UNEC-də ingiliscə təhsil almaq çətindirmi?

UNEC-də ingiliscə təhsil almaq çətindirmi?

UNEC-də ingiliscə təhsil almaq çətindirmi?

  Hamıya salamlar!

 

  Mən Aynur Nəbiyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ISE fakültəsi Dünya iqtisadiyyatı ixtisasının son kurs tələbəsiyəm. Bizim fakülətinin bu ilki senior mentoru və keçən ilki Beynəlxalq Ticarət və Logistika qrupunun mentoruyam. Hazırda Paşa Bankda intern olaraq çalışıram və iqtisadi anlayışları öz dilimizdə sadə şəkildə izah etdiyim layihəm mövcuddur.

 

  İstəyərdim ki, 2-ci qrupda təhsil almaq istəyən, gələcəyini iqtisadi sahədə qurmaq istəyən gənclərə maraqlı gələn bir neçə sualı cavablandırım:

 

  • UNEC-də ingiliscə təhsil almaq çətindir mi?

  • UNEC ISE fakültəsini nəyə görə seçməliyəm və ya seçməliyəmmi?

  • UNECdə hansı ixtisasda təhsil almaq daha yaxşıdır?

 

  İlk öncə onu vurğulayım ki, UNEC-də 4 dildə təhsil mövcuddur: Azərbaycan, İngilis, Türk və Rus dillərində

 

  II qrupda yüksək bal yığan gənclər üçün ən uyğun seçim məhz UNEC, ISE fakültəsi olar. Fikrimcə, Azərbaycanda 2-ci qrup üzrə ən yaxşı təhsil məhz UNEC ISE fakültəsində olur. ISE fakültəsinə düşmək üçün gərəkli olan keçid balını yığa bilməyən tələbələr Azərbaycan dilli ixtisaslara daxil olub 2-ci kursdan təhsillərini SABAH qruplarında hər 2 dildə (Azərbaycan və ingilis) davam etdirə bilərlər.

 

  İngilis dilində təhsil almağa çalışmaq lazımdır. Çox vaxt gənclər ingilis dilində təhsil almaqdan qorxub yüksək bal yığsalar belə, bu dildə təhsil almırlar. Mənim də qorxularım var idi, amma nəzərə almaq lazımdır ki, 4 il ingilis dilində təhsil aldıqdan sonra istər-istəməz ingilis diliniz inkişaf edir. İngilis dilində dərsləri dinləyərkən dinləmə, dərslərə cavab verərkən danışığınız, ingilis dilində xarici vəsaitləri oxuduqca oxuma, və təbii ki imtahanlarda yazma qabiliyyətiniz inkişaf edir. Bizim fakültədə müəllimlər xaricdə təhsil almış müəllimlər olur. Dərs keçmə üsulları, tələbə ilə münasibətləri yaxşı mənada daha fərqli olur. Müəllimlər anlayırlar ki, yeni qəbul olmuş tələbələr ingilis dilini məktəb səviyyəsində bilir, buna görə də, çox anlayışlı olurlar. İmtahanlarda ingilis dilində yazı səhvi və ya danışanda səhv etmək sizin balınıza təsir etmir (ingilis dili fənnindən başqa).

 

  UNEC ISE fakültəsində bəyəndiyim bir digər özəllik hər bir ixtisas qrupuna yuxarı kurslardan mentor təyin edilir ki, yeni tələbə olmuş gənclərə istənilən məsələdə kömək etsinlər, buna ilkin sənədləşmə məsələri, uyğunlaşma prosesi, imtahan, dərs sistemi barədə məlumatlar və s. daxildir.

 

  Təəssüf ki, mən təhsil aldığım ixtisas artıq mövcud deyil, amma onu mütləq vurğulamalıyam ki, əgər gənclər ingilis dilində hansı ixtisası seçəcəklərindən əmin deyillərsə, ISE-də ixtisaslar üzrə tədris edilən fənlər əsasən eynilik təşkil edir. İxtisas barədə danışmalı olsam, iqtisadiyyat elə bir ixtisasdır ki, siz bu ixtisasdan sonra istənilən iqtisadi sahəyə yönələ bilərsiniz. Universitetə qəbul olmazdan əvvəl bir müəllimimlə söhbət edərkən məndən hansı ixtisasa qəbul olmaq istədiyimi soruşanda mən mühasibat uçotu deyə cavab vermişdim. Həmən müəllimim mənə məsləhət görmüşdü ki, iqtisadiyyat ixtisası daha geniş sahədir və daha sonra istədiyin sahəyə asanlıqla yönələ bilərsən. Sadəcə mənfi tərəfi odur ki, məsələn, maliyyə sahəsində karyerasını davam etdirmək şəxslər bəzi maliyyə ixtisaslarından kənarda qalırlar. Lakin unutmaq olmaz ki, işə qəbul zamanı sizin dəqiq olaraq hansı ixtisası bitirməyiniz o qədər də önəmli olmur, əsas sizin bacarıqlarınız, təcrübələriniz və özünüzü necə inkişaf etdirməyinizdir.

 

  Tələbələr bilməlidilər ki, hansı universitetdə, ixtisasda tədris alsalar da, mütləq öz üzərilərində işləməlidlər. Çünki universitetdə sizə nəzəri biliklər öyrədilir, iş mühiti üçün sizə lazım olacaq praktiki bilgiləri siz ancaq könüllü kimi, təcrübəçi kimi çalışaraq əldə edə bilərsiniz. 

 

  Universitetdə oxuduğunuz 4 il ərzində sadəcə universitetə gedib gəlməyin, işləyin, layihələrə qatılın, karyeranızı davam etdirmək istədiyiniz sahə üzrə sertifikatlar əldə edin, ən azı 1 dili mükəmməl bilin.

 

 Aynur Nəbiyeva

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.