Hüquqşünaslıq ixtisası

Hüquqşünaslıq ixtisası

Hüquqşünaslıq ixtisası

İxtisasın  təsviri

   Bu sahə insanlığın qədim peşələrindən biri kimi qəbul edilir. Adından da göründüyü kimi, hüquqşünas hüquq müdafiəçisidir. Hüquqşünaslıq bəzi xüsusiyyətlərinə görə digər ixtisaslardan fərqlənir. Əvvəla, hüquqşünas olmaq üzərinə böyük bir məsuliyyət götürmək tələb edir. Sadəcə gəlir əldə etmək üçün bu sahəni seçən şəxs böyük uğur əldə edə bilməz. Hüquqşünas bəzən hüquqlarını müdafiə etdiyi şəxsin bütün problemlərini öz üzərinə götürməyi bacarmalıdır. Hüquq sistemi və qanunvericilik daim dəyişib inkişaf etdiyindən hüquqşünas da daim öz üzərində işləməlidir. Hüquqşünaslıq çox geniş fəaliyyət sahəsini nəzərdə tutur. Hüquqşünas anlayışına əsasən bir sıra peşələr var: vəkil, hakim, prokuror, notarius, hüquq məsləhətçisi, müstəntiq. Hamısını qanunlar və hüquq normaları haqqında bilikləri birləşdirir. Hüquqşünas, hüquq bazası haqqında məlumatı yaxşı bilən bir mütəxəssisdir. Onlar əsaslı sübutlar və dəlillər toplayır və bunun əsasında qərar verirlər. Bu sahə o qədər genişdir ki, hüquqşünaslar əsas diqqət mərkəzlərinə görə təsnif edilirlər. Müdafiəçi, ittihamçı, ekspert, professor və hakim kimi çıxış edirlər. Sahə hüquq və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur.

İxtisasın tarixi

   Hüquqşünaslıq peşəsinin tarixi haqqında dəqiq məlumat vermək çox çətindir. Bildiyimiz kimi, hüquqşünas hüquq müdafiəçisidir və hələ qədim dövrdən insanların hüquqlarının müdafiə olunmasına zərurət yaranmışdır. Hüquqşünaslığın təməlinin qədim Romada qoyulduğu güman edilir və günümüzə qədər müxtəlif yollardan keçərək inkişaf edib və etməkdə davam edir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

   Adından da göründüyü kimi, hüquqşünas hüquq müdafiəçisidir. İşlədiyi sahədən və vəzifəsindən asılı olaraq hüquqşünasın gördüyü işlər dəyişə bilər. Belə ki, fiziki və hüquqi şəxslərin (müəssisələr, təşkilatlar, korperativ şirkətlər və s.) hüquqlarını və mənafelərini qorumalı, lazım gəldikdə bunun üçün məhkəmədə çıxış etməli, danışıqlar aparmalı, lazımi sənədləri (ərizələr, şikayətlər, müqavilələr və s.) hazırlamağı bacarmalıdır.

Gördüyü işləri belə də sıralamaq olar :

  • ➝ Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • ➝ Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən edilmiş vaxt ərzində cavabların hazırlanması;
  • ➝ Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsatətlər və s. ) və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
  • ➝ Müqavilələrin tərtib edilməsi, təhlili, müqavilə üzrə risklərin qiymətləndirilməsi, müqavilə danışıqlarında iştirak etmək;
  • ➝ Hüquqi tədqiqat;
  • ➝ İcraatında olan işlərlə bağlı aidiyyəti olduğu dövlət, bələdiyyə və məhkəmə orqanlarına müraciətlərin hazırlanması, həmin orqanlara təqdim etmək məqsədi ilə zəruri sənədlərin toplanması və şirkətin həmin orqanlarda təmsil edilməsi;
  • ➝ Şirkətin hüquqi sənədlərinin tərtib edilməsində iştirak etmək;
  • ➝ Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəltmək və məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarları icra etmək;
  • ➝ Digər departament və şöbələrdən daxil olan hüquqi məsələləri həll etmək və ya rəy vermək;
  • ➝ Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ ADA Universiteti
  • ➝ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
  • ➝ Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik akademiyası
  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Milli Aviasiya Akademiyası
  • ➝ Naxçıvan Dövlət Universiteti

   Bakalavr təhsilini başqa ixtisas üzrə almış şəxs magistr təhsilini hüquq üzrə ala bilməz! Bunun üçün ikinci təhsil kimi (qiyabi təhsil də mövcuddur) hüquq fakültəsinə qəbul olmaq şərtdir. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən diplomunun tanındığı xarici ölkə universitetlərində də təhsil almaq olar. Azərbaycanda roman-german hüquq sistemi olduğundan anqlo-saksan hüquq sisteminə malik olan ölkələrdə (məsələn, İngiltərə) təhsil almaq tövsiyə olunmur. Çünki öyrənəcəklərinizin əksəriyyətinin ölkəmizdə tətbiqi mümkün deyil.

Bu ixtisas üzrə harada çalışmaq olar?

Digər sahələr kimi hüquq sahəsini də dövlət və özəl olmaqla, 2 hissəyə ayırmaq olar.

  • ➝ Dövlət sektorunda çalışmaq istəyən şəxslər istədiyi orqanın (DİN, prokurorluq, məhkəmə (dövlət qulluğu), vəkillik, gömrük, ədliyyə, vergi) qəbulla bağlı keçirdiyi müsabiqədən (imtahandan) müvafiq balı toplayaraq keçməklə müəyyən işə qəbul ola bilər.
  • ➝ Özəl sektorda (hüquq şirkətləri, banklar, xarici və yerli korperativ şirkətlər və s.) işə qəbul olmaq üçün parlaq rezumeyə (CV), o cümlədən, müəyyən bilik və bacarıqlara, təcrübəyə, dil biliklərinə malik olmaq lazımdır.

Hal-hazırda bu ixtisası müvəffəqiyyətlə bitirmiş məzunlar:

  • ➝ Məhkəmə
  • ➝ Ədliyyə
  • ➝ Prokurorluq
  • ➝ Nazirliklər və digər hüquq mühafizə orqanlarında, o cümlədən müxtəlif şirkət və müəssisələrdə çalışırlar.

  Hərbi hüquqşünas – hərbi sahədə xidmət edən hüquq təhsilli hüquqşünaslardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi hüquqşünaslar hərbi prokurorluqda, Silahlı Qüvvələrin hüquq idarələrində, Ali Hərbi Məktəblərin müvafiq kafedralarında müəllim kimi xidmət edirlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

 Bu sahədə çalışmaq üçün universitetin öyrədəcəyi biliklərdən əlavə bir sıra bacarıqlara da malik olmaq zəruridir.

  • ➝ Azərbaycan Respublikasının Konstitusiyasını, mülki, mülki prosessual, cinayət, cinayət prosessual, inzibati xətalar və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi mükəmməl səviyyədə bilməli;
  • ➝ Yaxşı səviyyədə tədqiqat apara bilmək;
  • ➝ Səlis nitq qabiliyyəti və yazı yazmaq bacarığı;
  • ➝ İnandırma bacarığı;
  • ➝ Təqdimat bacarığı;
  • ➝ Yüksək analitik düşünmə bacarığı;
  • ➝ Gərgin iş rejimində işləmək bacarığı;
  • ➝ Operativlik;
  • ➝ Problemləri həll etmə bacarığı;
  • ➝ Cəld, dəqiq və düzgün qərarvermə bacarığı;
  • ➝ İşgüzar yazışma əsaslarını bilməli;
  • ➝ Peşəkar ünsiyyət psixologiyasını bilməli;
  • ➝ Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməli;
  • ➝ Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalı;
  • ➝ Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməl;
  • ➝ Kompüter bilikləri üzrə: MS Office Word, Excel və Outlook proqramlarını mükəmməl bilməlidir;
  • ➝ Dürüst, vicdanlı olmalı;
  • ➝ Stresədavamlı olmalı;
  • ➝ Məsuliyyətli olmalı;
  • ➝ Öz üzərində daima çalışmaq.

İxtisasın gələcəyi

  Ölkəmizdə hüquq sahəsinin gündən-günə inkişaf etməsi, hüquqşünasa daha çox ehtiyac duyulması, yeni şirkətlərin açılması və hüquqşünaslara müraciətlərin çoxalması peşənin gələcəyi barədə müsbət xəbər verir.

Əmək haqqı

  Əməkhaqqı fəaliyyət sahədən asılı olaraq olduqca dəyişkəndir. Aylıq nə qədər gəlir əldə etməsi də peşə sahibindən asılıdır. Hələ ki, ən aşağı əmək haqqı məhkəmə işçilərində müşahidə olunur (300 AZN təqribən). Digər orqanlar və əksər özəl sektorlarda əmək haqqı 600 – 2000 AZN aralığındadır.  Bəzi sahələrdə rüsumlardan əldə olunan gəlirin müəyyən faizi aylıq əmək haqqının üzərinə əlavə olunur. Vəkilin aylıq qazancı isə sərbəstdir. Gördüyü işdən asılı olaraq çox böyük məbləğ də əldə edə bilər.