İctimai səhiyyə ixtisası əhali arasında yayılmış infeksiyaları, mikrobları və epidemiyaları araşdırır. Onların əhali arasında yayılma səbəblərini öyrənir və yaranmış vəziyyətə qarşı mübarizə üsullarını tapmağa çalışır. Epidemiyaların olduğu əraziləri dəqiqləşdirir, ilk olaraq həmin ərazilərdə profilaktik işlərin tətbiqinə başlayır, insanların sağlamlığının qorunması üçün lazımlı tədbirlər görür. Həmçinin klinika və özəl xəstəxanalarda qan analizlərinin aparılması, sidikdən, spermadan, nəcisdən götürülmüş nümunələrin analizlərinin aparılmasını həyata keçirir. Qanda eçs-ı (eritrostlərin çökmə sürətini) müəyyənləşdirir. Bakalavr təhsilini bitirdikdən sonra rezidenturada laboratoriya həkimi təhsili aldıqda bu araşdırmalar sahəsində mütəxəssisləşmiş olurlar.
İxtisasın tarixi
Azərbaycan Tibb İnstitutu təşkil edilərkən (1930 – cu il) onun fakültələrindən biri sanitariya – profilaktika fakültəsi olmuşdur. İlk illər ərzində bu fakültədə qida gigiyenası, mənzil – komunal gigiyena, istehsalat müəssisələrinin sanitariya və epidemiologiya üzrə mütəxəssislər hazırlanırdı.1932- ci ildə institutda tropik təbabət fakültəsi təşkil edilmiş və 1933 – cü ildə həmin fakültə sanitariya-profilktika fakültəsi ilə birləşdirilmişdir. Birləşmiş fakültə sanitar-gigiyena fakültəsi adlandırılmışdır. Fakültəyə 1991- ci ildə fakültə “Tibbi profilaktika fakültəsi”,2017 -ci ildə isə yenidən dəyişdirilərək “İctimai Səhiyyə fakültəsi” adı verilmişdir.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri )
İxtisas sahibi 6 illik baza(bakalavr) təhsilini bitirdikdən sonra rezidenturaya qəbul olur ki, rezidentura təhsili də bir neçə ixtisasa tam olaraq ayrılır:
➝ Laboratoriya işi – klinika və laboratoriyalarda müxtəlif analizlərin aparılması, qanın, sidiyin, nəcisin və.s tərkibində olan maddələrin miqdarının normallılığının müəyyənləşdirilməsi.
➝ Mikrobiologiya – mikrobioloji analizlərin aparılması ilə məşğul olur. Xəstədən götürülmüş yaxmada (üzərində analizlərin aparıldığı xəstədən götürülən material) mikrobioloqun apardığı analizlər nəticəsində tərkibində hansı bakteriyaların olduğunu müəyyən olunur. Bu iş laboratoriya şəraitində aparılsa da, həmin sahənin mütəxəssislərinə mikrobioloq deyilir.
➝ Yoluxucu xəstəliklər – bu sahə üzrə ixtisaslaşmaq üçün bakalavr təhsilindən sonra əlavə 4 il müddətində ixtisaslaşmaq lazımdır. İnfeksiyalara yoluxmuş insanların müalicə, müayinəsi ilə məşğul olurlar .Qripdən tutmuş QİÇS, hepatitə kimi bütün növ infeksiya xəstəliklərinin müalicəsi üzərində çalışırlar.
➝ Epidemioloq – bu sahə üzrə çalışan insanlar respublika üzrə epidemioloji xəstəliklərə nəzarət edirlər. Onların statistikasını aparır,qarşısını almaq yollarını öyrənənək həmin xəstəlikləri nəzarətdə saxlamağa çalışırlar. Əsasən, xarici səviyyəli ixtisasdır və hal-hazırda bizdə bu ixtisasa maraq nisbətən azdır.
➝ Gigiyenist – bu ixtisas sahibləri gigiyena epidemologiya mərkəzlərində çalışırlar. Ölkəyə gələn və ölkədədən xaricə çıxan hər şeyə nəzarət edir,qida dəyərinin normallığını yoxlayırlar (qida,su,çörək və.s.) Bu ixtisas üzrə də maraq azdır, çünki qida texnologiyası sahəsi olduğu üçün tibbdə təhsil almış tələbələr bu sahə üzrə işləməyə üstünlük vermirlər.
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Azərbaycan Tibb Universiteti
➝ Naxçıvan Dövlət Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
➝ Xəstəxana və laboratoriyalarda
➝ Laborant həkim
➝ Mikrobioloq
➝ Yoluxucu xəstəliklər üzrə mütəxəssis
➝ Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
➝ AQTAda (Azərbaycan Qida Təhlükəsizliyi Agenti) müvafiq işlərdə çalışa bilərlər.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ Laboratoriyalarda çalışan həkim analizlər üçün istifadə olunacaq kimyəvi maddələrdən düzgün istifadəni öyrənməlidir.
➝ Kimyanı yaxşı bilməlidir. Maddələrdən düzgün və yerində istifadəni bacarmalıdır.
➝ Nəticələrin düzgün alınması üçün analizlərin aparılma ardıcıllığında səhvin yol verilməməsinə ciddiyətlə yanaşmalıdır.
➝ İnsandan götürülən analizlərdə qan, tüpürcək, sidik, nəcis və s.dən istifadə olunduğuna görə həmin maddələrlə işləməyə vərdiş etməlidir.
➝ İş zamanı həmçinin şəxsi gigiyenasına da nəzarət etməlidir. Bu həm şəxsi, həm xəstələrin, həm də eyni şəraitdə çalışan insanların sağlamlığı üçün vacibdir.
İxtisasın gələcəyi
Ölkəmizdə, həmçinin dünyada epidemiyaların, virusların və müxtəlif xəstəliklərin sayının durmadan artması bu sahədə çalışan mütəxəssislərin də sayının artmasına ehtiyac yaradır. Əvvəl bu sahə üzrə Azərbaycanda təhsil aldıqdan sonra xaricdə davam etdirmək mümkün olmadığı halda, artıq bu mütəxəssislərə ehtiyac duyulduğuna görə xariclə əlaqəsinin yaradılması üzərində çoxsaylı işlər aparılır.
Əmək haqqı
Dövlət xəstəxana və klinikalarında ixtisaslaşmış şəxslər üçün məvaciblər 300 – 350 AZN – dən başlayır. Özəl klinika və xəstəxanalarda çalışanlar üçün isə bu məbləğ 500 – 600 AZN civarındadır, öz şəxsi klinika və laboratoriyalarını quranlar üçün isə 2000 – 3000 AZN aralığındadır.
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.