Geologiya mühəndisliyi ixtisasında neft və qaz geologiyası sahəsində karbohidrogenlərin yer qabığında paylanma xüsusiyyətlərini, onların yataqlar təşkil etmə qanunauyğunluqlarını, onların axtarışına, kəşfiyyatına və işlənilməsinə dair məsələ və problemləri həll etməklə məşğul olan fənlər tədris olunur. Bu ixtisas özlüyündə 2 ixtisaslaşmaya – Axtarış – kəşfiyyat geologiyası və Mədən geologiyasına – ayrılır. İxtisaslaşma, əsasən, magistr və daha yüksək elmi dərəcələrdə təhsil almaq istəyən tələbələr üçündür. Axtarış – kəşfiyyat geologiyası – neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və onların qarşısında duran məsələləri öyrənən elm sahəsidir. Mədən geologiyası – neft və qazın necə istismar olunmasını, bu zaman qarşıya çıxa biləcək problemlərin həllini öyrənən elm sahəsidir. Geologiya mühəndisliyi ixtisasında Ümumi geologiya, Struktur geologiya, Neft – qaz geologiyası, Mədən geologiyası, Axtarış – kəşfiyyat geologiyası, Hidrogeologiya, Geodinamika, Geofiziki tədqiqat üsulları, Azərbaycan geologiyası və s. kimi fənlər tədris olunur. Fizika, coğrafiya və rəsmxət ilə maraqlananlar üçün uyğun peşədir.
Qədim zamanlardan neft insanlara məlum olub. Əvvəllər yerüstü çıxışlar vasitəsilə tapılan neft, sonradan yerin dərin qatlarında axtarılmağa başlanmışdır. Burada ən mühüm məsələlərdən biri neftin yerin dərinliklərində harada yerləşdiyini müəyyənləşdirməkdir. Bunun üçün Yerin xüsusiyyətlərini öyrənmək tələb olunur. Bu işlə geoloqlar məşğul olurlar. Zaman keçdikcə geoloqlar nəinki neftin axtarışında iştirak etmiş, həmçinin qazmada və mədəndə də çalışmışlar.
Geologiya mühəndisliyi ixtisasını bitirənlər axtarış, qazma və mədən geoloqu kimi işləyə bilirlər.
Ümumilikdə, Geologiya mühəndisliyi ixtisasını bitirən tələbələr Mədən geoloqu, Axtarış – kəşfiyyat geoloqu, həmçinin Qazma geoloqu kimi peşələrdə iş tapa bilirlər. Bunu da qeyd etmək lazımdır ki, Geofizika mühəndisliyi ixtisasını bitirən şəxslər geologiyaya aid ixtisaslarda, eləcə də Geologiya mühəndisliyi ixtisasını bitirən şəxslər də Geofizikaya aid peşələrdə çalışa bilirlər.
Son illərdə Socar bu baxımdan fərqli yanaşma irəli sürür. Amma xarici neft şirkətləri əvvəlki kimi Geologiya, geofizika mühəndisliyi ixtisaslarını bitirənləri qarşılıqlı şəkildə işlə təmin edə bilirlər. Xarici neft şirkətlərində Geologiya mühəndisliyi ixtisasını bitirənlər, əsasən, Mud logger ixtisası üzrə işləyirlər.
Dünyada olan neft ehtiyatının tükənməsi ilə bağlə fikirlər çox uzun illərdən bəri səsləndirilir. Lakin nə qədər ki, neft var və onu istismar etmək lazımdır, geoloqlara da ehtiyac olacaqdır. Həmçinin, geoloqlar digər faydalı qazıntıların axtarışında da çalışa bilirlər.
Neft sənayesində əmək haqqları 500 – 2500 AZN arasında dəyişir. Xarici şirkətlərdə bu miqdar arta, universitetlərdə, AMEA – da isə nisbətən azala bilər.