Ekologiya mühəndisliyi ixtisası

Ekologiya mühəndisliyi ixtisası

Ekologiya mühəndisliyi ixtisası

İxtisasın təsviri 

  Ekologiya mühəndisliyi – ətraf mühitin mühafizəsini və təbii sərvətlərin səmərəliliyini təşkil edən və nəzarət edən sahədir. Ekologiya mühəndisləri ərtaf mühitin problemlərinə ekoloji nöqteyi-nəzərindən yanaşırlar. Ümumiyyətlə,ekologiya geniş sahədir. İşlədikləri sahələrə görə gördükləri iş strukturu çox fərqlidir. Ekologiya mühəndisləri tullantıların azaldılması və yaxud onların təkrar istehsalı, istifadəsi sahələrində işləyə bilərlər. Ekologiya mühəndisinin ətraf mühitə, atmosfer qatına, su hövzəsinə, torpaq qatına ziyan vuran bütün halların qarşısını ala bilmək üçün araşdırmalar aparmaq və bu kimi mənfi halların qarşısnı almaq üçün müəyyən cəza tətbiq etmək kimi öhdəlikləri var. Ekologiya mühəndislərinin işi daha çox zavod və fabriklərdən çıxan zəhərli tüstülərin, ekoloji baxımından zərərli hissəciklərin təbiətin ekologiyasına ziyan vurmasını və dənizə axıdılmasının qarşısını almaqdır. Məqsədi texnika ilə ətraf mühit arasındakı münasibətləri harmonizasiya etməkdir. Ekologiya mühəndisliyinin predmetini müəssisə, sənaye kompleksi və yaxud bütöv regionun texnosferi təşkil edə bilər. İxtisas fizika, kimya, biologiya və coğrafiya ilə maraqlananlar üçün uyğundur.

İxtisasın tarixi

  Bu peşənin tarixi eramızdan əvvəllərə dayanmaqdadır. İlk su və kanalizasiya xəttlərinin yaradılması bunun sübutudur. Ancaq XIX əsrə qədər dünyada bu sahə geniş vüsət almamışdır. Joseph Bazalgette Londonda ilk yeraltı kanalizasiya xətlərini dizayn edərək tarixə ilk ekologiya mühəndisi kimi adını yazdırmışdır.1945-ci ildən sonra dünyada müharibənin nəticəsi olaraq ağır ekoloji problemlər yaranmışdır. Bu problemləri aradan qaldırmaq üçün elmə ekoloji baxış termini tam mənasıyla daxil olaraq, istehsalat, xammalın çıxarılması və ətraf mühitdə fəaliyyətlə bağlı proseslərdə ekologiya mühəndislərinin iştirakının təmini həyata keçirilməyə başlanıldı. Müasir dövrdə ekologiya mühəndisliyi yüksək texnoloji inkişaf səviyyəsi vasitəsilə istənilən sahədə aparıcı rola malik olma potensialına malik bir sahə halına gəlmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

Ümumi iş öhdəlikləri:

  • ➝ Çirklənmənin idarə olunması və tullantıların idarə edilməsi üçün texnologiya yaratmaq;
  • ➝ Ekoloji məlumatların toplanması və analiz edilməsi;
  • ➝Ticarət fəaliyyətinin ekoloji təsirlərini müəyyənləşdirmək üçün sahə dəyərləndirmələri həyata keçirmək;
  • ➝ Ətraf mühit üzərində insan təsirlərini araşdırmaq;
  • ➝ Təkrar emal, xalq sağlamlığı, su və hava çirkliliyi də daxil olmaqla ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması;
  • ➝ Bərpa olunan enerji, iqlim dəyişikliyi, qida və su təhlükəsizliyi kimi kritik araşdırma sahələrinin müəyyənləşdirilməsi;
  • ➝ Hava çirkliliyinin idarəetmə sistemlərinin yaradılması kimi ətraf mühitin mühafizəsi layihələrinin həyata keçirilməsi;
  • ➝ Dizayn layihələrinin ətraf mühit və sağlamlıq qaydalarına uyğun olmasını təmin etmək.

Yerli  bazarda fəaliyyət göstərən şirkətlərdəki iş öhdəlikləri isə aşağıdakı kimidir:

  • ➝ Ətraf mühitin mühafizəsi qaydalarının və tətbiqlərinin inkişaf etdirilməsi və tətbiq edilməsi;
  • ➝ Ekoloji hesabatların yaradılması və rəhbərliyə təqdim edilməsi;
  • ➝ Kimyəvi sızmalar kimi ekoloji hadisələrə dərhal cavab vermək üçün fövqəladə cavab tədbirlər qrupu ilə işlənilməsi;
  • ➝ Ekoloji təhlükəsizliyin  pozulması ilə bağlı cəzaların və lisenziyaların verilməsi, saxlanılması, dəyişdirilməsi, yenilənməsi;
  • ➝ Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
  • ➝ Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların aparılması;
  • ➝ Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
  • ➝ Tullantıların xaric edilməsi və çirklənmə nəzarət proqramlarına nəzarət edilməsi;
  • ➝ Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması.

Harada bu ixtisasa sahiblənmək olar? 

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti 
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti 
  • ➝ Azərbaycan Kooperasiya Universiteti
  • ➝ Bakı Mühəndislik Universiteti 
  • ➝ Milli Aviasiya Akademiyası 
  • ➝ Naxçıvan Dövlət Universiteti 
  • ➝ Gəncə Dövlət Universiteti 
  • ➝ Mingəçevir Dövlət Universiteti 
  • ➝ Sumqayıt Dövlət Universiteti 

Bu ixtisas üzrə harada çalışmaq olar ?

  • ➝ Ekologiya və Təbii Sərvətlər Nazirliyində;
  • ➝ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində;
  • ➝ Azərbaycan Müdafiə Sənayesi Nazirliyi;
  • ➝ Fövqəladə Hallar Nazirliyi( müvafiq spesifikasiyalara cavab verməklə);
  • ➝ Energetika Nazirliyinin tabeli qurumları ;
  • ➝ Neft və kimya sənayesi şirkətlərində (SOCAR, BP və s.kimi);
  • ➝ Dağ-mədən fəaliyyəti göstərən şirkətlərdə (Azərgold və s.);
  • ➝ Tullantıların təmizlənməsi ilə məşğul olan bütün şirkətlərdə;
  • ➝ Xüsusi təlim mərkəzlərində;
  • ➝ Laboratoriyalarda ;
  • ➝ Digər adı çəkilməyən müxtəlif sektorlarda, yerli və xarici şirkətlərdə.

Bu ixtisas üzrə lazım olan  bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İlk növbədə sahə üzrə təhsilə və zəruri nəzəri-praktiki biliklərə malik olmalı;
  • ➝ Səriştəlilik meyyarına uyğun olmalı;
  • ➝ Yüksək müşahidə,təhlil və proqnozlaşdırma bacarıqlarına sahib olmalı;
  • ➝ Sahə üzrə beynəlxalq sertifikasiya dərəcələrinə malik olmaq  üstünlükdür; 
  • ➝ Komputer bilikləri( Microsoft Office, Microsoft Project,  AutoCad,  3Dmax,  Revit) və bununla yanaşı GPS sistemləri ilə işləməyi bacarmaq;
  • ➝ Ətraf mühitin mühafizəsinə dair qanunvericilikləri bilməli;
  • ➝ Azərbaycan Respublikasının «Meşə məcəlləsi»
  • ➝ Azərbaycan Respublikasının «Su məcəlləsi» haqqında
  • ➝ «Yerin təki haqqında»
  • ➝ «Ətraf mühitin mühafizəsi haqqında»
  • ➝ «Ekoloji təhlükəsizlik haqqında»
  • ➝ Azərbaycan Respublikasının «Torpaq məcəlləsi»
  • ➝ «Atmosfer havasının mühafızəsi haqqında»
  • ➝ «Yaşıllıqların mühafizəsi haqqında»
  • ➝ «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında»
  • ➝ Ətraf mühitin risklərini hesablamaq üçün yerli və beynəlxalq standartları bilməli(AZstandart, ISO 9001, ISO 14001, Qostlar)
  • ➝ Risk analizi metodlarını bilməli (hansı metodlardan istifadə etməli olduğunu);
  • ➝ Ekoloji normativ sənədlərin hazırlanması və tədbirlər sisteminin həyata keçirilməsi prinsiplərini bilməli;
  • ➝ Düzəldici və önləyici tədbirlər planını hazırlamağı bacarmalıdır.

İxtisasın gələcəyi

   Keçmişdən XX əsrin əvvəllərinə kimi insanlar təbiətdən istifadə edərkən onların özünü bərpa potensialını hesaba qatmamışdılar və qarşısı alınmaz istehlak həcmi ətraf təbii mühitin dağılmasına, strukturunun pozulmasına və çirklənməsinə gətirib çıxartmışdır.

  Bugünkü ekoloji vəziyyət dünyanın ən qlobal problemlərindən biridir və ekoloji problemlər günü-gündən artmaqda davam edir. Artmaqda olan problemlərin həlli üçün hər zaman həll yolu axtaran mütəxəssis heyyəti lazımdır ki, bu mütəxəssislər də ekoloqlar və ekologiya mühəndisləridir.   Azərbaycanda da ekologiya sahəsində təhsil alan və ixtisasını təkmilləşdirən şəxslərə tələbat böyükdür və sahənin ölkəmizdəki perspektivi olduqca böyükdür.

Əmək haqqı

  Dövlət qulluğunda çalışan şəxslər ilə özəl şirkətlərdə çalışan şəxlərin əmək haqqısı fərqlilik göstərməkdədir. Həmçinin əmək haqqının təyinində peşə sahiblərinin seçəcəyi sahə üzrə staj, spesifikasiya və s. kimi məsələlər nəzərə alındığı üçün konkret rəqəm yazmaq doğru olmaz.