Tərcüməçi – dillər və mədəniyyətlər arasında körpü
Tərcüməçi bir dildən digər dilə tərcümə edən şəxsdir. Tərcümə - insanlar, müəssisələr, dövlətlərarası ünsiyyət vasitəsi kimi çıxış edir. Tərcümənin iki növü var: yazılı (peşə: translation, şəxs: translator) və şifahi (interpretation, interpreter). Yazılı – hər hansı bir mətnin yazılı şəkildə tərcüməsidir. Şifahi tərcümənin iki növü var: ardıcıl (consecutive) və sinxron (simultaneous). Ardıcıl tərcümə qısa zaman müddətində natiqin nitqinin hissə- hissə tərcümə edilməsidir. Natiq nitqindən bir abzas, yaxud 3-4 cümlə deyir və dayanır, tərcüməçi tərcümə edir, proses bu qayda ilə nitqin sonunadək davam edir. Sinxron tərcümədə isə natiqin fikirləri eyni anda tərcümə edilir, yəni burada düşünmək üçün vaxt yoxdur. Bu, tərcümənin ən ağır növü hesab edilir.
Hər hansı bir şəxs ingilis dilini yaxşı bilə bilər, kursa gedib öyrənə bilər, amma əsl tərcüməçi olmaq üçün həvəsin, müəyyən bilik və bacarıqların olması şərtdir. Hər bir sahədə olduğu kimi tərcümədə də peşəkar olmaq uzun illər tələb edir. Daima öz üzərində çalışmaq lazımdır. Çünki dil elə bir anlayışdır ki, onu işlətmədikcə passivləşir və unudulur. Tərcüməçi hər bir sahə, ictimai-siyasi aləm, dünyada baş verən proseslər barədə daima məlumatlı olmalıdır. Ana dilini və ixtisası olduğu dili mütəmadi olaraq araşdırmalı, həmin dillərdə və bununla bağlı hər hansı sahədə yaranan yeni terminlərdən xəbərdar olmalıdır. Tərcüməçi ixtisaslaşdığı dil ilə yanaşı, ana dilinin qrammatikasını, orfoqrafiyasını - ümumən dil quruluşunu mükəmməl bilməlidir.
Tərcüməçi özünün həvəsi olduğu sahəni müəyyən etməli və buna uyğun olaraq öz bilik və bacarıqlarını daha da inkişaf etdirməlidir. Məsələn, yazılı tərcüməçi hər hansı söz yaxud ifadənin mənasını dəqiqləşdirmək üçün lüğətdən, internetdən istifadə edə bilər, tərcümə etdiyi sahənin (bədii, diplomatik və s.) mütəxəssisləri ilə məsləhətləşə bilər, amma şifahi tərcümədə bu imkanlar təəssüf ki yoxdur. Şifahi tərcüməçi daha çox stressə davamlı, söz bazası əhatəli, cəld və operativ olmalıdır. Lakin bu yazılı tərcümənin asan olması demək deyil. Həm yazılı, həm də şifahi tərcüməçilər aldıqları sifarişi öz vaxtında və məsuliyyətlə, düzgün şəkildə yerinə yetirib təhvil verməlidirlər.
Bununla yanaşı, tərcüməçi ixtisaslaşdığı bir yaxud bir neçə sahənin (məs: bədii, iqtisadi, hüquqi və s.) terminologiyasını, yəni lüğət bazasını çox yaxşı bilməlidir.
Xaricdə bu sahə üzrə təhsil almaq hər bir şəxsin öz yanaşmasından asılıdır. Tərcümə elə bir ixtisasdır ki, onun bir ucu doğma ana dili ilə əlaqəlidir və xaricdə təəssüf ki “Tərcümə (Azərbaycan dili –ingilis dili)” yaxud əksinə (ingilis –Azərbaycan ) deyə bir ixtisas yoxdur. Yəni, qeyd olunan bu dil cütlüyü ilə bağlı tərcümə təhsilini yalnız öz ölkəmizdə ala bilərik. Xaricdə ingilis dillərindən digər dillərə ( ingilis-rus, ingilis-çin, ingilis- fransız, ispan və s) yaxud əksinə digər xarici dillərdən ingilis dilinə tərcümə ixtisasında təhsil almaq mümkündür. Bu təhsillə xarici ölkələrdə işləmək daha perspektivli olacaqdır. Lakin reallıq budur ki, xaricdə təhsilimizi başa vurub, öz ölkəmizə qayıtsaq, şahidi olacağıq ki, ana dilindən ingilis dilinə (yaxud əksinə) tərcümə işləri çox olur. Ölkəmizdə ingilis-rus, rus – ingilis tərcüməyə də tələbat var, digər xarici dillərdən ingilis dilinə (yaxud əksinə) tərcümə işlərinin olması ehtimalı isə azdır, olsa belə ana dili, uzaqbaşı rus dili kimi çox da tələbat olmayacaq.
Karyera planlanması gəldikdə, fərqli seçimlər mövcuddur. Çünki tərcümə elə bir peşədir ki, buradan müxtəlif sahələrə keçid etmək mümkündür:
- Müəyyən yaş həddinədək tərcüməçi kimi fəaliyyət göstərib daha sonra həmin sahə üzrə müəllim kimi işləyə, gələcəyin peşəkar tərcüməçilərini yetişdirə bilərsiniz.
- Beynəlxalq dil olan ingilis dilini peşəkar tərcümə səviyyəsində bilmək tərcümə ilə yanaşı, digər sahələrdə də uğur qazanmağınıza kömək olacaqdır: diplomatiya, beynəlxalq əlaqələr, turizm, layihə menecmenti, TV & Radio (redaktor, müxbir, aparıcı və bu kimi) və digər sahələr. (Bunları misal üçün çəkdim, öz maraq və bacarıqlarınız hara uyğundursa, o üzrə irəliləyə bilərsiniz təbii ki).
Ilk işi necə tapmağa gəldikdə, adətən, fəaliyyətə yazılı tərcümə ilə başlanılır. Sırf şifahi tərcüməçi olmaq istəsəniz belə, ilk addım yazılı tərcümədən keçir. Daha sonra müyyən zaman keçdikcə, öz üzərinizdə işlədikcə ardıcıl, sonda sinxron tərcüməçi ola bilərsiniz.
- Tələbəlik illərindən başlayaraq ingilis dili və ixtisasınızla bağlı təlim, seminarlarda, müxtəlif layihələrdə iştirak edin. Bu yolla həm ixtisasınızın peşəkarlarını yaxından tanımış olacaq, onların təcrübələrini dinləmiş olacaqsınız, həm də tələbə həmkarlarınızı tanıyacaqsınız. Nəticədə, əhatə dairəniz genişlənəcək (networking). Hətta, bu görüşlərdən sizin üçün iş imkanı da çıxa bilər.
- Yenə də tələbə vaxtlarınızdan ingilis dilini işlədə biləcəyiniz idman yarışlarında, müxtəlif yarışmalarda, layihələrdə könüllü şifahi tərcüməçi fəaliyyətinizə başlaya bilərsiz.
- Araşdırma edib, etibarlı bir iş yerində tərcüməçi kimi işə başlayıb, təcrübə toplaya bilərsiniz. Xoşbəxtlikdən demək olar ki, əksər qurumlarda tərcümə şöbəsi mövcuddur, xarici dil bilən işçilər mütləq lazım olur. Kiçik addımlarla bir yerdən başlamaq şərtdir. İşə ilk başlayanda sözsüz ki, çətinliklər olacaq. Bu, bütün işlərdə belədir, tərcümə zamanı müəyyən sözlərin qarşılığını tapmaqda çətinlik çəkə, gözlədiyiniz qədər gəlir əldə etməyə bilərsiniz. Get-gedə peşəkarlaşdıqca hər şey qaydasına düşəcək.
Hal-hazırda bizim ölkədə tərcümə sahəsində ingilis dili daha öndədir, bu dildə digər dillərə nisbətən tərcümə işi daha çoxdur. İngilis dilini yaxşı bilən çox insan ola bilər, lakin dili yaxşı bilmək kifayət etmir, bununla yanaşı tərcüməçi peşəkarlığı da şərtdir ki, həmişə keyfiyyətli tərcümə alınsın. Buna görə də, istənilən sahədə daima əsl tərcüməçilərə ehtiyac duyulur.
Müasir dövrdə ingilis dilinin çox yayıldığını nəzərə alsaq, ixtisas diliniz olan ingilis dilini kifayət qədər bildikdən sonra, bu dil ilə paralel ikinci bir öyrənmək də çox məqsədəuyğun olar. Məsələn, bir tərcüməçi yalnız ixtisaslaşdığı bir dili bilirsə, amma siz ixtisasınızla yanaşı, fərqli bir dil də bilirsinizsə, təbii ki bu sizin üstünlüyünüz olacaq. İngilis dili qədər aktiv olmasa da, ikinci xarici dil kimi praktik şəkildə işlədə biləcəyiniz bir dil seçin. İkinci dil olaraq hansı dili seçməyiniz isə öz həvəsinizdən, ölkədəki tərcümə bazarında hansı dillərə daha çox ehtiyacın olmasından asılıdır.
Ümid edirəm ki, məqaləm tərcümə ixtisası ilə maraqlanan bütün abituriyentlər üçün faydalı olacaq. Seçiminiz hansı ixtisas olursa olsun, əsas öz ürəyinizə yatsın, hər birinizə bol uğurlar arzulayıram.
Allahverdiyeva Nərgiz
Azərbaycan Dillər Universiteti, Tərcümə (Azərbaycan dili –ingilis dili) ixtisasının məzunu, Freelance tərcüməçi.
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.