Uğurlu biznes üçün paralel inkişaf- Biznesin idarə edilməsi

Uğurlu biznes üçün paralel inkişaf- Biznesin idarə edilməsi

Uğurlu biznes üçün paralel inkişaf- Biznesin idarə edilməsi

 

Uğurlu biznes üçün paralel inkişaf- Biznesin idarə edilməsi

  Biznesin idarə edilməsi II ixtisas qrupu üzrə bazarda ən çox tələb olunan ixtisaslardan biridir. Bu ixtisasda təhsil alan tələbələr müxtəlif bizneslərin idarə edilməsi üçün lazım olan bacarıqları dərindən öyrənir və hər bir bacarıq haqqında ümumi biliklər əldə edirlər. Təsəvvür edin ki, siz ayaqqabı istehsalı və satışı ilə məşğul olan bir şirkət qurmaq istəyirsiniz. Təbii ki, bu şirkətin daxilində fəaliyyət göstərən müxtəlif departamentlər olacaq.

Bəzi departamentlər:

  Satınalma departamenti (procurement) – hansı ki, ayaqqabının istehsalına lazım olan material və avadanlıqların (dəzgahlar, dəri və s.), bundan başqa ofis daxilində işlədilən material və avadanlıqların (kompüter, printer, kağız və s.) alışı ilə məşğul olacaq. 

  İstehsal departamenti (production) – hansı ki, ayaqqabının yalnız istehsal mərhələsi ilə məşğul olacaq.

  Marketinq departamenti (marketing) – hansı ki, istehsal olunan məhsulun forması, dizaynı, bağlama qutusu, qutunun üzərində qeyd olunan məlumatlarla müştəriyə verilən ismarıclar, hazır məhsulun marketinqi, məhsul haqqında məlumatı ötürmək üçün müştərilərlə qurulan kommunikasiya kanalları (tv reklamı çəkmək, sosial şəbəkələr ilə kommunikasiya və s.)  haqqında qərarlar verəcək.

  Satış (sales) – hansı ki, müştərilərlə bir başa ünsiyyətdə olub, məhsul haqqında məlumatı müştəriyə çatdıracaq və real satış prosesini həyata keçirəcəklər. Hətta həyata keçirmək üçün hər şey edəcəklər.

  Maliyyə - mühasibatlıq (Finance – Accounting) – daha dərindən analiz etdikdə maliyyə və mühasibatlıq heç də eyni sahə deyil. Amma Azərbaycan bazarında adətən bu işləri bir department daxilində görürlər. Belə ki, bu departamentin əsas öhdəliyi şirkətin gəlirlərinin və xərclərinin hesabatını aparmaq, qanunvericilikdə qeyd olunan kriteriyalara əsasən hesabatları hazırlamaq, bundan əlavə həmin hesabatlarla bir sıra analizlər edərək şirkətə faydalı ola biləcək hansı addımların atılmasına qərar verməkdir.

  İnsan resursları (human resource) - HR kimi tanıdığımız bu department daxilində isə iki mühüm proses baş tutur. Bunlardan biri yeni işçilərin işə götürülməsi prosesidir. Digəri isə mövcud işçilərin sənədlərinin işlənməsi, işçilərin işlədiyi sahələrə uyğun bacarıqların inkişafı üçün treyninqlərin təşkili və onların karyera inkişafına kömək göstərməkdir.

  Bu departament siyahısını artırmaq da olar. Amma real həyatda hər biznesin daxili strukturu biznesin fəaliyyətindən asılı olaraq dəyişir. Məsələn, kənd təsərrüfatı məhsullarını  öz həyətyanı sahəsində yetişdirərək supermarketlərə satan Akif dayının nə ofisi, nə də IT departamenti yoxdur. 

İxtisasda ümumi biznes idarəetməsi tədris olunur...

  Amma artıq sizə aydındır ki, böyük biznes qurmaq üçün, daha çox gəlir əldə  etmək üçün, hətta xarici bazara açılmaq üçün qurduğunuz biznesin daxili funksiyalarının (departamentlərinin) böyük əhəmiyyəti var. Siz biznesin idarə edilməsi ixtisası üzrə təhsil aldıqda bu funksiyaların nə olduğu, necə işlədiyi, hansı biznes növündə hansı üsulların daha faydalı olduğunu öyrənəcəksiniz. Amma siz bu ixtisası oxuduqda nə peşəkar mühasib, nə peşəkar HR, nə də peşəkar marketinq mütəxəssisi olmursunuz, yalnız ümumi biznesi idarə etməyi öyrənirsiniz. Biznes ideyaları geniş olan tələbələr bu ixtisası bitirdikdən sonra yeni bir biznesin başlanğıcını qura bilər. Əgər heç bir biznes ideyanız yoxdursa bu zaman təhsil müddətində sizə ən maraqlı olan biznes funksiyalarından birində çalışmağa başlaya bilərsiniz. 

Biznes ideyam yoxdursa, bu ixtisası seçə bilərəm?

  Deyək ki, sizin heç bir biznes ideyanız yoxdur, bu o demək deyil ki, siz yanlış ixtisas seçmisiniz. Biznes qurmaq əvəzinə siz hansısa mövcud biznesin bir departamentində işə düzələ bilərsiniz. Məsələn, siz universiteti bitirdikdə Akif dayı da kənd təsərrüfatı ilə məşğul olmağı dayandırıb. O, təsərrüfatdan topladığı pullarla bir ayaqqabı şirkətinin əsasını qoyub. Amma o, hər departamentin işini özü görə bilməz. O, sadəcə sərmayə yatırır, işi isə başqalarına həvalə edir. Buna görədə müxtəlif departamentlər qurulur və hər departament öz mütəxəssis heyəti ilə işə başlayır. 

  Bu ixtisasda təhsil alan zaman tələbə özü qərar verməlidir ki, o, biznesi ayaqda saxlayan hansı departamentin işçisi olmaq istəyir?  Təhsil müddətində marağınızı daha çox çəkən sahə üzrə ixtisaslaşmağınız o qədər də çətin deyil. Məsələn, əgər siz mühasibatlıq sahəsində işləmək istəsəniz bu zaman vakansiya saytlarının birinə daxil olub, orada mühasib elanlarında nələrin tələb olunduğuna baxın. 

Vakansiya nümunəsi:

Mühasib axtarılır.

 


Tələblər:

  1. Maliyyə, mühasibatlıq, iqtisadiyyat, və ya biznesin idarə edilməsi üzrə ali təhsil 
  2. Vergi məcəlləsini yaxşı bilməli
  3. MS Office (xüsusilə Excel) və 1C 8.2 , 8.3 bilikləri
  4. PL, Cash flow, kassa, bank əməliyyatlarını bilməli


  Tələblər hissəsində gördüyünüz kimi sizin ixtisasınız bu sahədə işləməyinizə imkan verir, amma təəssüf ki, universiteti bitirən kimi sizin bu tələblərlə işə düzəlməyiniz çox çətindir. Siz universitet təhsilindən əlavə Excel və 1C mühasibatlıq proqramında işləməyi, vergi məcəlləsini yaxşı bilməlisiniz. Hansı ki, bunlar sizə universitetdə öyrədilməyəcək. Amma PL, cash flow adlanan hesabat növlərini dərsdə ümumi öyrənəcəksiniz. Bəs bu kifayətdir mi? Təbii ki, xeyr. Yaxşı olar ki, işləmək istədiyiniz departament və vəzifə haqqında daha çox məlumat toplayıb, bazarda nəyə tələbat olduğunu araşdırasınız. Bunun üçün həmin sahədə çalışan mütəxəssislər ilə danışmaq çox faydalı olacaq.

Bəs mühasib olmaq istəyən şəxs əvvəlcədən mühasibatlıq ixtisasını niyə seçmir?

  Bunun müxtəlif səbəbləri ola bilər. DİM imtahanından topladığınız bal kifayət etməyə bilər və yaxud siz mühasibatlıq haqqında heç vaxt düşünməmisiniz. Amma universitetdə keçilən fənlər bu sahəni sizə sevdirib deyə bu sahəyə yönələ bilərsiniz, həmçinin marketinqə, satışa və ya insan resurslarına.


  Həyatda reallıq budur ki, həmişə işlər planladığınız kimi getmir. Düşünürəm ki, biznesin idarə edilməsi ixtisası üzrə xaricdə təhsilə ehtiyac yoxdur. Xaricdə təhsilinizin olmağı pis olmaz, amma burda açar hissə sizin yeni bir biznes qurmaq üçün ideyalarınız və həvəsinizdir. Onu da vurğulayım ki, təhsili ingilis dilində almağınız çox böyük avantajdır. İstər biznes qurub onun idarəsinə nəzarət edin, istərsə də spesifik bir sahədə çalışın, ingilis dilini bilmədən işiniz çox çətin olacaq. Müasir dövrdə lazım olan bütün məlumatları ingilis dilində olan mənbələrdən tapmaq çox asandır. Universiteti bitirdikdən sonra heç bir biznesin əsasını qoymaya da bilərsiniz. Bu səhv addım atmağınız anlamına gəlmir, əksinə siz müəyyən şirkətlərdə işləyib, müəyyən qədər pul toplayıb, paralel olaraq hansı biznesi qura biləcəyiniz haqqında düşünə bilərsiniz. 30 yaşınızda belə yeni biznes qursanız bu ixtisası oxuyan zaman topladığınız bilik və bacarıqlar sizə çox kömək olacaq.

Özümüzü bu ixtisasa inkişaf etdirmək üçün nə etməliyik?

  Düşünürəm ki, bu ixtisası seçdikdən sonra siz özünüzü iki yolda paralel olaraq inkişaf etdirməlisiniz:

  Birinci yolda siz ümumi biznes nədir, biznesi necə qurmaq olar, onun daxili strukturu necə olmalıdır, hansı xarici amillər biznesə təsir göstərə bilər kimi sualların cavabını tapa-tapa müəyyən biznes ideyaları üzərində işləməlisiniz. Çalışın hansı sahəyə marağınız varsa, həmin sahəyə uyğun bir biznes olsun. Bu sizin motivasiyanızı artıracaq. Məsələn, sizin toxuma sənətinə marağınız var. Amma biznesin idarə edilməsi ixtisasında oxumusunuz. Bu sizin gələcəkdə toxuculuq fabriki qurmağınıza, ixtisas üzrə aldığınız təhsil isə həmin biznesi inkişaf etdirməyinizə kömək edə bilər.

  İkinci yolda isə siz biznesin hansısa spesifik bir funksiyası üzrə özünüzü inkişaf etdirməlisiniz. Deyək ki, siz toxuma sənətini sevirsiniz, universiteti bitirmisiniz, amma hal-hazırda biznes qurmaq üçün özünüzü hazır hiss etmirsiniz. Müəyyən təcrübəsizlik sizi qorxudur. Amma siz universitetin artıq ikinci kursundan etibarən marketinq haqqında maraqlanmısınız. Biznesin bu funksiyası sizə daha maraqlı olduğu üçün müxtəlif xarici ədəbiyyatlardan marketinqin dərinliklərini öyrənmisiniz. Universitetin sonlarına yaxın isə hansısa şirkətlərin marketinq departamentində təcrübə proqramında olmusunuz. Elə universiteti bitirdikdən sonra da bu sahədə işləməyi davam etdirib,  təcrübə qazana bilərsiniz. Artıq topladığınız bilik və bacarıqlar, üstəlik real iş təcrübəsi sizin yeni biznesə başlamağınıza imkan yaratdıqda bu addımı çəkinmədən ata bilərsiniz. Hətta, yeni biznesinizin marketinq işlərini özünüzün həll etməyi də ayrı avantaj olacaq. 

  Düşünürəm ki, Azərbaycanda bu ixtisas üzrə ən yaxşı bakalavr təhsili verən universitet ADA universitetidir. Mən də həmin universitetdə biznesin idarə edilməsi ixtisası üzrə təhsil almışam, amma hal-hazırda “Dərs Evi” tədris mərkəzində həm administrativ işlər üzrə aparıcı mütəxəssis, həm də riyaziyyat müəllimi olaraq fəaliyyət göstərirəm. Bir neçə il sonra təhsil sektorunda hansısa biznes ideyasının müəllifi də olmaq istəyirəm. Düşünürəm ki, uğurlu olmaq üçün dəyişikliklərə açıq olmalı və özümüzü paralel inkişaf etdirməliyik. 

 


Allahverdiyev Surxay

Dərs Evi

Administrativ işlər üzrə aparıcı mütəxəssis, riyaziyyat müəllimi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.