Təsviri mümkünsüz hisslər: Tibb

Təsviri mümkünsüz hisslər: Tibb

Təsviri mümkünsüz hisslər: Tibb

Təsviri mümkünsüz olan hisslər

  Salam, əziz abituriyentlər! Öncəliklə sizi həyatınızın ən önəmli mərhələsi olan abituriyentlik illərinə qədəm qoymağınız münasibətilə təbrik edir, o cümlədən gərgin hazırlıq dönəmi və biliyinizin yekun təsdiqi sayılan imtahanlarda hər birinizə uğurlar arzu edirəm! Əmin ola bilərsiz ki, imtahan stresi ilə əlaqədar bəlkə də hazırda bezib-usandığınız bu günləri gələcəkdə xoş bir xatirə olaraq xatırlayacaq,hətta zaman-zaman özləyəcəksiniz. Bu səbəbdən sizi xəyallarınıza aparan yolda əmin addımlarla irəliləməyi və hər gününüzdən zövq almağı bacarın. Unutmayın ki, hər bir əziyyət sonunda ən yaxşı şəkildə bəhrəsini verir və uğurlarımızın memarı hər zaman məğlubiyyətlərimizdir.

  Bu gün mənin sizinlə həmsöhbət olmaqda məqsədim öz keçdiyim yolda qarşılaşdığım maneələr və əldə etdiyim təcrübələri bölüşmək, əsas olaraq tibb ixtisasına hazırlaşan abituriyentləri gözləyən çətin və qürurlu yol haqqında məlumat verməkdir. İlk öncə nəzərinizə çatdırım ki, əgər siz qrup seçimində 4-cü qrupu seçmisinizsə,artıq digər abituriyentlərdən daha fərqli bir yola qədəm qoymusunuz deməkdir. Çünki həkimlik peşəsi çətin və şərəfli peşə olduğu kimi elə bu peşəyə aparan yol da bir çox maneələrdən keçməsi ilə digərlərindən fərqlənir. Çünki asan olanı hər kəs bacara bilər, amma çətini bacarmaq isə sadəcə fərqli insanların işidir və siz də bütün qəlbinizlə hər zaman fərqli olduğunuza inanın, əsla xəyallarınızdan vaz keçməyin.

İmtahan qorxusu barədə

  Abituriyentlik illərimdə qarşılaşdığım ən böyük maneə hər zaman psixoloji stress olur və daima onunla savaşmaq məcburiyyətində qalırdım. Daha uşaq vaxtlarımızdan “İmtahan günü” anlayışı o qədər yanlış şəkildə bizə xatırladılıb ki, həmin günü adicə ağlımızdan keçirəndə belə həyəcan bütün bədənimizə yayılır və özümüzü qorxutmağa başlayırıq. Hətta 11-ci sinfin sonlarına yaxın bu stresin tez-tez təzyiqimi qaldırdığını görəndə bir müəllimimin məsləhəti ilə psixoloq seansına yazıldım. Cəmi 2-3 seansa demək olar ki, bütün qorxumu yenməyi bacardım. Əslində psixoloqa getmədən də özünüz iradəniz vasitəsilə stressdən uzaqlaşmağa nail ola bilərsiniz. Hər zaman bu cümlələri təkrarlayın və anlamağa çalışın: “ İmtahan günü də adi günlərdən biridir. Sadəcə bir neçə saat davam edən bir proses üçün günlərcə stress çəkmək mənə ziyandır. İmtahan qorxunc deyil, imtahan məni xəyallarıma aparan vasitədir. Əgər imtahan olmasa, mən istədiyim ixtisasa qəbul ola bilmərəm”. Bəli, zamanla bunları dedikcə artıq imtahandan qorxmağa deyil, əksinə onu sevməyə başladığınızı hiss edəcəksiniz. Özünüzü sevin və inanın.

  Bundan başqa sahib olmağa çalışdığınız həkimlik peşəsinə dərindən bağlı olun. Mən həkimlikdən başqa heç bir sənəti düşünmədiyimdən dolayı kodlaşdırmada cəmi bircə ixtisas “Müalicə işi” ni qeyd etdim. Sonunda elə kodlaşdırdığım ixtisasa qəbul oldum. Hər zaman qərarlarınızı özünüz verin və onların arxasında durmağı bacarın. Əgər bu çətin yoldan keçərək Tibb ixtisasına qəbul olunmağa nail olsanız, möhtəşəm bir macəraya başlayacaqsınız. Hər gün o ağ xalatı qürurla geyinib universitetə daxil olanda fəxr hissi keçirəcək və “nə yaxşı ki, zamanında çox çalışdım” deyib şükr edəcəksiniz. Dərslərin çətinliyi sizi çox yorsa da, tibb tələbələrinin bir-biri ilə olan səmimi münasibəti və müəllimlərin qayğısı daha çox səy göstərmənizə səbəb olacaqdır.

Hələ universitet illəridən həyatınızda ilklər yaşayacaqsınız...

  Bəli, həyatınızda bir çox ilkləri təcrübə edəcəksiniz, hansı ki bu ilklər digər insanların heç vaxt qarşılaşmayacağı hadisələrdir. Məsələn:  Morgda keçirilən praktiki dərslər, klinikalarda alacağınız biliklər, heyvanlar üzərində aparacağınız təcrübələr və s. Daha 1-ci kursdan qohumlarınızın “Sən indi nə həkimi olacaqsan?” sualı ilə qarşılaşıb təəssüf ki, tam 6 il dəqiq cavab verə bilməyəcəksiniz. Hansısa toplumda tibb oxuduğunuzu dediyiniz an “Mənim də filan ağrılarım var. Sən bilərsən nədən olar?” - deyə soruşub ilk pasientləriniz sırasına yazılanlarla tanış olacaqsınız.

  Tibb tələbəsi olmaq həqiqətən də çox fərqli və özəl bir hissdir. Bu hissi ifadə etməyə heç bir cümlənin və ya sözün qadir olmayacağını düşünür və sizə “Sadəcə yaşayan bilər” deyərək gerçəkdən yaşamanızı arzu edirəm. Bəlkə də sabahın ən tanınmış həkimlərindən biri hazırda bu məqaləni oxuyur və mən hər zaman siz abituriyentlərə yardım etməyə hazıram. Tibb Universiteti sizi gözləyir! Tələsin!

Nəzrin Kərimova

Azərbaycan Tibb Universiteti, Müalicə işi ixtisası tələbəsi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.