Tarix xalqımızın nəbzidir
Tarix xalqımızın nəbzidir- Tarix müəllimliyi
Dünyada iki müqəddəs peşə var: müəllim və həkim! Həkimin isə yaxşı mütəxəssis olmağı üçün yenə də müəllim lazımdır. Azərbaycanda müəllim peşəsi ən yayılmış sənətlərdən biridir. Lakin savadlı, geniş dünya görüşünə malik, dərin biliklərə, uşaqlara böyük məhəbbət bəsləməyi bacaran müəllimlər azdır. Bunun üçün təkcə diplom alıb sinifə və ya auditoriyaya girmək kifayət deyil. Hər bir müəllimin arzusu yetişdirdiyi şagirdin gələcəkdə vətənə, yurduna layiqli bir şəxs, vətəndaş və nəhayət savadlı bir kadr kimi görməkdir.
Tarixi öyrənmək lap qədim dövrlərdən maraq doğurub. Sinifli cəmiyyətin meydana gəlməsindən sonra siyasətlə bağlı olduğundan varlı təbəqənin dünyagörüşünü genişləndirməkdən ötrü müəllim kimi filosoflardan istifadə edərək, bu biliklərə yiyələniblər. Lakin Azərbaycanda tarixşünaslığın banisi, Azərbaycan və Dağıstan tarixinə dair xronoloji ardıcıllığı əsas tutan ilk müntəzəm tədqiqat əsərinin müəllifi Abbasqulu ağa Bakıxanovdur. Onun "Gülüstani-İrəm" əsərinə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf etmirik. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla "Gülüstani-İrəm" əsərini yazmışdır. Bu əsərində A.Bakıxanov göstərirdi ki, "vətən tarixi"ni bilmək insanlarda milli təfəkkürün inkişafına, vətənpərvərlik hislərinin tərbiyə edilməsinə, dostu düşməndən ayırmağa, millət üçün faydalı və zərərli olanları fərqləndirməyə imkan verir.
Tarix müəllimliyi müqəddəs sənətlərdən biridir. Çünki keçmişini bilməyən insan gələcəyinə kor baxar! Bu deyimlə razılaşmağa dəyər. Tarixini, keçmişini bilməyən bir kəsdən yaxşı insan, layiqli vətəndaş yetişə bilməz. Tarix təkcə faktları öyrənmir, onların əsasında nəticə çaxarma bacarığını təkmilləşdirir, bir daha hansısa səhvi yenidən təkrarlanmağının qarşısını alır. Tarixi hadisələrin gedişatı zəminində gələcəkdə baş verə biləcək hadisələri proqnozlaşdırmaq mümkündür. Əsasən, bunlar siyasi və iqtisadi baxımdan önəmli olan addımlardır. Həmçinin, loru dildə desək, yığıncaqlarda, “kişi məclislərində”, qonaqlıqda gündəlik həyatda baş verən və tarixdə olmuş hansısa bir əhvalat bütün dinləyiciləri cəlb edir əyər bu barədə tarixi biliklərə maliksənsə.
Onu da qeyd edək ki, tarixçi peşə kimi təkcə müəllim yox, həm də siyasi qurumlarda, dövlət aparatı sistemində, yerli hakimiyyət orqanlarında, sosial müdafiə fondlarında da kadr kimi tələbatı var. Savadlı kadrlara həmişə ehtiyac duyulur. Tarixçi, bir mütəxəssis kimi, əhaliyə hansı ictimai mərhələdən asılı olaraq nə kimi dəyişiklikləri irəli sürməyi vaxtında diaqnostika edə bilir.
Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün daim öz üzərində çalışmaq, biliklərini möhkəmlətmək, onları dərinləşdirmək, ixtisas artırmanı özünə məqsəd qoymaq, daim bu sahə üzrə yetkinləşməyə can atmaq lazımdır.
Qarşıya məqsəd qoyub və ona doğru getmək üçün səbr və təmkinlə irəliləmək gərək, araşdırmalar və tədqiqatlar aparmaq lazımdır. Bakalavr pilləsi ilə kifayətlənmək olmaz. Ali təhsilli müəllim üçün magistraturanı oxumaq vacibdir. Ali məktəblərdə dərs demək istəyi olanlar isə doktorant kimi öz təhsillərini davam etmələrini tövsiyə edirəm.
Hər gün tarix yenilənir. Bu yenilikləri öyrənmək, dərk etmək və şagirdə çatdırmaq tarix müəlliminin əsas vəzifəsidir. Hər bir peşə yerində durmur. Qloballaşma və iqtisadi yüksəliş şəraitində, elektron vasitələrin çox geniş həyatımızda yer aldığından müəllimlərdə öz üzərində çalışmalı, yeni üsulları dərslərdə tətbiq etməlidirlər. Tarixçi – tək tarix dərsini keçən müəllim deyil, həmçinin o diyarşünaslıqla da uşaqları cəlb etməyi bacarmalıdır. Nə qədər şagird öz doğma yurdunun qəhrəmanlarını tanısa, bu torpaqda baş vermiş tarixi hadisə yerlərini öz gözü ilə müşahidə etsə, xalqımızın başına gətirilmiş müsibətlərlə yaxından tanış olsa o qədər o, bu doğma yurdu tanıyar və sevər. Həmçinin, tarix müəlliminin ən əsas məqsədi müasir gənci vətənpərvər yetişdirmək, öz doğma yurduna şagirddə məhəbbət yaratmaq, tarixi şəxsiyyətlərimizə və adət-ənənələrimizə hörmət etmə bacarığını aşılamaqdır.
Tarixçi-müəllim olmaq üçün müqayisə baxımından xaricdə təhsil önəmli deyil. Amma Azərbaycanın tarixini təbliğ etmək üçün xaricdə təhsil almaq çox yaxşı olar. Bu, bizim doğma yurdu başqa bir dövlətdə tanıtmaq üçün böyük bir töhfə verər. Həmçinin, xaricdə təhsil alan o dövlətin müsbət perspektivli bir xüsusiyyətini, irəlliləyişini bizlərə gətirə bilər.
Tarix müəlliminə ehtiyac duyulur. İlk işə düzəlmək üçün imtahandan keçmək lazımdır. İmtahan balından asılı olaraq işlə təmin olunma prosesi başlanır. İlk 3 il elektron seçimlə düşdüyünüz məktəbdə çalışırsınız, sonra yerdəyişmə ərizəsi ilə elektron müraciətlə istədiyiniz yerə keçirilirsiniz əgər boş vakansiya varsa, Sumqayıt və Bakı şəhərlərində dərs demək istəyirsinizsə, yenidən imtahan verib ballarınızı yüksəldirsiniz. Nəticə yaxşı olduğu halda müraciətinizə müsbət cavab verilir. İşə düzəldikdə ilk 3 ildən sonra aylıq məvacib xidmət müddətinə uyğun olaraq artır.
Tarix müəllimi olmaq çətindir. Amma gələcəkdə şagirdlərin nailiyyətlərini gördükdə bu fəxr hissinə çevrilir.
BDU-nun dissertantı,
AƏSMA-nın tarix müəllimi T.O.Həsənova
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.