinin qurbanları və s. kimi qruplar daxildir.
  • Ekstremal vəziyyətlərdə müdaxilə edən sosial işçilər – təbii fəlakətlərdə, hərbi-siyasi münaqişələrdə və insidentlərdə zərərçəkmişlərin rifahını təmin edir.
  • Uşaq müdafiəsi sahəsində çalışan sosial işçilər
  • Zorakılığa məruz qalmış şəxslərin rifahını təmin edən sosial işçilər və s. 

Sosial işçilər cəmiyyətin “mikro”(fərdlər), “mezo”(qruplar) və “makro”(icmalar) səviyyələri ilə sosial müdaxilə prosesini həyata keçirməkdə insanların rifahını təmin edir.

Sosial işin əsas fəaliyyət sahələri:

  • Dövlət strukturları
  • Tibbi qayğı müəssisələri
  • Ailə və uşaq rifahı mərkəzləri
  • Reabilitasiya mərkəzləri
  • Tərbiyə müəssisələri

Sosial işin inkişaf tarixi

Sosial işin inkişaf tarixini ümumilikdə bir neçə mərhələyə ayırmaq olar:

I mərhələ - Qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranır. Sədəqə, mərhəmət, filantropiya, xeyriyyəçilik formalaşır

II mərhələ - XIX əsrin sonu – XX əsrin əvvəlləri sosial işin ayrıca peşə sahəsi kimi inkişaf edir.

III mərhələ - Sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. Bununla bağlı 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır.

IV mərhələ - 1980-ci illərin sonu – 90-cı illərin əvvəlləri sosial işin nəzəriyyəsi və təcrübəsi əsas fəaliyyətin klientin fəallaşması prinsipi əsasında keçirilməsi konsepsiyası ilə zənginləşir.

Hələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hammurapi Ədalət kodeksini tərtib edir. Qanuna daxil edilmiş əsas məqamlardan biri insanların məhrumolmalar zamanı bir-birilərinə dəstək olması tələbi idi. E.ə 1200-cü ilə aid edilən qədim İudeyanın yazılı mənbələrində isə qeyd edilirdi ki, Allah yəhudilərdən yoxsul və bədbəxtlərə yardım etmələrini gözləyir. Bu qanunlar əslində ehtiyacı olan şəxslərə filantropiya (xeyriyyəçilik) əsasında yardımın göstərilməsini tənzimləyirdi ki, bu da sosial yardımın ilk formalarından birini təşkil edir. XIV əsrdən başlayaraq dövlət artıq dilənçiliyin təqib olunması və cəzalandırılması siyasətini həyata keçirməyə başlayır. 1530-cu ildə Almaniyanın imperiya Seymi tərəfindən yerli hakimiyyət orqanlarına verilmiş göstərişə görə onların hər biri öz icmalarında mövcud olan yoxsulların ehtiyaclarını icma daxilində ödəməlidirlər. 

Sosial iş peşə kimi XIX əsrdə yaranmışdır. İlk dəfə 1898-ci ilin yayında Kolumbiya Universitetində sosial iş üzrə sinif açıldı. Beləliklə, XX əsrdə sosial işin peşə kimi yaranmasının ilkin şərtləri formalaşır:

  • Təcrübə göstərdi ki, könüllü filantropiya əhaliyə sosial yardımın bütün məqsədlərini yerinə yetirə bilmir.
  • Fərdi xeyriyyəçilikdən bu məqsədlə yaradılmış təşkilat xeyriyyəçiliyinə keçid baş verir. 
  • Xeyriyyəçiliyin yeni formaları yaranır
  • Məzlumlar öz hüquqları uğrunda fəal mübarizəyə başlayır, bu isə sosial işin yaradılması prosesinin gücləndirir
  • Ehtiyacı olanlara yardım etmək üçün dövlət və bələdiyyə yardımı formaları yaranır.

XIX əsrin sonu-XX əsrin əvvəllərində könüllü xeyriyyəçilikdən elmi və peşəkar filantropiyaya keçid baş verdi. Avropada “Sosial tibb”, Amerikada “sosial iş” termini yarandı.

1917-ci ildə ABŞ-da ilk sosial işçilərin təşkilatı qeydiyyatdan keçdi. 1921-ci ildən bu təşkilat Amerika Sosial İşçilərinin Assosiasiyası ilə əvəz olundu.

 

Hazırlayan: Azərbaycan Dövlət Pedaqoji Universitetinin sosial iş ixtisası üzrə üçüncü kurs tələbəsi Ağazadə Ülya 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.