Cihaz mühəndisliyi ixtisası

Cihaz mühəndisliyi ixtisası

Cihaz mühəndisliyi ixtisası

İxtisasın təsviri 

  Elm və texnikanın əksər sahələrində dəqiq və etibarlı cihazlara ehtiyac var. Buna görə onları yarada və inkişaf etdirə bilən mütəxəssislərə müasir dünyada çox təlabat var. Bu ixtisas informasiyanın alınması, çevrilməsi, ötürülməsi, emalı və tətbiq edilməsi üçün istifadə olunan cihazlar, informasiya – ölçmə sistemləri və kompleksləri yaratmaq və idarə etmək üçün ölçmə texnikası və texnologiyalarının aparat və proqram təminatı məsələlərinin öyrənilməsini əhatə edir. Bütün sənayeyə və digər sahələrə daxil olan cihazların hazırlanması, istehsalat prosesi, istehsalatdan sonra isə keyfiyyətinin, fəaliyyətinin yoxlanılması, ölçülməsi sahənin əsas prioritet sahələrindəndir. İxtisas ölkəmizin sənaye sektoruna daxil olan əksər sahələr üçün  o sahələrə çox önəmli hesab edilən bilgilərə yiyələnən mütəxəssis hazırlayır. Məzunlar tədqiqat fəaliyyəti həyata keçirə bilər, proqramçı, mühəndis və layihə meneceri kimi işləyə bilər. Onların bilikləri diaqnostik, ölçmə və nəzarət məlumatlarının saxlanması, toplanması, işlənməsi və əks olunması üsulları və metodları sahəsində də tətbiq olunur. Bu ixtisas fizika, riyaziyyat və rəsmxət ilə maraqlananlar üçün uyğundur.

İxtisasın tarixi

   Cihaz mühəndisliyi ixtisası, öncəki “Cihazqayırma mühəndisliyi”, “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” və “Biotibbi texnologiya mühəndisliyi” ixtisaslarının birləşməsi ilə yaradılmışdır. Öncəki ixtisaslar 2009-cu ildə, “İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi”-nə daxil olan “Cihazqayırma mühəndisliyi” kafedrası daxilində yaradılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ İstehsalatda elektron cihazların və qurğuların:
  • ➝ İnformasiya – ölçmə sistemlərinin tədqiq edilməsi;
  • ➝ Cihazın layihələndirilməsi üçün məlumatlarının toplanması və təhlili;
  • ➝ Ölçmə vasitələrinin istehsalında nanotexnologiyadan istifadə etmək;
  • ➝ Müəyyən bir metoda əsasən təcrübələr aparmaq, nəticələrin təhlili;
  • ➝ Cihazların pilot nümunələrinin toplanması, sınaqdan keçirilməsi və istismara verilməsi;
  • ➝ Sistemlər üçün kompleks sınaqların aparılması;
  • ➝ Ölçmə cihazlarıyla əksər cihaz və avadanıqların (məişət əşyalarından sənaye cihazlarına qədər) yoxlanılması;
  • ➝ Texnoloji proseslərin metroloji dəstəyinin təşkili, məhsulların keyfiyyətinə nəzarətin standart metodlarından istifadə;
  • ➝ Ölçmə və müşahidələr aparmaq, davam edən tədqiqatların təsvirini tərtib etmək, icmallar, hesabatlar və elmi nəşrlər tərtib etmək üçün məlumat hazırlamaq;
  • ➝ Yeni məhsulların istehsalına hazırlıq zamanı texnoloji proseslərin dəqiqləşdirilməsində və inkişafında iştirak;
  • ➝ Yeni məhsulların innovativ potensialının qiymətləndirilməsi;
  • ➝ Standart kompüter dəstəkli layihələndirmə və tədqiqat paketləri əsasında proseslərin və obyektlərin riyazi modelləşdirilməsi;
  • ➝ Görülən iş barədə hesabat hazırlamaq, tədqiqat və inkişaf nəticələrinin həyata keçirilməsində iştirak etmək;
  • ➝ Texniki sənədlərin hazırlanması (iş cədvəli, təlimat, plan, smeta, material, avadanlıq və s.), habelə təsdiq edilmiş formalar üzrə müəyyən edilmiş hesabatların hazırlanması;
  • ➝ Ekoloji təhlükəsizliyə riayət olunmasına nəzarət etmək;
  • ➝ Texnoloji intizama riayət olunmasına nəzarət etmək;
  • ➝ Texnoloji avadanlıqlara qulluq;
  • ➝ Elmi – texniki məlumatın, tədqiqat mövzusunda yerli və xarici təcrübənin öyrənilməsi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Qərbi Kaspi Universiteti
  • ➝ Milli Aviasiya Akademiyası

Qeyd: Bundan başqa tələbələrin PLC, SCADA proqramlaşdırmaları üzrə sertifikatları qazanmaları üstünlük kimi qiymətləndirilir.

Bu ixtisas üzrə harada çalışmaq olar

  Müvafiq ölçmə cihazları barədə lazımi biliklərə yiyələndikdən sonra aşağıdakı sahələrdə çalışa bilərlər:

  • ➝ Tibb
  • ➝ Aviasiya
  • ➝ Kosmik
  • ➝ Neft – qaz sənayesi

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Qurğular, sistemlər və komplekslər ilə işləmək bacarıqlarına malik olmaq;
  • ➝ Bacarıqlı olmalıdır: texniki tənzimləmə məsələlərində, beynəlxalq və yerli standartlarda, informasiya texnologiyalarının vasitələri və metodlarında;
  • ➝ Mühəndislik bacarıqları;
  • ➝ Təlimatları dəqiq yerinə yetirmək bacarığını;
  • ➝ Detallara diqqət yetirmək bacarığı;
  • ➝ Yaxşı müşahidə qabiliyyəti;
  • ➝ Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • ➝ Məkan təsəvvürünə malik olmaq;
  • ➝ Məntiqi təfəkkür;
  • ➝ Güclü yaddaş;
  • ➝ Dəqiqlik;
  • ➝ Məsuliyyətlilik.

İxtisasın gələcəyi 

  Növbəti ildən etibarən ixtisas fakültəyə daxil olan digər 2 ixtisasla (“Biotibbi texnologiya mühəndisliyi” və “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi”) birləşəcək və bununla   da “Cihaz mühəndisliyi” ixtisası yaradılacaq və bu sahədə tələbələrdə ilk illərdə hər 3 ixtisas barədə təsəvvür formalaşdırılaraq yuxarı kurslarda öz ixtisas istiqamətlərini seçmələrinə şərait yaradılacaq.

Əmək haqqı

  Əmək haqqı qurumlara görə fərqlilik təşkil edir. Savadlı kadr yerli şirkətlərdə 1500 – 2000 AZN arası, Azərbaycandakı xarici şirkətlərdə isə 6000 -7000 AZN aralığında məvacib ala bilər.