Təşəbbüskar ol, gələcəyini qur!
Gəlin reallıqdan danışaq. Təhsil aldığımız məktəblərin təxminən 85 %-ində təşəbbüskarlıq, liderlik, natiqlik və bir çox təməl bacarıqlar öyrədilmir. Təməl bacarıqların öyrədildiyi isə ya özəl məktəblər, ya da məsuliyyətli və gələcəkdə bir fərdin rastlaşa biləcəyi problemləri təxmin edərək onlara yardım etmək istəyi olan müəllimlər olur. Buna görə də biz abituriyentlər öz üzərimizdə daim çalışıb, uğurlu gələcək üçün müəyyən qədər səy göstərməliyik.
Bir çoxumuz kiçik yaşlarımızdan böyük holdinqin rəhbəri olmaq və ya öz şirkətimizi yaradaraq idarə etmək arzusunda oluruq. Amma bunun üçün təməl bacarıqlarla yanaşı, təşəbbüskar olmağımız da böyük əhəmiyyət kəsb edir.
Bəlkə də deyirsiniz: “Bayaqdan təşəbbüskarlıqdan danışırıq, bəs bu söz nə deməkdir?”
Təşəbbüskarlıq qarşımıza çıxan fürsətləri layiqincə dəyərləndirməklə, qabaqcıl düşüncə və sağlam rəqabətdən istifadə edərək, mövcud və ya gözlənilən riskləri nəzərə alıb həyata keçirdiyimiz bir fəaliyyətdir.
Əlbəttə, sadəcə bu bacarıqlar kifayət etmir. Digər bacarıqlara da yiyələnməli, inkişaf etdirməliyik.
İlk vurğulamalı olduğumuz məqam ondan ibarətdir ki, hər birimiz yaradıcılıq və yeniliklərə açıq olmalı, onlara qarşılıq verməliyik. Əgər “Necə yaradıcı düşünə bilərəm?” sualının cavabını bilmirsinizsə, məqaləni oxumağa davam edin.
Sosiallaşmaq sizi bir qədər yaradıcı düşünməyə sövq edəcək. Çünki yeni və müəyyən dəyərə malik insanlarla tanış olandan sonra onların hadisələrə olan yanaşmalarını öyrənəcək və fikirlərini dinlədikdən sonra artıq sizdə həmin hadisə haqqında şəxsi fikir formalaşacaq, bu da sizə hadisələri müxtəlif aspektdən qiymətləndirməyə və yaradıcı mövqenizin formalaşmasına kömək edəcəkdir.
Abituriyentlərin təxminən 75% -i “Dərslərdən başqa heç nə etməyə vaxtım yoxdur” deyir və təxmin etmək çətin deyil ki, bu, çox vaxt bəhanədən başqa bir şey deyil. Əgər sizin nəyəsə, hər hansı bir sahəyə həddindən artıq marağınız varsa, gündəlik 15 dəqiqə vaxt ayırmağınızla ay sonunda o sahə ilə bağlı xeyli bilik və bacarıqlardan qazanmış ola bilərsiniz.
Digər vacib amil isə özgüvəndir. Yaşadıqlarım və təcrübəmdən elə qənaətə gəlirəm ki, hər bir insanın qazandığı təcrübə və oxuduğu kitabların özgüvənin formalaşmasında kifayət qədər rolu var. Abituriyent olduğumuz zaman qazandığımız təcrübə dedikdə isə daha çox müxtəlif təcrübə proqramları və düzgün seçilmiş könüllülük fəaliyyətinə qoşulmaq nəzərdə tutulur. Heç vaxt yaşınız kiçikdir deyə bu iş alınmaz deməyin. Çünki mən elə 16 yaşında ilk maaşımı qazanmışam. Siz niyə qazanmayasınız?
Mümin Sekman öz “Davamlı öyrən” kitabında qeyd edir:
“Həyatımızın 4-də 1 hissəsi məktəb həyatında, 4-də 3 hissəsi isə həyat məktəbində keçir. Amma həyat məktəbinin bizdən tələb etdiklərini bizə məktəb həyatında öyrətmirlər.” Bu səbəbdən həmişə inkişaf etməli və heç vaxt riskli, alınması çətin görünən işlərdən qorxmamalıyıq.
Mövzudan uzaqlaşmadan sizinlə real təcrübələrimə əsasən təşəbbüskarlıqla bağlı fikirlərimi bölüşmək istəyirəm. Aydındır ki, bir çoxumuz müəyyən məsələləri nəzəri cəhətdən bilirik, amma onlardan praktikada necə istifadə edə biləcəyimizi bilmirik. Mənim də bir çox təşəbbüslərim olub, lakin bəzi subyektiv səbəblərə görə onların həyata keçirilməsindən imtina etmişəm. Əsas məsələ, o işə qarşı həvəs və marağınızın tükənməməsidir, əks təqdirdə heç o işlə məşğul olmağa dəyməz. Ümumiyyətlə nəyəsə təşəbbüs edərkən sizinlə yolunu davam etdirə biləcək insanları düzgün seçməli, ədalətli dəyərləndirməli və nəticədə güclü komandaya malik nail olmalısınız.
Bu dünyada hər hansı bir missiyanı həyata keçirməkdən ötrü bir dəfə yaşamaq şansımız olur. Məhz bunu dərk edən hər bir kəs xəyallarını hədəfə, hədəfini isə həyata keçirmək üçün yorulmadan çalışmalıdır. Bir də bunu unutmayaq ki, bir işə başlayan və ya nəyəsə təşəbbüs edən zaman heç bir təcrübəmiz olmadıqda, gəlirləri düşünmək o qədər də önəmli deyil. Əsas bu işdən qazanacağımız təcrübədir. Səhvlər edəcəyik və gələcəkdə bu səhvləri etməmək üçün düzgün qərarlar verməyi öyrənəcəyik. Abituriyent kimi, bu və ya digər layihəyə, təcrübə proqramına qoşuluruqsa, bu bizim şəxsi inkişafımız və gələcək karyeramız üçün müsbət haldır.
“Bu, bizim cəmiyyətdə yoxdur, amma ona ehtiyac var” dediyimiz nələr varsa, onları layihə şəklində həyata keçirə bilərik. Təbii ki, bu da təşəbbüskarlıqdır. Unutmayaq ki, innovasiya və təşəbbüs etmək üçün mütləq şəkildə ideyaya ehtiyac yoxdur. Əlbəttə, ideya olduqda görüləcək işin bir qismi daha aydın görünür, lakin ideya olmadıqda özümüzü yormamalıyıq. Məsələn, hazırda bazarda mövcud məhsulun təkmilləşdirilməsi ilə bağlı təşəbbüs göstərib, onun daha yaxşısını və fərqlisini yarada biləcəyimizə əminiksə, elə indi başlamağın zamanıdır.
Səfiyyə Babazadə
Markzone.az – Baş redaktor
Azərbaycan Gənclər Fondu – Layihə Koordinatoru
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.