Uşaqlıq xəyalım gərçək oldu... , Mən Psixoloq oldum!  

Uşaqlıq xəyalım gərçək oldu... , Mən Psixoloq oldum!  

Uşaqlıq xəyalım gərçək oldu... , Mən Psixoloq oldum!  

   “Böyüyəndə nə olmaq istəyirsən?” - bu uşaqlara ən çox verilən sualdır. Hər bir uşaq da buna özünəməxsus cavab verir. Bəziləri sadəcə böyükləri kimi olmağa çalışır, bəziləri yaşına görə tanıdığı peşənin adını çəkir. Bəziləri ətrafda çox tərif edildiyi üçün həvəslənər, bəziləri böyüklərin təkidi ilə hansısa peşəyə yiyələnmək istəyirlər. Bəzi uşaqlar da var ki, bir peşənin xəyalını qurarlar. Mən sonunculardan idim. Mən də uşaqlığımda, cavabına əmin olmadığım bu sualı çox eşitmişəm. Mən riyaziyyat fənnini çox sevdiyim üçün düşünürdüm ki, ancaq riyaziyyat müəlliməsi ola bilərəm. Bunu sadəcə dilimdə deyirdim. Amma xəyallarım məni adını belə bilmədiyim bir peşəyə israrla yönəldirdi. O zamanlar bu xəyallar çox xoş olsa da, məni narahat edirdi. Çünki, uşaqlıqda tanıdığım peşələr həkim, müəllimə, polis və s. idi və mənə elə gəlirdi ki, belə bir peşə yoxdur. İllər keçdi. “Psixoloq” peşəsi ilə bağlı bir sıra məlumatlar əldə etdim. Artıq ixtisas seçmək zamanı gəldi.  Və mən qərarımı verdim. Mən “Psixoloq” olacam. Əvvələr bu qərarımı çox insanla paylaşmırdım. Çünki, illər əvvəl “Psixoloq” peşəsinə hər kəs eyni fikirlə yanaşmırdı. Lakin bu məni fikrimdən döndərmədi. Asan olmadı. Çox çalışdım, çox yoruldum. Amma hər dəfə məqsədimi xatırlayanda bütün yorğunluğum həvəsə çevrilirdi. Nəhayət, mən qazandım. 

  2006-cı ildə Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil oldum. Sevincimin həddi-hüdudu yox idi. 4 il bakalavr, 2 il magistratura pilləsində təhsil aldım. 2012-ci ildə universiteti bitirdikdən sonra Psixoloq vəzifəsində çalışmağa başladım. Amma hələ də təlimlərdə, konfranslarda, seminarlarda iştirak edərək, yeni kitablar oxuyaraq və digər məsləkdaşlarımla müzakirələr edərək öyrənməyə davam edirəm.  Bütün elmlər kimi Psixologiyanı da öyrənmək asan deyil.

  Ümumiyyətlə, canlıları və onların psixologiyasını öyrənmək asan deyil, xüsusilə, ən ali varlıq olan İnsan və İnsan psixologiyasını. Bəşəriyyət yarandığı andan “İnsan” hər zaman öyrənmə obyekti olmuşdur. Eramızdan əvvəldən bugünə qədər də maraq azalmamışdı. İnsanı öyrənən bir sıra elm var. Onlardan biri də Psixologiyadır. Psixologiya elminin tarixi bizim eradan əvvəl VII-VI əsrlərdən başlayır. 

  Psixologiya nədir? 

  Psixologiya obyektiv gərçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr, onların yaranması və inkişaf qanunları haqqında elmdir. (Seyidov S.İ.; Həmzəyev M.Ə., Psixologiya, Bakı, 2007). Psixi hadisələr dedikdə, psixi proseslər (1. İdrak prosesləri: duyğu, qavrayış, hafizə, təfəkkür, təxəyyül, nitq, diqqət; 2. Emosional proseslər: sevinc, kədər, məhəbbət, kin, nifrət; 3. İradi proseslər: qərar qəbulu, motivlər mübarizəsi, çətinliklərin aradan qaldırılması, davranışı idarə etmək;), psixi hallar (gümrahlıq, qorxu, məyusluq, dirçəliş, ruhdandüşmə, ümidsizlik və s.) və psixi xassələr (şəxsiyyətin istiqaməti, terperament, xarakter, qabiliyyətlər) nəzərdə tutulur. (Əliyev M.S. Psixologiya Atlası, Bakı, 2009)

Psixologiya elminin bir neçə sahəsi var. Bunlar aşağıdakılardır: 

  • Ümumi Psixologiya;
  • Pedaqoji Psixologiya;
  • İnkişaf və Yaş Psixologiyası;
  • Differensial (insanların fərdi-psixoloji və davranış fərqləri)  Psixologiya;
  • Genetik Psixologiya;
  • Sosial Psixologiya;
  • Hüquq Psixologiyası;
  • Əmək Psixologiya;
  • Klinik (tibb) Psixologiya;
  • Menecment (idarəetmə) Psixologiyası;
  • Zoopsixologiya  (heyvan psixologiyası).

  Psixoloq, Psixologiya elminin hər hansı bir sahəsi ilə ixtisaslaşmış, insanların və heyvanların ruh halını araşdıran, öyrənən və mövcud olan problemlərin həlli yolunu tapan mütəxəssisdir. Psixoloq əldə etdiyi bilik və təcrübələrdən əlavə bir sıra insani dəyərlərə sahib olmalıdır. 

Psixoloqda  aşağıdakı  xüsusiyyətlərin olması vacibdir:

  • Psixologiya ilə bağlı ətraflı biliyə sahib olmalıdır;
  • “Məxfilik prinsipin”ə riayət etməlidir;
  • Sirr saxlamağı bilməlidir;
  • Yaxşı dinləyici olmalıdır;
  • Mühakimə etməməlidir;
  • Empatiya (özünü başqa  bir insanın yerinə qoyaraq, onun düşüncələrini, hisslərini və fikirlərini anlamaq) hissi olmalıdır;
  • Yararlı olmalıdır, zərər verməməlidir;
  • Məsuliyyətli olmalıdır;
  • Dürüst davranmalı, ayrıseçkilik etməməlidir;
  • İnsan haqqlarına dəyər verməlidir və s. 

  Psixoloq qəbuluna gələn şəxs “pasiyent” adlandırılır. Psixoloq pasiyenti dinləməli, mövcud olan psixoloji problemi aşkar etməli və bu problemləri aradan qaldırmalıdır. Mövcud olan psixoloji problemləri aşkara çıxartmaq üçün psixoloq bir sıra metodlardan istifadə edir: Müşahidə, müsahibə, eksperiment, fəaliyyət metodları, testlər. Psixoloq hər hansı bir metodla  fərdin psixoloji vəziyyətini arkar edir. Sonra müxtəlif  texnikalardan  istifadə  edərək  problemləri  aradan  qaldırmağa  çalışır. 

  Azərbaycanda psixologiyanın inkişafı  XX əsrin əvvəllərinə təsadüf edir. Ölkəmizdə psixologiya elminin inkişafında bir sıra alimlərimizin xüsusi rolu olmuşdur. Onlardan F.Ə.İbrahimbəyov, A.O.Makovelski, S.Hacıyev, Z.M.Mehdizadə, Ə.K.Zəkuyev, Ə.Ə.Əlizadə, A.K.Abdullayev, Ş.S.Ağayev, Q.E.Əzimov və başqa psixoloqların adını çəkmək olar. 

 


Psixologiya ixtisası ilə bağlı videomüsahibəmizə bu linkdən keçid edə bilərsiniz.

                                                             

  • Qasımova  Ülviyyə  Natiq  qızı
  • Sanator  Kurort  Reabilitasiya  Mərkəzi,  Psixoloq
  • Kayu  İnkişaf  Mərkəzi,  Baş  Psixoloq.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.