Təbiətin davranışlarını bizə öyrədən müəllimlər
Fikirlərim balı bu ixtisasa çatdığı üçün deyil, müəllimlik kimi gözəl və məsuliyyətli yolun Fizika qolunu seçənlərə yönəlib. Eləcə də təsadüfən bu ixtisası seçib, haqqı ilə bu yolda irəliləmək istəyənlərə...
Məktəbimdə Fizika müəllimləri yaşlı idilər. Laboratoriya cihazlarının köhnə, yararsız olması, hətta olmaması dərsləri biz şagirdlər üçün maraqsız edirdi. Müəllimə yönəltdiyimiz “bunu harada işlədəcəm, bu nəyimə lazımdır?” kimi suallarımız çox vaxt cavabsız qalırdı. Müəlliməmiz məsuliyyətlə dərsi öyrədər, qaydaları, düsturları bizə əzbərlədərdi. Biz isə heç nəyə lazım olmadığını düşündüyümüz bilikləri başımıza doldurardıq.
Ta ki axşam saatlarında anamın ütüsü “partlayana” qədər. Təbii ki, gec saatlarda ütü almaq və ya usta tapmaq çətin məsələdi. Sabah məktəbə geyməyə ütülü ağ köynək lazımdı. 9-cu sinif Fizika Cərəyan dövrəsinin elementləri, dövrənin yığılması – öyrəndiklərimə dayanaraq indikator (və ya qalvanometr – elektrik cərəyanını müəyyən edən cihaz), izolent (elektrik cərəyanını keçirməyən yapışqanlı lent), kəlbətin və burğacla (Отвёртка) ütünü söküb içində spiralın yanmış hissəsini çıxardım, ardıcıl birləşməni bərpa etdim. Ta da! Ütü işləyir!
Təbii ki, əsas məsələ ütünü düzəltmək deyildi. Əsas məsələ öyrəndiyimizin tətbiq sahəsini bilmək idi.
Düşündürücü, düşünməyə məcbur edən Fizika ixtisasını bitirməklə ənənəvi müəllim ola bilməzsiz. Mütəmadi araşdırmalı, oxumalı, öz üzərinizdə işləməlisiz. Fizika müəllimi kimi çalışarkən fizikanın təbiət elmi olduğunu unutmayın. Həyatınızın hər anında fizika var:
- Göz qüsurunuzda niyə məhz – 2 dptr yazılmış eynək?
- Avtomobil, təyyarə, raketlər necə hərəkətə gəlir?
- Metrolarda çox vaxt işləməyən divardakı psixrometr nəyə lazımdır?
- 1 stəkan su şəffafdır, dəniz niyə mavidir?
- Gəmi, qayıq suyun üzündə, sualtı qayıq içində necə üzür?
- Müharibə vaxtı qarşı cəbhəni hədəfdən yayınmadan necə vurmalı?
Siyahını istənilən qədər uzatmaq olar. Bu suallara cavab tapacağınız bir fənn məktəbdə necə çətin və sıxıcı ola bilər axı?
Yaxşı Fizika müəllimi olmaq istəyirsizsə, universitetdə sadəcə müəllimin mühazirəsi ilə kifayətlənməyin, şagirdi öyrəndiyinin tətbiq olunacağı sahəyə yönəldin, gerisini o araşdırıb tapacaq. Bu fakültənin tələbələri, universitet müəllimlərinin qeyd etdiyi ədəbiyyat siyahısından 1 kitabı tapanda, digərlərini də vaxt edib oxumaq lazımdır. Çünki mühazirələr müəlliminizin fikirləridir. Oxuduqlarınız isə sizin fikirlərinizi formalaşdıracaq. Bura çoxlu Fizika bölmələri (Mexanika, Termodinamika, Elektrodinamika, Optika və s.) haqqında ədəbiyyatlar yazıb gözünüzü qorxutmaq istəmirəm. Amma oxuduğunuz hər kitabdan bir şagirdiniz üçün işıq yandıracaqsınız. Müəllim olaraq bütün Fiziki yeniliklərlə maraqlanmalı, müasir elmi məqalələri oxumalı, şagirdlərdə gələcək inkişaf və kəşflərə dair qığılcım yaratmalısız. Özəl kurslarda işə başlamaq sizə müəllim kimi formalaşmağa kömək edəcək. Özünüzü hazır hiss edəndə dövlət və ya özəl məktəblərdə müəllim fəaliyyətinizi davam etdirə bilərsiniz.
Təbii ki müəllimin yaşlı olması, cihazın qırıq olması və sairlər bəhanələrdi. Amma cihazları tam olan məktəblərdə də oxumayan, dərslərlə maraqlanmayan şagirdlərlə rastlaşacaqsınız. Burada isə məqsədimiz onları da doğru - öz maraqları dairəsində istiqamətləndirməkdir. Şagirdlərimin gözündə yaxşı Fizika müəllimi ixtisasını bilən, bildiyini öyrədən, bu nəyə lazımdır sualını cavabsız qoymayan, cavab tapmağa istiqamət verən müəllimdir.
Müəllimlik peşə deyil, yaşam tərzidir. Fizika müəllimliyi isə elə həyatın özüdür. Bu yolu seçəcək gənc kadrlara gələcəkdə uğurlar!
Fizika müəllimliyi haqqında videomüsahibəmizə bu linkdən daxil ola bilərsiniz.
Günel Bəhramova
225 nömrəli tam orta məktəb
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.