Yoldakı mühəndis

Yoldakı mühəndis

Yoldakı mühəndis

  İnşaat mühəndisliyi insanın məskunlaşmış həyata keçid dövrünə təsadüf edir. İnsan yaşadıqca davam edəcək olan sahələrdəndir. İnşaat ilə əlaqəli olan bütün işlər bu ixtisasın  tərkibinə daxildir. Adından göründüyü kimi öncəliklə hər kəsin beynində tikinti işləri ilə məşğul olan şəxs canlanır. Beynimizdə ancaq tikinti canlansada, bu ixtisas bir çox bölmələrə ayrılır. Tikintidə istifadə olunan beton materiallarını da mühəndis yoxlayır, həmin tikintinin planlanmasını da mühəndislər tərəfindən həyata keçirilir və s. Önəmli olan gələcəkdəki özünüzü inşaatın hansı bölməsində görmək istəməyinizdir.

  İnşaat mühəndisliyinin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Müsbət tərəfi odur ki, dünyanın hər yerində işləyə bilərsiniz. Gəzməyi sevən insansınızsa, deməli, bu axtardığınız ixtisasdır. İnşaat mühəndisi olaraq  zamanı, pulu idarə etmə, planlama, komanda ilə işləmək kimi qabiliyyətlərə sahib ola bilərsiniz. İşləmə saatlarının çox olması mənfi tərəflərindən biridir. Məsələn, beton töküldüyü zaman ona nəzarət etmək lazımdır ki, bu proses gecələr də baş tutur. Təbii ki, bu problemlər özəl sektorun digər bölmələrində də ola bilər. Bundan başqa isə ustalar və işçilər arasında yaşanan problemləri qeyd etmək olar. Hər bir  sahənin mənfi və müsbət tərəfləri olduğu kimi inşaat mühəndisliyində də bu hallar mövcuddur. İnşaat mühəndisi lazım gəldiyində dağ başında tozun torpağın içində də işləməyi bacarmalıdır.

  Qısa olaraq belə deyə bilərik ki, inşaat mühəndisliyi plan, layihə , tikinti ilə işləyən təməl mühəndislik  sahəsidir. İnşaat mühəndisliyinə ölkəmizdə ehtiyac çoxdur. Son illərdə Azərbaycanda böyük inşaat, tikinti layihələrinin həyata keçirilməsi buna nümunədir.

  İnşaat mühəndisi tikintidə istifadə olunan materialları təyin edir. İnşaat mühəndislərini iki yerə ayıra bilərik:

  1. Ofisdə işləyib layihələr, çertiyojlar hazırlayan 

  2. İnşaat sahəsində tikintiyə nəzərat edən. 

  Oturaq işləri sevənlər ofisdə, daima hərəkətdə olmağı sevənlərə isə tikinti sahəsində işləmək daha uyğundur. Önəmli olan görəcəyiniz işi sevməkdir. İnşaat mühəndisliyi müxtəlif sahələrə ayrılır. Ətraf mühit mühəndisliyi, şəhərsalma mühəndisliyi, su mühəndisliyi, yol mühəndisliyi, planlama mühəndisliyi, tikinti materialları mühəndisliyi və s .

  Əgər siz İnşaat mühəndisi olmağa qərar versəniz, yol, bina, hava limanı, tunel, su bəndləri, körpü və başqa böyük layihələrin həyata keçməsində iştirak etmiş insanlardan olacaqsınız. Sahələrin hər biri öz özlüyündə çox maraqlıdır. Önəmli olan görmək istədiyiniz işə ciddi yanaşmağınızdır. Hansı sahədə olduğunuz fərq etməz, önəmli olan cəmiyyətə faydalı insan olmaqdır. 

  Bu sahəni oxumağa qərar vermisinizsə, ixtisas üzrə daha dərin biliklərə sahib olmaq üçün təhsilinizi inşaat sahəsində sözünü demiş xarici ölkələrdə almağınız  daha münasibdir, amma təhsilinizi bitirdikdən sonra vətənə dönüb öz toplumunuza fayda verməyi unutmayın.

  İnşaat mühəndisliyi haqqında qısa da olsa, fikirlərinizdə təəssürat yaratmaq istədim. Ümid edirəm ki, siz oxuyuculara faydalı olacaq. 

 


Murad Fərəcov 

İstanbul Universiteti Cerrahpaşa, İnşaat mühəndisliyi magistr

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.