Teatr nədir? Zəhmət ya ləzzət?
Salam, həyatını aktyor sənətinə həsr etmək istəyən gənc dost!
Mən sizə aktyor sənətinin gözəlliklərindən və çətinliklərindən danışmaq istəyirəm. Son vaxtlar gənclər arasında aktyorluq peşəsinə maraq artıb. İlk növbədə siz özünüz üçün bu marağın nə üçün yarandığını dəqiqləşdirməlisiniz. Əgər sizdə bu marağa səbəb son vaxtlar çəkilən bayağı filimlər, ucuz teleseriallardırsa, onda bu başdan deyimki səhv yoldasınız. Bu dediklərimin aktyor sənətinə heç bir aidiyyatı yoxdur. Bu film və seriallar əslində sənətlərin ən çətini olan aktyor sənətini nüfuzdan salır. Peşəkar aktyor olmaq üçün öncə bu peşənin sirlərini öyrənmək, peşə vərdişlərinə yiyələnmək lazımdır. Bunun üçün hələ 20-ci əsrin əvvəllərindən fəaliyyət göstərən, Azərbaycan teatr və kino sənətinə yüzlərlə böyük dühalar təqdim etmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə qəbul olmaq lazımdır (Sənəd verməzdən əvvəl, birinci kursu hansı müəllimin götürəcəyi ilə marağlansaz yaxşı olar. Belə olsa, siz sənətinə hörmət etdiyiniz ustadın tələbəsi olmaq şansı qazanarsınız).
Unutmayın, aktyor sənəti peşə deyil, alın yazısıdır! Bu sənət, insanın bütün həyatını əlindən alır. Bu sənətin sirlərini həyatın boyu öyrənməlisən. Əks təqdirdə, lazımsız olacaqsan.
Aktyor olmaq istəyən şəxs, rəqslə, vokalla, yüngül atletika ilə, səhnə danışığı ilə mütləq məşğul olmalıdır. Bununla yanaşı mütaliə ilə dostluq edib, Azərbaycan, rus və dünya dramaturgiyası ilə yaxından tanış olmalıdır. Şekspir, Molyer, Şiller, Oskar Uayld, Sofokl, Evripid, Brext, Çexov, Sarter, Turgeniyev, Ostrovski, Şmit, Axundzadə, Haqverdiyev, Məmmədquluzadə, Cavid və s. əsərlərini oxumalıdır. Teatr sistemlərindən – Stanislavski, Meyrxold, Mixail Çexov, Brext - xəbərdar olmalıdır. Özünü və ətrafdakıları müşahidə etməli, gördüklərini yadda saxlamalıdır. Teatr sənətini biz seçmirik, o bizi seçir!
Bəli aktyor sənəti dünyadakı ən çətin sənətlərdən biridir. Bu sənət həm fiziki, həm zehni, həm də psixoloji əmək tələb edir.
Amma bütün bunlarla yanaşı, bu sənət insana təsəvvür edilməz bir həzz və zövq verir. Həqiqi səhnə həzzini bircə dəfə duyan insan bir daha səhnəsiz qala bilmir. Tamaşaçının nəfəsini, onun heyranlığını hiss etməkdən, yüzlərlə insanla eyni anda enerji mübadiləsində olmaqdan yaxşı nə ola bilər? Yeknəsəkliyi sevməyən, hər gün yeni bir hiss, yeni bir həzz yaşamaq istəyən insan üçün aktyor sənətindən daha münasib başqa bir sənət yoxdur.
Bu peşəni seçən şəxs durmadan öz üzərində işləməlidir ki, ona ehtiyac olsun. Obrazdan-obraza dəyişmək, başqalaşmaq bacarığı isə aktyorun nə dərəcədə istedadlı olmasından xəbər verir. Amma yenə də vurğulamaq istəyirəm. İstedad işin 30 faizidir, qalan 70 faiz isə zəhmət, işgüzarlıq, yorulmadan çalışmaqdır. Bunların müqabilində isə mükafatımız tamaşaçı alqışıdır. Unutmayın, yaxşı sənətkara hər zaman ehtiyac var.
Mən özüm universitetə daxil olmaq üçün 3 il əziyyət çəkmişəm. Universitetə qəbul olduğum vaxtdan 30 il keçib. 30 ildir ki, sənətdəyəm. Universitetin birinci kursunda oxuduğum vaxtdan, yəni 1991-ci ildən bu günə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləyirəm. 1996-cı ildən rejissor kimi fəaliyyət göstərirəm. Teatrda 80-ə yaxın kinoda onlarla rol oynamışam. 50-dən çox tamaşaya, onlarla dövlət tədbirinə, Azərbaycanda ilk myuzikla, tarixi rekanstruksiyalara, 2018, 2019 –cu illərdə, Böyük Britaniya Kraliçası Yelizovetanın ad günü şərəfinə keçirilən “Royal Windsor Horse Show” da, Azərbaycan heyətinin Qarabağ atları ilə olan çıxışına quruluş vermişəm. Çexiyada keçirilən Avropa ölkələrinin teatr festivalında münsif qismində iştirak etmişəm. Türkiyənin Ankara, Konya, Trabzon, Alanya, Rusiyanın Moskva, Kuznetsk, Xanımey, Surqut, Muravlenka, Həştərxan, Elista, Belarusiyanın Minsk, Moldovanın Kişinyov, Yunanıstanın Saloniki, Özbəkistanın Daşkənd, Səmərqənd, İngiltərənin Vindzor və London şəhərlərində, festival və qastrol səfərlərində olmuşam. Moldovada bir tamaşaya quruluş vermişəm.
1999- cu ildə “İlin rejissoru” mükafatına, quruluş verdiyim “Pəri Cadu” tamaşasına görə “Zirvə” mükafatına, Respublikanın əməkdar artisti fəxri adına və üç il dalbadal “Prezident mükafatı”na layiq görülmüşəm.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə yanaşı, Akademik Milli Dram Teatrının səhnəsində də beş tamaşaya quruluş vermişəm.
Hal- hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin, Teatr sənəti fakultəsində, Musiqili teatr aktyoru ixtisasında təhsil alan tələbələrə aktyor sənətindən, Bakı Musiqi Akademiyasında vokal ixtisasından təhsil alan tələbələrə isə opera sənətindən dərs deyirəm. Buna baxmayaraq hələ də nələri isə öyrənirəm və sürətlə gedən inkişafdan geri qalmamağa çalışıram. Çünki, bizim sənət zamanı qabağlamalıdır.
Yaxşı, bəs kimlərə bu sənətə gəlmək məsləhət deyil?
-
Fiziki qüsuru olan.
-
Danışıq qüsuru olan (Əgər el arasında deyilən “şirin danışıq” problemi varsa, stamatoloqa və burun, qulaq və boğaz həkiminə müraciət edib, dil altı pərdəni kəsdirmək və breket vasitəsi ilə diş əyriliyini aradan qaldırıb, bu qüsura son qoymaq mümkündür). Aktyorun danışığında heç bir ləhcə və şivə olmamalıdır.
Sizə uğur arzulayıram! Bu peşəyə həqiqətən aşiqsinizsə, saydığım və saymadığım çətinliklərə dözməyə, durmadan çalışmağa hazırsınızsa, onda sıralarımıza buyura bilərsiniz. Yalnız bu dediklərimə əməl etməyə hazır olanlar əsl sənət ləzzətini duyub, şöhrət və tamaşaçı sevgisi ilə mükafatlanacaqlar.
Azərbaycan Respublikasının Əməkdar artisti
Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və aktyoru
ADMİU-nun və BMA-nın müəllimi Nicat Kazımov
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.