Təcrübə - uğurlu gələcəyin təməlidir

Təcrübə - uğurlu gələcəyin təməlidir

Təcrübə - uğurlu gələcəyin təməlidir

  Əziz dostlar, gələcək tələbələr!

  Siz gələcək həyatınız barədə indi qərar qəbul etməlisiniz. İndi seçdiyiniz ali məktəblər sizin gələcəkdə karyera qurmağınıza və cəmiyyətdə özünüzü tapmağa kömək edəcək. İstənilən sahədə uğur qazanmaq ağır və uzun yoldur, buna hazır olmalısınız. Alacağınız təhsil sizə və gələcək planlarınıza uyğun olmalıdır. 

  Öz təcrübəmi sizinlə bölüşmək istəyirəm. Adım Güləli Hadıyev, karyeram boyunca bir çox beynəlxalq və yerli brendlərdə təcrübə toplamış, Regional Baş Müdir vəzifəsinə qədər yüksəlmişəm. İstanbul, Moskva, Dubay, Milan, Gürcüstan və Rodos adasında peşəkar təlimlərdə iştirak etmişəm. Mehmanxana sahəsi üzrə 70 sertifikat və diplom əldə etmişəm. İCEC Consulting (geniş profilli konsultasiya və təlim mərkəzi) təsisçisi və direktoru, eyni zamanda AzAstro layihəsində əməliyyatlar üzrə direktor (COO) kimi fəaliyyət göstərirəm. Hal-hazırda MBA üzrə təhsil alıram.

  Ailəmin istəyi və təkidi ilə 2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil oldum. Elə birinci kursda oxuyanda başa düşdüm ki,  özümə uyğun peşə üzrə təhsil almıram. Akademiyada oxuduğum müddətdə axtarışda idim, bir neçə sahəni gözdən keçirdikdən sonra turizm sahəsinin həm maraqlı, həm də gələcəkdə perspektivli olacağını düşünüb iş axtarışına başladım. Hətta ən aşağı vəzifə üçün mehmanxanalarda müəyyən kriteriyaları olduğundan üzərimdə çalışmağa başladım. İlk öncə xərclərimi qarşılayacaq bir iş, eyni zamanda üzərimdə işləmək üçün vaxt lazım idi. İstənilən halda məqsəd aydın olmalıdır ki, ona hansı yolla getməyimiz də aydın olsun. Beləliklə, restoranların birində masa xidmətçisi (ofisiant) kimi işə başladım, bununla bərabər ingilis dili səviyyəmi və kompüter biliklərimi artırmağa başladım. Gündəlik iş rejimim bir az ağır idi. Səhər dərs, sonra kurslar, axşam isə iş. Mən mehmanxanaya sənəd verəndə artıq həm təcrübəm, həm xarici dil, həm də kompüter savadım var idi. Rəqiblərimdən məni ayıran istək və özümə inam olub. Qonaqpərvərlik və Turizm çətin və bir o qədər də maraqlı sahədir.  İşimi çox sevdiyimə görə bir çox təlimlərdə iştirak etdim. Karyerada yüksəlmək üçün bu kifayət etmədiyini anlayıb, akademik təhsilini də almaq istədim. Moskva şəhərində  təhsil almağa qərar verdim. Hal-hazıda sevdiyim sahəni başqalarına sevdirməyə və peşəkar tərzdə işləmələri üçün təlim proqramları hazırlayır, təlimlər verirəm.

  Ümumiyyətlə, turizm sahəsi mənim inkişafımda çox mühim rol oynayıb. Turizm sərhəd, dil, irq tanımır.  Əsas məqsəd qonaq məmnuniyyəti olan bu sahə mənə dünyanın qapılarını açıb. İşimlə əlaqəli olaraq ingilis, fransız və rus dilində sərbəst danışmağı, istənilən mühitə uyğunlaşmağı və insan psixologiyasını öyrənmişəm. Ölkəmizə səyahət edən xarici turistlərə Azərbaycanın tarixi, qonaqpərvərliyi, xüsusi yanaşmasını və ölkəmiz barəsində müsbət təsir yaratmaq üçün əlimdən gələni etməyə çalışıram. Turizm elə bir sahədir ki, insan münasibətləri üzərində qurulub. Dünyanın bir çox məhşur brendləri hər bir qonağa görə öz aralarında mübarizə aparır bu da ən çox qonaqların xeyrinə işləyir. Turizmdə yeni trendlər, yeni servis standartları yaradılır ki, qonaq məmnuniyyəti yüksək olsun. 

  Əziz dost, sən hal-hazırda yolun başındasan. Seçəcəyin peşə sənin gələcəyini formalaşdıracaq, seçməmişdən əvvəl düşünməyə dəyər. Hər bir sahənin tələbatı var. Əsas olan o sahəyə nə dərəcədə bələd olmağın və işinə nə dərəcədə hörmətlə yanaşmaqdır. Hər biriniz öz güclü və zəif tərəflərinizi müəyyən edib, onların üzərində çalışmalısınız.  Tədris zamanı əlavə təlimlərdə iştirak edib, öz bilik və bacarıqlarınızı artırsaz, bu sizə başqalarından fərqləndirəcəkdir. Ali təhsil bizim həyatımızda xüsusi rol oynayır. Oxuduğun müddətdə tək elm yox yeni dostluqlar, yeni tanışlar da sizin tələbəlik illərinizi bəziyəcək. Ümid edirəm ki, həmin müddəti maksimum dərəcədə faydalı və yadda qalan olacaq. 


 

Hörmətlə

Güləli Hadıyev

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.